Məhkəmə qərarları › İş №2(104)-694/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-694/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-694/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mənzildən çıxarılma barədə) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi olan qızı X2, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli , 106 saylı qərarı ilə Samux rayonu İnstitut qəsəbəsində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh ilə xx.xx.2006-cı ildə iddiaçının övladı X4 ilə nikah bağlamış, bu nikah 19 noyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Tərəflər bildirirlər ki, Cavabdeh və Sevinc Məmmədova ailə qurduqları vaxt iddiaçının razılığı əsasında qeyd olunan torpaq sahəsində ev tikərək orada yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən mülkdən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı işin faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə ona Samux rayonu İnstitut qəsəbəsində 0,08 ha hayətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh onun qızı X5 ilə xx.xx.2006-cı ildə ailə qurarkən torpaq sahəsini ev tikərək yaşamaq üçün qızına vermişdir. Qızı Sevinclə cavabdehin ailə münasibətləri baş tutmadığından nikahları məhkəmə qaydasında pozulmuşdur. Sevinc hazırda iki uşağı ilə onunla yaşayır. Hazırda cavabdeh onların ailə üzvü olmadığından mülkdən çıxmalı olsa da, bundan imtina edir. Cavabdehə ev tikilən vaxt göstərdiyi köməklə bağlı xərcin əvəzi olaraq 9.000 manat verməyə razıdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3107/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux Rayon Məhkəməsinin (hakim Səadət Zeynalova), 2 mart 2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli ev dövlət qeydiyyatına alınmasa da, evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Beləliklə, torpaq sahəsində tikilmiş mənzillər gələcəkdə qeydiyyata alınacağı təqdirdə mülkiyyətçinin hüquqları nəzərə alınmalıdır, yəni iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. Bundan əlavə cavabdeh artıq iddiaçının ailə üzvü sayılmır. Cavabdeh məhkəmə iclasında bildirdiyi kimi evə çəkilən xərclə bağlı sübutları olduğu təqdirdə həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki iddia tələbinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, sözügedən ev qeydiyyata alınmasa da torpağın onun mülkiyyətində olması və buna uyğun olaraq onun evə də gələcək mülkiyyətçi hüquqları nəzərə almaqla iddia tələbi təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152, 178-ci, xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6 mart 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının onu evdən çıxarmağa subyektiv hüququ olmamışdır. Sözügedən ev dövlət qeydiyyatına alınmamış, iddiaçı bununla bağlı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianın torpaqdan çıxarılma yox, evdən çıxarılma olmasına da qiymət verməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fikrət Mehtiyev sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) 2(104)-1714/2022 nömrəli iş üzrə 8 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində sözügedən evin qeydiyyatdan keçməməsini qeyd etsə də, bu dəlil əsaslı hesab edilmir. Çünki birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi mübahisəli ev dövlət qeydiyyatına alınmasa da, evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir və torpaq sahəsində tikilmiş mənzillər gələcəkdə qeydiyyata alınacağı təqdirdə mülkiyyətçinin hüquqları nəzərə alınmalıdır. Yəni iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üzrə əhəmiyyətli halları sübut edə bilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152, 178-ci, xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat: Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Zaur Əliyev, hakimlər Abiddin Hüseynov və Əhməd Nurməmmədovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1714/2022 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat: a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, xx.xx.2006-cı ildə iddiaçının qızı X4 ilə nikah bağlamış və bu nikah 19 noyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. O, iddiaçının qızı ilə birgə yaşayış müddətində iddiaçının razılığı əsasında qeyd olunan torpaq sahəsində 2013-2015-ci illərdə ev tikərək orada yaşamışlar. Evə 50.000 manatdan çox xərc çəkmişlər və həmin pulun yarı dəyəri olan 25.000 manat pulu ona versələr, evdən çıxmağa razılaşar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsin, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə ona Samux rayonu İnstitut qəsəbəsində 0,08 ha hayətyanı torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində hazırkı evi tikərək, yaşamaq üçün qızına vermişdir. Hazırda cavabdehlə qızının nikahları məhkəmə qaydasında pozulmuş və cavabdeh onların ailə üzvü olmadığından mülkdən çıxmalıdır. Qızı Sevinc ev tikilən vaxt cavabdehin atasından 9000 manat borc pul almışdır ki, yalnız borc olaraq aldığı həmin pulu cavabdehə qaytara bilər. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi olan qızı X4 apellyasiya şikayətinə etiraz edərək, oxşar məzmunlu izahat verdi və apellysiya şikayətinin təmin edilməməsini, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi olan vəkili X3 apellyasiya şikayətinin təmin edilməməsini, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 420-ci maddəyə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri: MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdiyindən, yəni şikayət qətnamənin bütövlükdə ləğv edilməsinə yönəldildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin 2 mart 2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsi qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı, mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna istinad edərək, həmin evdən cavabdehin çıxarılmasını tələb edir. Cavabdeh isə mübahisəli evi iddiaçının razılığı əsasında öz vəsaiti hesabına inşa etdiyini, belə olan halda həmin evdən çıxarılmasının qanunsuz olduğunu qeyd edir. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Hazırki işdə mübahisəli ev (bina) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin evin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı təmin edərkən ona əsaslanmışlar ki, ev dövlət qeydiyyatına alınmasa da, onun yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsində tikilmiş mənzillər gələcəkdə qeydiyyata alınacağı təqdirdə iddiaçının gözlənilən mülkiyyət hüquqları nəzərə alınmalıdır. Cavabdeh artıq iddiaçının ailə üzvü sayılmır, onun evə çəkdiyi xərclə bağlı sübutları olduğu təqdirdə həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Kollegiya bununla bağlı qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsinə dair (özbaşına tikilinin sökülməsi, cavabdehin çıxarılması və torpaq sahəsinin geri qaytarılması və s.) iddia qaldırmaq imkanları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşşat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, binanı inşa etmiş şəxsin çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla bina inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə binanı inşa etmiş şəxsin çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (Əsassız varlanma) Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.(Maddə 157) O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. (Maddə 561.1) Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Kollegiya onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. (Maddə 152.5) Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Maddə 16.1, 560) Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişləri yerinə yetirərək, müəyyən etmişdir ki, mübahisə edilən ev iddiaçının qızı ilə cavabdehin birgə yaşayış müddətində iddiaçının razılığı əsasında 2013-2015-ci illərdə tikilmiş və həmin vaxtdan iddiaçının qızı ilə cavabdeh həmin evdə yaşayırlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında şərh edilən göstərişlərinə uyğun olaraq, hazırkı işin düzgün həlli üçün cavabdehin istinad etdiyi xərcin əvəzi olaraq iddiaçıya Cavabdeh çəkdiyi xərcin əvəzinin ödənilməsini təklif etsə də, iddiaçı yalnız 9000 manat ödəyə biləcəyini bildirmiş, cavabdeh isə həmin məbləğə razı olmamış və iddiaçının ona 25000 manat kompensasiya ödəniləcəyi halda, evdən çıxacağını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-113/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ona məxsus mülkdən çıxarılmasına dair iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar