Məhkəmə qərarları › İş №2(104)-654/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-654/2024

13.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-654/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı ilk iddiasına dair, Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin geri qaytarılması və pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı4, eyni zamanda İddiaçı2 nümayəndəsi, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin istifadələrinə qaytarılması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(061)- 1192/2023 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağa Mülkiyyət Hüququna dair JN 0056 KOD 61100058 olan Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 və Cavadova (Ağayeva) Aynurə Çingiz qızının mülkiyyətinə Tərtər rayonu Seydimli kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.18 ha torpaq sahəsi verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X4 Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 və İddiaçı4 adına ümumibirgə mülkiyyət hüququ əsasında Tərtər rayon Seydimli kəndində 1.1804 ha torpaq sahəsi qeydiyyata alınmışdır.

3. Təqdim etdiyi və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən DSK-dəki səs yazılarından görünür ki, tərəflər arasında məsələ ilə bağlı qarışıq səsdən ibarət danışıqlar olsa da, iddiaların həlli üçün hər hansı bir hüquqi əhəmiyyətli hal aşkar olunmur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN- 0056 saylı dövlət aktı əsasında onlara verilmiş və xüsusi mülkiyyətlərində olan 1.18 ha pay totrpaq sahəsindən Cavabdeh çıxarılması və pay torpaq sahəsinin onların istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə Tərtər rayonu Seydimli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.18 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN 0056 KOD 61100058 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Əvvəllər maddi imkanları olmadığı üçün torpaqdan lazımınca istifadə edə bilməmişlər. Ona görə də 2008-ci ildə həmin torpaq sahəsini aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmadan, şifahi razılaşmaya əsasən Cavabdeh 800 manata satmışdır. Bu zaman digər ailə üzlərinin razılığını almamışdır. Həmin vaxtdan sözügedən 1.18 ha torpaq sahəsindən Cavabdeh istifadə edir. Hazırda torpaq sahəsini özləri əkib-becərmək istəyir. Ona görə də Cavabdeh həmin torpaq sahəsindən çıxmasını tələb etmişdir. Lakin, Cavabdeh sözügedən torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Cavabdeh həmin torpaq sahəsindən könüllü şəkildə çıxmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh sözügedən torpağa görə ona 6200 manat deyil, 800 manat pul vermişdir. Həmin 800 manat pulu qaytarmağa razıdır. Ona görə də ilk iddianın təmin edilməsini, qarşlıqlı iddianın isə qismən, yəni 800 manat qaytarmaq şərti ilə təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən şifahi razılaşma əsasında ona satmış olduqları 1.18 ha pay torpaq sahəsinin ondan alacaqları təqdirdə 6200 manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qonşu kənd sakini kimi əvvəlcədən tanımışdır. Sözügedən 1.18 ha torpaq sahəsini aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmasa da İddiaçı1 2015-ci ildə həmişəlik almışdır. 6000 manata razılaşalar da, İddiaçı1 4800 manat pul vermişdir. Bundan başqa torpağa 1000 manatdan çox peyn vermişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsini özü istifadə edir.

8. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(061)-1192/2023 nömrəli qətnaməsi (hakim Tahir Qubadov) ilə, ilkin iddianın təmin edilməsi, Əliyev X2 Mülkiyyət Hüququna dair JN 0056 KOD 61100058 olan Dövlət Aktı əsasında ilk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilmiş və xüsusi mülkiyyətlərində olan 1.18 ha pay torpaq sahəsindən çıxarılması və həmin pay torpaq sahəsi ilk iddiaçıların istifadəsinə qaytarılması, ilk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 800 manat pul alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “6200 manat pul tələbi”nə qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 152.1, 157.2, 213.1, 213.2, 213.6, 337.1, 337.5, 386.1, 389.1 və 394-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 216–220 və 360cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(061)-1192/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə vəsatət versə də, ümumiyyətlə vəsatətə hüquqi qiymət verməmiş və əhəmiyyətli halı aydınlaşdırmamışdır. İş materillarına əlavə etdiyi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN-0056 saylı, KOD 61100058 saylı Dövlət Aktının əslinin arxa tərəfində xx.xx.2004-cü il tarixdə Seydimli kənd İcra Nümayəndəsinin möhürü ilə təsdiq edilmiş hazırki iş üzrə iddiaçılarla X3 arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, sözügedən torpaq sahəsi 3.000 ABŞ dollarına Asif Məmmədova satılmışdır. Sadaladığı hallar onu sübut edir ki, hazırki iş üzrə iddiaçılar bir neçə şəxsə eyni torpaq sahəsini satmaqla, qanunsuz qazanc əldə etmişlər. Həm də həmin torpağın dəyəri 2004-cü ildə 3.000 ABŞ dolları təşkil edirsə, onda həqiqətən də 2015-ci ildə torpağın dəyəri ən azı 4.800 manat təşkil edər. Hakimi aldadaraq 4.800 manat əvəzinə, guya 800 manat pul verməyi saxtakarlıqdır. Əlavə edir ki, həmin torpaq sahəsini aldıqdan sonra, xeyli işlər görərək əlavə 400 manat xərci çıxmışdır. Hansı ki, Azərbaycan Respublikasının MM-nin tələbinə görə öz yaxşılaşdırmalarını apara bilmədikdə sahib mülkiyətçidən çəkdiyi xərcin əvəzini tələb edə bilər. Onu da bildirir ki, işə baxan hakim torpaq sahəsinin alqı-satqısı üçün onun verdiyi pul vəsaitinin qaytarılmasını, onun həmin torpaq sahəmdən çıxmağı ilə eyni zamanda icra edilməsi barədə qətnamədə hər hansı qeyd qoymamışdır. Sadalananlara əsasən hesab edir ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli, bundan başqa ilk iddiaçılardan onun xeyrinə 6.200 manat pul vəsaiti tutulmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı4, eyni zamanda İddiaçı2 nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

20. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

21. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

30. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

31. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.

33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

38. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

39. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

40. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

41. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

42. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

53. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

56. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

58. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(061)-1192/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Beləliklə, işin halları ondan ibarətdir ki, Tərtər rayonu Aqar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə hazırkı ilk iddia üzrə iddiaçıların və onların digər ailə üzvlərinin mülkiyyətinə Tərtər rayonu Seydimli kəndi ərazsində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.18 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN 0056 KOD 61100058 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi üzərində ilkin iddia üzrə iddiaçıların və digər ailə üzvlərinin mülkiyyət hüquqları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. İlk iddiaçılar əvvəllər maddi imkanları olmadığı üçün torpaqdan lazımınca istifadə edə bilməmişlər. Ona görə də ilk iddia üzrə İddiaçı1 digər mülkiyyətçilərin (digər ailə üzvlərinin) razılığını almadan ilk iddia üzrə iddiaçıların bildirməsinə görə 2008-ci ildə, qarşılıqlı iddiaçının bildirməsinə görə isə 2015-ci ildə həmin torpaq sahəsini aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmadan, şifahi razılaşmaya əsasən Cavabdeh satmışdır. Həmin vaxtdan sözügedən 1.18 ha torpaq sahəsindən hazırkı qarşılıqlı iddiaçı Cavabdeh istifadə edir. Hazırda torpaq sahəsini özləri əkib-becərmək istədikləri üçün ilk iddiaçılar Cavabdeh həmin torpaq sahəsindən çıxmasını tələb etmişlər. Lakin, Cavabdeh sözügedən torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Cavabdeh həmin torpaq sahəsindən könüllü şəkildə çıxmadığı üçün ilk iddiaçılar hazırkı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. O cümlədən Cavabdeh ilk iddiaçılarla razılaşmayaraq hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.

61. Məhkəmə kollegiyası göstərir ki, birinci növbədə ilk iddia tələbinə hüquqi qiymət verilməlidir.

62. Bu baxımdan qeyd olunmalıdır ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

63. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur.

64. Əqdin tərifi Mülki Məcəllənin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

66. Əqdlərin formasına və məzmununa dair bilavasitə Mülki Məcəllə ilə müəyyən tələblər nəzərdə tutulmuşdur. Bu cür tələblər Mülki Məcəllənin müxtəlif normalarında müəyyən olunmuşdur. Məsələn, müqavilənin forması ilə bağlı Mülki Məcəllənin 329.2-cu maddəsinə göstərilir ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

67. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər (35-36&).

68. Müqavilənin forma və məzmunu ilə bağlı qanunun tələblərinə əməl olunması yoxlanılarkən əvvəlcə mübahisələndirilən müqavilənin növü müəyyən olunmalıdır. Baxılan işdə mübahisələndirilən müqavilə daşınmaz əmlakın alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinin anlayışı Mülki Məcəllənin 567-ci maddəsində açıqlanaraq göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

69. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

70. Mülki dövriyyədə müəyyən növ müqavilələrin formalarını qanun birbaşa müəyyən etmişdir. Daşınmaz əmlakın dövriyyəsi ilə bağlı əqdlər də bu kateqoriyaya aiddir. Qanunvericilik, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı müqavilələrin forması kimi onların yazılı şəkildə bağlanması və notarial qaydada təsdiqlənməli olduğunu müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

71. Mülki Məcəllənin 394-cü maddəsinin tələbinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

72. Göründüyü kimi, qanunvericilik daşınmaz əmlaka dair əqdlərin bağlanma formasını dəqiq tənzimləyərək bu cür müqavilələrin yazılı şəkildə tərtib olunmasını və notariat qaydada təsdiqlənməsini tələb edir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nın 11 iyul 2003-cü il tarixli qərarının yoxlanılmasına dair» 04 dekabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, alğı-satqı müqaviləsi əqdlərin bir növüdür. Müqavilə bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) zəruridir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alğısatqı müqaviləsi yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.

74. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı xx.xx.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur.

75. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünüdüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin notariat qaydasında təsdiqlənməsi sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

76. İşin faktiki hallarından görünür ki, ilk iddia üzrə İddiaçı1 digər mülkiyyətçilərin (digər ailə üzvlərinin) razılığını almadan həmin torpaq sahəsini aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmadan, şifahi razılaşmaya əsasən Cavabdeh satmışdır. Həmin vaxtdan sözügedən 1.18 ha torpaq sahəsindən hazırkı ilk iddia üzrə Cavabdeh istifadə edir. Həmin torpaq sahəsinin ilk iddia üzrə iddiaçıların izahatı və birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadəsi ilə 800 manata satılması müəyyən edilmişdir.

77. Qeyd olunanlara görə kollegiya göstərir ki, tərəflər (İddiaçı1 və Cavabdeh) arasında bağlanmış alğı-satqı müqaviləsi şifahi formada olmuş və notarial qaydasında təsdiqlənməmişdir. Belə olan halda isə Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, həmin müqavilənin etibarsızlığına səbəb olur.

78. Belə ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (30&).

79. Məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən aslı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlı məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında izah verilmişdir. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı bir məcburi forma nəzərdə tutulmadığına görə əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.

80. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığı nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi andan həmin əqd mübahisələndirilmiş olur.

81. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin hüquqi mövqeyindən görünür ki, müqavilənin etibarsız sayılması barədə tələbin olubolmamasından aslı olmayaraq, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı cavabdehə iradə ifadəsini bildirməsi nəzərə alınmaqla, məhkəmə müqavilənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticəni tətbiq etməlidir.

83. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik daşınmaz əmlakın üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

84. Bundan əlavə, ilk iddia üzrə iddiaçılar mübahisəli torpaq sahəsinin mülkiyyətiçisdirlər və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

85. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

86. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

87. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

88. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələri).

89. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.

90. Qarşılıqlı iddia tələbi isə ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin əkilməsi üçün hazırki vəziyyətə gətirilməsinə görə 1000 manat xərc çəkməsi (peyin verməsi), torpaq sahəsinin alğı-satqısına görə ilk iddiaçılara 4800 manat pul verməsini və digər xərclərlə birlikdə 6.200 manat pulun verilməsini iddia edir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

91. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

92. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

93. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

94. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

95. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

96. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

97. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

98. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

99. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

100. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

101. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

102. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

103. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

104. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

105. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(061)-1192/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar