Məhkəmə qərarları › İş №2(104)-657/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-657/2025

08.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-657/2025 08.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququ; mülkiyyətə müdaxilə; torpaq sahəsindən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(076)-207/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 08 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq **********60 nömrəli daşınmaz əmlakın reyestr nömrəsi ilə İddiaçı tam mülkiyyətindədir;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli 10/5901 nömrəli rəyindən görünür ki, reyestr nömrəsi **********60 saylı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir;

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 24 iyun 2025-ci il tarixli 3- 21-3-40/2-3023/25 saylı məktubundan görünür ki, Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı əsasında 2000 kv.m həyətyanı torpaq sahəsinə X1 adına (subyekt siyahısında X2 və X3 adları qeyd edilmişdir) A№182637 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Həmin 2000 kv.m həyətyanı torpaq sahəsinə ev tam (torpaq sahəsi ümumi birgə) X4, X5 və X3 adlarına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evinə dair “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış” verilmişdir. xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-5901/23 saylı cavablandırılan məktubunda qeyd edilən Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı əsasında 600 kv.m həyətyanı torpaq sahəsinə İddiaçı adına A№183068 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Həmin 600 kv.m həyətyanı torpaq sahəsinə İddiaçı olunun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir;

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-5901/23 saylı daşınmaz əmlakın dövlət reyestri arayışından görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0.0692 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4, X5 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 23 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Əsas: Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4, X5 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə tərtib edilmiş, JN-254 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”;

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-5901/23 saylı daşınmaz əmlakın dövlət reyestri arayışından görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0.0482 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4, X5 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 23 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Əsas: Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4, X5 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə tərtib edilmiş, JN-254 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”;

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-5901/23 saylı daşınmaz əmlakın dövlət reyestri arayışından görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 1.5242 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4, X5 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 23 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Əsas: Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4, X5 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə tərtib edilmiş, JN-254 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”;

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, müraciətə uyğun olaraq mübahisəli əraziyə müayinə baxışı keçirilmiş və torpaq sahəsinin koordinatları naturada götürülmüşdür. Kameral araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il 49 nömrəli qərarı ilə ünvan 3 ünvanında İddiaçı ayrılmış və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş A№183068 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Əraz İdarəsində xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********60 reyestr nömrəsi ilə ümumi sahəsi 0.06 ha olmaqla İddiaçı adına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Süleymanov Namaz oğlunun ona mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0.06 ha həyatyanı torpaq sahəsindən çıxarılması və 101 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia üzrə Cavabdeh onun doğma qardaşıdır. Cavabdeh ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini zəbt etmişdir. O, dəfələrlə cavabdehdən xahiş etsə də, o, onun mülkiyyətində olan və qeyd olunan ünvanda torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(076)-207/2024 saylı qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilərək, İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması; Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat tutularaq İddiaçı ödənilməsi; Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.6, 157.1, 157.2, 157.4, və 157.8-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində onun iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, bütövlükdə həmin torpaq sahəsindən istifadə etməyi müəyyən edilsə də, bu heç də belə deyil. Mübahisəli torpaq sahəsi iddiaçıya məxsus deyildir. Baxmayaraq ki, DƏDKR-nin11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2- 2566/24 saylı mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/5901 nömrəli ekspert rəy ilə reyestr nömrəsi **********60 saylı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin bütünlüklə onun tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. O, iddiaçının mülkiyyətində olan torpaq sahəsini istifadə etməmişdir. Belə ki, hazırda onun istifadəsində olan və üzərində illərdir istilikxana inşa etdirdiyi torpaq sahəsi A 183068 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında mərhum valideynləri X4, X5 və qardaşı SüleymanovTaleh Namaz oğlunun mülkiyyətində olan Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsidir. O, illərdir həmin torpaq sahəsində inşa etdirdiyi istilikxanadan istifadə etmişdir. İddiaçı isə 2023-cü ildən ona qarşı iddia qaldıraraq torpaq sahəsindən çıxarılmağını tələb etmişdir. Halbuki, o, iddiaçının torpaq sahəsini istifadə etmir, o, mərhum valideynlərindən miras qalmış torpaq sahəsindən istifadə edir. Məhkəmə torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsində olmasını nəzərə almamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının mülkiyyətində torpaq sahəsinin onun istifadəsində olduğunu bildirsə də, hazırda onun istifadəsində olan və üzərində illərdir istilikxana inşa etdirdiyi torpaq sahəsi A 183068 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında mərhum valideynləri X4, X5 və qardaşı X3 mülkiyyətində olan Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 2000 kv.m həyətyanı torpaq sahəsidir. İddianın heç bir hüquqi əsası yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiyası məhkəməsində icraat:

15. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə iş üzrə tərəflərin, habelə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mühəndisi Seymur Bağırovun iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş və torpaq sahəsinin koordinatları naturada götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilir və sonuncu tərəfindən torpaq sahəsinin üzərində yüngül konstruksiyalı qurğulardan istifadə edilməklə istixana quraşdırılmışdır.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq 1993-cü ildə atası tərəfindən alınmışdır. Həmin vaxt qardaşı, yəni İddiaçı Rusiya Federasiyasında olmuşdur. O, sonradan həmin torpağa dair öz adına saxta çıxarış əldə etmişdir. Halbuki, həmin torpaq atasına məxsus olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 0.09 ha torpaq sahəsində istilikxana quraşdırmışdır. İddiaçı isə həmin torpaq sahəsinin 0.06 ha hissəsinin ona məxsus olduğunu iddia edir. İstifadəsində təxminən 0.13 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ata, ana və digər qardaşına məxsus torpaq sahəsidir. 2013-cü ildən həmin torpaqdan istifadə edir.

17. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1998-ci ildə islahat vaxtı ona verilmiş, sadəcə 2023-cü ildə adına rəsmiləşdirmişdir. O torpaq atasına məxsus olmayıb. O, uzun müddət Rusiya Federasiyasında yaşadığından cavabdeh həmin torpaq sahəsini zəbt edib istifadə edir. Cavabdehdən tələb etməyinə baxmayaraq o torpaq sahəsindən çıxmır.

18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2003-cü ildə Rusiya Federasiyasından yaşadıqları kəndə gəlmiş və mübahisəli torpaq sahəsi atası tərəfindən ona verilmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin atalarına məxsus olduğunu bildirdiyi 0.20 ha torpaq sahəsi qardaşı Talehin adına adınadır və həmin torpaq sahəsi başqa ərazidə yerləşir. Hazırda mübahisəsi gedən torpaq sahəsi isə ona məxsus torpaq sahəsidir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər doğma qardaşdırlar. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il 49 nömrəli qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. O, həmin torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

36. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

37. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

38. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

39. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli 10/5901 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir.

40. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

41. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin ölçü planı ilə torpaq sahəsinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.

43. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə iş üzrə tərəflərin, habelə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mühəndisi Seymur Bağırovun iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş və torpaq sahəsinin koordinatları naturada götürülmüşdür. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli arayış tərtib edilmiş və həmin arayışdan görünür ki, ddiaçı tərəfindən iddia edilən torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il 49 nömrəli qərarı ilə ünvan 3 ünvanında İddiaçı ayrılan torpaq sahəsidir.

44. Beləliklə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilir. Bu hal isə, iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır.

45. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.

46. Apellyasiya şikayətinin dəlilləri də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Ona görə ki, apellyator mübahisəli torpaq sahəsinin atasına məxsus olduğunu və sonuncu tərəfindən həmin torpağın onun sahiblik və istifadəsinə verildiyini bildirsə də, lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən torpaq sahəsi Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında iddiaçıya ayrılmış, daha sonra isə torpağa dair iddiaçının adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mövcud vəziyyətdə isə, həmin çıxarış, habelə çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd hüquqi qüvvəsini saxlayır.

47. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

48. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı («Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 iyun 2022-ci il tarixli qərardad).

49. «10 ildən çoxdur ki, torpaq sahəsində istixana quraşdırmaqla torpaqdan istifadə edir və iddiaçı 2023-cü ildə hazırkı tələblə məhkəməyə müraciət etmişdir» barədə apellyasiya şikayətinin dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Kollegiya bu qənaəti ilə bağlı aşağıdakıları qeyd edir.

50. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

51. Baxılan iş üzrə tərəflərin apellyasiya baxışı zamanı verdiyi izahatın sistemli tədqiqi nəticəsində cavabdehin təxminən 10 il müddətdir ki, mübahisəli torpaq sahəsində istixana quraşdırmaqla torpaqdan istifadə etdiyi və iddiaçının da bundan məlumatlı olduğu müəyyən edilsə də, lakin nəzərə alınmalıdır ki, cavabdehin torpaq sahəsində gördüyü yaxşılaşdırma işləri istixana quraşdırılmasından ibarət olmuşdur. İstixana isə, yüngül konstruksiyalı materiallardan hazırlanmış, daşınması, quraşdırılması və sökülməsi tez və asan olan mühəndis qurğusudur. Başqa sözlə, əmlaka zərər yetirmədən həmin qurğuların oradan ayrılması mümkündür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyatorun irəli sürdüyü həmin dəlil iddianın təmin edilməsinə mane yaradacaq hal kimi qəbul edilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(076)-207/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar