Məhkəmə qərarları › İş №2(104)-655/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-655/2023

23.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-655/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və qeyrilərinin Cavabdeh2 və qeyrisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (su xəttinin bərpa edilməsi və maneənin aradan qaldırılması hüququ) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı5 və Cavabdeh2 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1012/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Gədəbəy rayonu, Çanaqçı kəndində yerləşən Qozdərəli adlanan sahəyə baxış zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində “Qozdərəli” adlandırılan sahədən həm iddiaçılar, həm də cavabdehlərin istifadə etdikləri mənbələr var. İddiaçıların iddia etdikləri su mənbəyinə gələn plastik boru açılmışdır. Həmin mənbələrdən həm iddiaçıların, həm də cavabdehlərin həyətinə gedən borularda suyun olması müəyyən edilmişdir.

2. Gədəbəy Rayon Nərimankənd Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, Çanaqçı kənd sakini Hacıyeva X1 bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, uzun illər onun və bir qrup Çanaqçı kənd sakinlərinin istifadəsində olan içməli su mənbəyi dağılmışdır. Həmin su mənbəyinin yenidən bərpa olunmasında köməklik etməsini istəmişdir. Həmin su mənbəyinə baxış keçirilən zaman həqiqətən suyun bir hissəsinin əsas mənbədən azaraq kənara axmasını müşahidə etmişdir. Suyun mənbəyinin yenidən təmir və bərpa olunmasına öz razılığını bildirmişdir. Lakin digər Çanaqçı kənd sakinləri Cavabdeh2 və onun bacısı Cavabdeh1 su mənbəyinin bərpa olunmasına imkan verməyəcəklərini, heç bir dəlil və sübut göstərmədən mənbənin onlara məxsus olduğunu bildirmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı içməli su xəttinin bərpa edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 suya edilən maneələrə qadağa qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonunun, Çanaqçı kəndinin 15 nəfər kənd sakininin həyətinə Çanaqçı kəndi ərazisində yerləşən “Qoz dərəli” adlanan sahədə “Məcdin bulağı” adlanan bulaqdan 1964-cü il tarixdə kapron boru ilə həyətlərinə su xətti çəkmişlər. Kəndin 20-ə yaxın ailəsi həmin sudan 1964-cü il tarixdən hazırki tarixədək istifadə edirlər. Həmin bulağın şimal hissəsindən çıxan digər bulağı isə onların razılığı əsasında 30 il bundan öncə cavabdehlərin atası Əşrəf Tanırverdiyev öz vəsaiti hesabına həyətinə çəkib gətirmişdir. Son dövrlərə qədər cavabdehlərlə onlar arasında su mübahisəsi olmamışdır. Onların bulaqlarının mənbəyindən su sızıb axdığı üçün axan su xəttinin qarşısını almaq məqsədi ilə beton tökmək istəmişlər. Lakin cavabdehlər onların su xəttinin bərpasına maneçiliklər törətmişlər. Cavabdehlər onların evlərinə gələn su borusunu kəsərək öz su xətlərinə birləşdirmişlər. Onlar su xəttinin bərpası üçün cavabdehlərə müraciət etsələr də cavabdehlər buna etiraz etmişlər. Onlar Gədəbəy Rayon Nərimankənd Bələdiyyəsinə müraciət etmiş, müraciət əsasında Bələdiyyə sədri Ədalət İsmayılovmübahisəli su mənbəyinə baxış keçirmiş, məlum olmuşdur ki, cavabdehlər tərəfindən suyun sızıb kənara axan hissəsinin qarşısının almaq məqsədi ilə beton tökmələrinə imkan vermir. Ona görə də, məhkəməyə müraciət etmişlər.

5. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1012/2021 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir.

6. Məhkəmə iş üzrə keçirilmiş yerində müayinə protokolunu əsas götürməklə, hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mübahisə üzrə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində “Qozdərəli” adlandırılan sahədə həm iddiaçılar, həm də cavabdehlərin istifadə etdikləri mənbələr var. İddiaçıların iddia etdikləri su mənbəyinə gələn plastik boru açılmışdır. Həmin mənbələrdən həm iddiaçıların, həm də cavabdehlərin həyətində gedən borularda su var və həmin su tərəflərin həyətinə axır. Yəni, həm iddiaçılar, həm də cavabdehlər 2021-ci ilin avqust ayınadək mübahisəsiz olaraq, yalnız öz istifadələrində olan su mənbələrindən istifadə etmişlər. Sübutetmə yükü üzərlərinə düşməsinə baxmayaraq, iddiaçılar tərəfindən cavabdehlərin əvvəllər mövcud olmuş vəziyyəti dəyişdirmələri, yəni, əvvəllər iddiaçıların istifadəsində olmuş su mənbəyinə müdaxilə etmələri halı sübut edilməmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.3, 158.4, 170.1, 170.3 və 170.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçılar İddiaçı1 və İddiaçı5 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1012/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən müəyyən edə bilməmişdir ki, cavabdehlər iddiaçıların artıq 50 ildən artıq müddətdir ki, istifadələrində olan su borusunda yaranmış nasazlığın aradan qaldırılmasına imkan verməyərək, öz hüquqlarından sui istifadə edərək iddiaçıların mülkiyyət hüquqlarının cavabdehlər tərəfindən məhdudlaşdırılmasını müəyyən edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İş üzrə İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehlərlə onların bulaqları yan-yana olmaqla, 1-1,5 metr məsafədə yerləşir. Sözügedən mübahisəli bulaq 1964-cü ildə çəkilmişdir. Kəndin 20-ə yaxın ailəsi 1964-cü ildən hazırki vaxtadək həmin sudan istifadə edirlər. Onların bulaqlarının mənbəyindən su sızıb axdığı üçün axan su xəttinin qarşısını almaq üçün beton tökmək istəmişlər. Lakin cavabdehlər onların su xəttinin bərpasına maneçilik törətmişlər. Hesab edir ki, məhkəmə işi tam araşdırmadan səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1012/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

11. İş üzrə İddiaçı5 qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1012/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. 12.İş üzrə Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onun atası X2 1988-ci il tarixdə “Qozdərəli” adlanan ərazidən öz vəsaiti hesabına həyətinə su çəkdirmişdir. Hazırda ailəsi ilə birlikdə həmin sudan istifadə edir. 14 avqust 2021-ci il tarixdə İddiaçı5 və İddiaçı1 onların istifadəsində olan suyun mənbəyinə beton tökərək, yeni su mənbəyi düzəltmiş və boru vasitəsilə öz mənbəyinə birləşdirmişdir. Bu zaman onlar iki gün susuz qalmışdır. Bundan sonra o, Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmiş, polis əməkdaşları, Gədəbəy Rayon Nərimankənd Bələdiyyəsi və digər vəzifəli şəxslər mübahisəli əraziyə baxış keçirmişlər. Mübahisəli əraziyə baxış keçirildirkdən sonra onun su xətti bərpa edilmişdir. Hazırda iddiaçıların iddia ərizəsində göstərdikləri su mənbəyindən həmişə o, istifadə etmişdir. İddiaçıların istifadə etdikləri suyun miqdarı iqlim dəyişiklikləri səbəbindən azaldığı üçün onun istifadə etdiyi suyu da öz mənbələrinə birləşdirmək istəyirlər. Məhkəmənin qətnaməsini düzgün hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1012/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 13.İş üzrə iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya heç bir məlumat verməmişlər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: 14.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Maddə 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

16. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən iddaçılardan yalnız iddiaçılar İddiaçı1 və İddiaçı5 apellyasiya şikayəti versə də, mübahisənin predmeti bölünməz olduğundan, qətnaməsinin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 19.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1012/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 20.İşin müəyyən edilmiş hallarından müəyyən edilir ki, iddiaçıların istifadəsində olan Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində yerləşən “Qoz dərəli” adlanan sahədə “Məcdin bulağı” adlanan bulaqla cavabdehlərin istifadəsində olan həmin bulağın şimal hissəsindən çıxan digər bulağı yan-yana olmaqla, 1-1,5 metr məsafədədir.

21. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə yerində baxış keçirmiş və (i.v 61-baxış protokolu) və müəyyən etmişdir ki, Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində “Qozdərəli” adlandırılan sahədən həm iddiaçılar, həm də cavabdehlərin istifadə etdikləri mənbələr var. İddiaçıların iddia etdikləri su mənbəyinə gələn plastik boru açılmışdır. Həmin mənbələrdən həm iddiaçıların, həm də cavabdehlərin həyətində gedən borularda suyun olması müəyyən edildi.

22. İddiaçılar məhkəmə kollegiyasında verdiyi izahatında cavabdehlərin onların su xəttinin bərpasına maneçilik törətdiklərini, cavabdehlərin onların evlərinə gələn su borusunu kəsərək öz su xətlərinə birləşdirmələrini bildirsələr də, cavabdehlər tərəfindən əvvəllər mövcud olmuş vəziyyəti dəyişdirmələri, yəni, əvvəllər iddiaçıların istifadəsində olmuş su mənbəyinə müdaxilə etmələri halı sübut edilməmişdir. Əksinə olaraq, müəyyən olunur ki, iddiaçılar tərəfindən suyun mənbəyinə beton tökülməsi, mövcud vəziyyəti dəyişir və iddiaçıların su mənbəyini azaldır. Həmçinin mübahisə üzrə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində “Qozdərəli” adlandırılan sahədə həm iddiaçılar, həm də cavabdehlərin istifadə etdikləri mənbələr var. İddiaçıların iddia etdikləri su mənbəyinə gələn plastik boru açılmışdır. Həmin mənbələrdən həm iddiaçıların, həm də cavabdehlərin həyətində gedən borularda su var və həmin su tərəflərin həyətinə axır. Yəni, həm iddiaçılar, həm də cavabdehlər 2021-ci ilin avqust ayınadək mübahisəsiz olaraq, yalnız öz istifadələrində olan su mənbələrindən istifadə etmişlər. İddiaçıların istifadəsində olan suyun mənbəyinə beton tökərək, yeni su mənbəyi düzəltmiş və boru vasitəsilə öz mənbəyinə birləşdirmişdir. Bu zaman onlar iki gün susuz qalmışdır.

23. Halbuki, su ilə bağlı qonşuluq münasibətlərinə görə suyun təbii axımının qonşunun ziyanına dəyişdirilməsi yolverilməzdir. Suyun təbii axımı süni surətdə yalnız o halda dəyişdirilə bilər ki, aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdılsın. Lakin iş materialları, o cümlədən tərəflərin izahatları ilə iddiaçıya məxsus torpaq sahəsinə gedən suyun təbii axımının cavabdehlər tərəfindən kəsilməsi müəyyən edilməmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1012/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 25.Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ :

Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-1012/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar