Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-672/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, X1 və vəkili X7 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-1780/2021 saylı mülki iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Məhəmməd qızına və Bərdə Regional “Asan-Xdmət” mərkəzinin notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka qanun üzrə vərəsə kimi tanınmağına və payların müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu ünvan 1 ünvanda yerləşən iki otaqlı, 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi sahəsi 85.14 kv.m olan ev 27 fevral 1989-cu il tarixli Bərdə rayon XDS icraiyyə Komitəsinin qərarı ilə Bərdə rayon Texniki İnvetnarlaşdırma Bürosu tərəfindən X2nun adına qeydə alınaraq şəhadətnamə verilmişdir. X2 01 iyul 1940-cı ildə anadan olmuşdur. O, 14 noyabr 1974-cü il tarixdə X17 ilə nikaha daxil olmuşdur və birgə nikahdan övladları olmamışdır. Mərhum dayısı 25 iyul 2011-ci il tarixdə xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Mərhum dayısının yoldaşı X17 isə 04 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Mərhumların sağlığında onlara daim həm maddi, həm də mənəvi dəstək olmuşdur. Mərhum dayısının və onun yoldaşının xəstəliyi ilə əlaqədar onun qayğısını çəkib qulluq etmişdir. Mərhum dayısının yaşadığı və ondan miras qalmış mənzilin sənədinin olmasının və hətta onun adına olması barədə məlumatı olmamışdır. Lakin bu barədə yalnız mərhum dayısının yoldaşı X9 vəfatından sonra vəkil sorğusu əsasında xəbəri olmuşdur ki, Bərdə rayonu, ünvan 1 ünvanda yerləşən iki otaqlı 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi sahəsi 85 14 kv.m olan ev 27 fevral 1989-cu il tarixli Bərdə rayonu XDS İcraiyyə Komitəsinin qərarı ilə Bərdə rayon Texniki İnvertarlaşdırma Bürosu tərəfindən mərhum dayısı X23 adına qeydə alınaraq şəhadətnamə verilmişdir. Hazırda da onun adınadır. Bu sorğunun cavabını alan kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün iş üzrə maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzinin Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin notariat ofisi ərizəsinə baxmamış, mirasın qəbul edilməsi üçün müddətin buraxılmasını və bu səbəbdən də müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi bildirmişdir. Hal-hazırda da mənzildə mərhum dayısının yoldaşı qısa bir müddət olaraq vəfat etməsi ilə əlaqədar heç kəs yaşamır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, buraxılmış müddət bərpa edilməli və həmin miras ona və digər maraqlı şəxslərin hər birinə 1/5 hissədə bərabər payları müəyyən edilməli, buna dair qanun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Belə ki, mərhum dayısının onlardan başqa vərəsəsi yoxdur. Maraqlı şəxslərdən biri X10 mərhumun bacısı, digər mirasçılar olan Maraqlı şəxs1, Maraqlı şəxs2 və X11 və o da daxil olmaqla vəfat etmiş bacısı X3 uşaqlarıdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1780/2021 saylı mülki iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) ərizə qismən təmin edilmiş, X4, Maraqlı şəxs1, Maraqlı şəxs2, X5 Ərizəçi mirası qəbul etmə müddəti bərpa edilmiş və Bərdə rayonu ünvan 1 ünvanda yerləşən iki otaqlı, 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi sahəsi 85.14 kv.m olan evə dair 1/5 hissədə X4, Maraqlı şəxs1, Maraqlı şəxs2, X5 Ərizəçi miras payları müəyyən edilmişdir. Daha sonra Bərdə Rayon Məhkəməsinin 2(021)-1780/2021 saylı mülki iş üzrə 11 avqust 2021-ci il tarixli qərardadı ilə həmin mülki iş üzrə 07 iyul 2021-ci il tarixli qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi barədə maraqlı şəxs X4 ərizəsi təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(021)-1780/2021 nömrəli qətnaməsinin qət etdi hissəsinin ikinci abzasında “Bərdə rayonu ünvan 1 ünvanda yerləşən iki otaqlı, 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi sahəsi 85.14 kv.m olan evə dair 1/5 hissədə X4, Maraqlı şəxs1, Maraqlı şəxs2, X5 Ərizəçi miras payları müəyyən edilsin” cümləsi “Bərdə rayonu ünvan 1 ünvanda yerləşən iki otaqlı, 47.85 kv.m yaşayış, 36.3 kv.m köməkçi sahə və ümumi sahəsi 85.14 kv.m olan evə dair 1/2 hissədə X4, qalan 1/2 hissəsinin isə Maraqlı şəxs1, Maraqlı şəxs2, X5 və Ərizəçi miras payları müəyyən edilsin” kimi oxunması qərara alınmışdır. X13 həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-1780/2021 saylı mülki iş üzrə 16 iyun 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, X6 Bərdə Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(021)-1780/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsindən imtina edilmiş və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilmişdir. Daha sonra mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2170/2022 saylı mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş baxışddan çıxarılmış və Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(104)-2170/2022 saylı mülki iş üzrə 16 noyabr 2022-ci il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(021)-1780/2021 saylı qətnaməsindən X13 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinə uyğun hesab edilmiş və mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən Mülki qanunvericiliyin miras hüququ ilə bağlı tələblərinə əməl etmədən, birtərəfli araşdırma aparmışdır. Belə ki, məhkəmə işə baxarkən mərhum əmisinin övladının olmamasını müəyyən etsə də, onun qardaşı və ya qardaşı övladlarının olub-olmamasını araşdırmamış və buna dair ərizəçiyə suallar verməmişdir. Qeyd etmişdir ki, atası X15 miras qoyan X14 ilə doğma qardaşdırlar. Atası Sabir xx.xx.1937-ci il təvəllüdlü olmaqla 1991-ci ildə vəfat etmişdir. Mərhum əmisi Kamil Məmmədov isə xx.xx.1940-cı ildə doğulmuşdur. Göründüyü kimi məhkəmə işə dair özünün araşdırmasında mərhum əmisinin qardaşı və qardaşının uşaqları olub-olmaması məsələsinə toxunmadan, ərizəçinin təqdim etdiyi sübutları birtəfəli qaydada qəbul edərək, doğru olmayan bir şəkildə qiymətləndirmiş və onu, həmçinin 1971-ci il təvəllüdlü qardaşı Ramiz Məmmədovu və 1968-ci il təvəllüdlü Sevinc Qasımovanı əmilərinin varisləri olmaq haququndan məhrum etmişdir. Göstərilən halları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və verilmiş ərizənin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X13 və vəkili X16 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi və maraqlı şəxslər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1780/2021 saylı mülki iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət edən şəxs mirasın qəbul edilməsi müddətinin bərpa edilməsini və miras əmlaka qanun üzrə vərəsə kimi tanınmasını və payların müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsi ərizə ilə bağlı mülki işə xüsusi icraat qaydasında baxaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına istinad olunmaqla apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının MPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-4-cü fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi icraat iddia icraatından fərqlənir və burada mübahisə və tərəflər olmur. Deməli, xüsusi icraat elə bir əlamətlərə malikdir ki, onu iddia icraatından fərqləndirməyi mümkün edir. Xüsusi icraatda elə bir hüquqi məsələlər tənzimlənir ki, orada hüquq mübahisəsi olmur. Baxılan iş üzrə tərəflər arasında hüquqi mübahisə yaranırsa, işin baxılması iddia icraatına keçirilir. Bu hal Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikasının MPM-in 259.0 və 259.0.10-cü maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikasının MPM-in 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətdədir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1780/2021 saylı mülki iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və Ərizəçi ümumi əsaslarla məhkəmədə iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 385.1.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1780/2021 saylı mülki iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla məhkəmədə iddia vermək hüququ izah edilsin. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-672/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-672/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver