Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-666/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-283/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0,2735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
3. "xxxx" MMC-nin 28 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 0.77 ha torpaq sahəsindən 1 il müddətində 300 bağ yonca kipi əldə edilə bilər. -2022-ci il tarixdə 0,77 ha torpaq sahəsindən əldə edilən 300 bağ yonca kipinin xərci 300 kip x 1 manat = 300 manat. -2022-ci il tarixdə 0,77 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 300 kip x 4,5 manat = 1350 manat. 1350 manat – 300 manat = 1050 manat. -2023-cü il tarixdə 0,77 ha torpaq sahəsindən əldə edilən 300 bağ yonca kipinin xərci 300 kip x 1 manat = 300 manat. -2023-cü il tarixdə 0,77 ha torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 300 kip x 4,5 manat = 1350 manat. 1350 manat – 300 manat = 1050 manat. -Ümumi cəmi gəlir 2100 manat təşkil edir.
4. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-821/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh mülkiyyətinə verilmiş Bərdə rayonu Həsənqaya kəndində yerləşən 2.006 ha torpaq sahəsinin cavabdeh X5 tərəfindən zəbt edilmiş 0.5484 ha hissəsindən çıxarılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/3734 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, “X3 Uçotu informasiya Sisteminə əsasən iddiaçıya məxsus 0.50 ha torpaq sahəsindən 0.29 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçıya məxsus 0.27 ha torpaq sahəsi isə cavabdeh tərəfindən istifadə olunmur. Bərdə rayonu S.Vurğun təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Cavabdeh və ailə üzvlərinə Torpağa mülkiyyət hüququna dair JN-64 saylı Dövlət Aktı ilə 3.01 ha torpaq sahəsi ayrılmışdır. Lakin ərazidə aparılmış elektron uçot zamanı cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan 3.01 ha torpaq sahəsi azalaraq 2.58 hektar qeyd edilmişdir. Qeyd edək ki, həmin konturda, TEKUİS məlumat bazasına əsasən JN-68 və JN-69 saylı Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahələri arasında 0.74 ha, JN-70 və JN-71 saylı Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahələri arasında isə 0.25 ha torpaq sahəsi zəbt kimi qeyd edilmişdir. Yəni həmin torpaq sahələrinin mülkiyyətçiləri öz pay torpaqlarına birləşdirərək naturada artıq (0.99 ha) torpaq sahəsi istifadə edirlər. Bu səbəbdən də bir neçə payçının Dövlət Aktı ilə normaya uyğun mülkiyyətlərinə verilmiş pay torpaq sahələrinin sahə ölçüləri, TEKUİS məlumat bazasında əskik qeyd edilmişdir. Payçıların razılıqları əsasında həmin konturda pay normasına və bölgü ardıcıllığına uyğun naturada bölgü aparılarsa, TEKUİS məlumat bazasında, müvafiq dürüstləşmə aparılaraq hər bir payçını normaya uyğun torpaq sahələri naturada özlərinə tanıdılır və mübahisə öz həllini tapmış olur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan və Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0,5 və 0,2735 ha torpaq sahəsindən çıxarılmasına, torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, 2100 (iki min bir yüz) manat məbləğində maddi zərərin ödənilməsinə və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Həsənqaya kəndində yerləşən və mülkiyyətində olan 0.5 ha və 0.2735 ha torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 7 saylı Ərazi İdarəsində müvafiq olaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** saylı və xx.xx.2023-cü il tarixli ********** saylı Çıxarışlarla qeydə alınmışdır. Sözügedən torpaqlar həmsərhəddir (bitişikdir) və hər iki torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, orada əkdiyi yonca bitkisini, hazırkı iş üzrə Cavabdeh özbaşınalıq və qanunsuzluq edərək şumlatmış və nəticədə ona 2100 manat məbləğində zərər vurulmuşdur. Özbaşınalıqlarının dayandırılması barədə haqlı tələblərinə əhəmiyyət verməyərək, hazırda mülkiyətində olan torpaq sahəsinə daxil olmağa, oradan istifadə etməsinə də maneə törədir.
8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-283/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov), iddianın qismən təmin edilməsi, Cavabdeh Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,29 ha hissəsindən çıxarılması, 2022 və 2023-cü illərdə iddiaçıya məxsus olan 0,29 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsinə görə dəymiş ziyana görə Cavabdeh 790,9 (yeddi yüz doxsan manat 90 qəpik) manat məbləğində pul və 100 (bir yüz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 890,9 (səkkiz yüz doxsan manat 90 qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 152.1, 152.2, 1096.1, 1096.2 və 1097-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(021)-283/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o verilmiş iddianı qəbul etmir. Sözü gedən pay torpaq sahəsi əkin olduğundan 2001-ci il tarixdə DƏDRX 7-saylı Ərazi İdarəsinə müraciət etmiş, mütəxəsisslər gələrək ölçü işi aparmış və torpaq sahəsi İddiaçı tərəfindən zəbt olunması bildirilsə də mübahisəsi olunan torpaq başqa bir qonşu tərəfindən zəbt edilmişdir. O sözü gedən torpaq sahəsini zəbt etməmişdir. DƏDRX 7-saylı Ərazi İdarəsinə yalnışlıqla verdiyi rəy indi onlara bu problemləri yaratmışdır. Hesab edir ki, onların yerləri yenidən ölçülərək hər kəsin torpaq sahəsi özünə verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Onun pay torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşuluqdadır. İddiaçının mükiyyətində olan 0.50 ha torpaq sahəsinin mübahisələndirilən 0.29 ha hissəsi ona məxsusdur. O, həmin 0,29 ha torpaq sahəsini əkib-becərməklə istifadə edir. Hesab edir ki, mübahisələndirilən torpaq sahəsi ona məxsusdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
17. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
18. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
25. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
26. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
27. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, qətnamənin yalnız təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız iddianın təmin edilmiş hissəsi üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-283/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Beləliklə, işin halları ondan ibarətdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə Bərdə rayonu Həsənqaya kəndində 0,50 ha, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə 0,2735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırda iddiaçıya məxsus 0.29 ha torpaq sahəsi isə cavabdeh tərəfindən istifadə olunur.
46. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
47. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
48. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
49. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
50. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
51. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
52. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
53. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş 30 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/3734 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, “X3 Uçotu informasiya Sistemi”nə (TEKUİS məlumat bazasına) əsasən iddiaçıya məxsus 0.50 ha torpaq sahəsindən 0.29 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçıya məxsus 0.27 ha torpaq sahəsi isə cavabdeh tərəfindən istifadə olunmur.
54. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
55. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
56. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına həmçinin TEKUİS məlumat bazasına istinad edilmişdir.
57. Göründüyü kimi, cavabdeh tərəf izahatında - onun pay torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşməsini, iddiaçının mükiyyətində olan 0.50 ha torpaq sahəsinin mübahisələndirilən 0.29 ha hissəsinin ona məxsus olduğunu, həmin 0,29 ha torpaq sahəsini əkib-becərdiyini göstərmişdir. Cavabdeh mübahisələndirilən 0,29 ha torpaq sahəsinin ona məxsus olmasını israrla bildirsədə, bununla baglı nə birinci instansiya məhkəməsinə nədəki Məhkəmə Kollegiyasına heç bir subut təqdim etməmişdir. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən cavabdehin dəlillərini inandırıcı hesab etmir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
59. Kollegiya iş materiallarını yuxarıda göstərilən normalar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmiş və dəymiş ziyanı qismən təmin etmişdir.
60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçının şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
63. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-283/2024 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş - hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.