Məhkəmə qərarları › İş №2(104)-699/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-699/2025

01.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-699/2025 01.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına qarşı mülki iş üzrə Açar sözlər: çalışmanın son yaş həddinə çatma; əmək müqaviləsinə xitam verilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi X3 iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(042)-856/2023 nömrəli qətnaməsindən cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 12 nömrəli əmrdən çıxarışda qeyd edilmişdir ki, İddiaçı Azəraycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç və e bəndlərinə əsasən tutduğu vəzifədən azad edilmişdir;

2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 08 fevral 2023-cü il tarixli 12 saylı əmrlə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə çatdıqda) 08 mart 2023-cü il tarixdə xitam verilmişdir;

3. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli 12 saylı əmrdən çıxarışdan görünür ki, Gədəbəy Rayon KMK-nın rəisi Fuad Bayramovun 10 aprel 2023-cü il tarixli Əmrilə İddiaçı ilə əmək müqaviləsinə Azəraycan Respublikası ƏMnin 70.e. bəndinə əsasən xitam verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 08 fevral 2023-cü il tarixli 12 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında kombinatın zibil yükləyən fəhləsi vəzifəsinə bərpa olunması və 08 fevral 2023-cü il tarixdən işə bərpa olunan vaxtadək macburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 mart 2020-ci il tarixdə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında zibil yükləyən fəhlə işinə qəbul olunması barədə onunla əmək müqaviləsi bağlanmışdır. Həmin müəssisənin rəisi vəzifəsini müvəqqəti icra edən Elşad Quliyevin 08 fevral 2023-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 31 iyul 2023-cü il tarixli 39 nömrəli arayışına əsasən 10 aprel 2023-cü il tarixli 12 nömrəli əmrlə əmək müqaviləsinə xitam verildiyi qeyd olunsada, faktiki olaraq 08 fevral 2023-cü il tarixdə işdən azad edilmiş və həmin vaxtdan ona əmək haqqı ödənilməmişdir. Halbu ki, əmək müqaviləsi üzrə vəzifələrini daima yerinə yetirmiş və pozuntulara yol verməmişdir. Belə olan halda Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 08 fevral 2023-cü il tarixli, 12 nomrəli əmri əsasında onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və “e” bəndləri ilə işdən azad edilməsi qanunsuz olmuşdur. İşdən azad edilmə barədə əmrdə hansı əmək pozuntusunu törətdiyini görə işdən azad edilməsi işəgötürən tərəfindən qeyd edilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və “e” bəndləri ilə işdan azad olunması həmin Məcəllənin 76-cı maddəsinin tələblərinə ziddir. Ona görədə məcburi iş buraxma günləri üçün Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 hissəsinə əsasən işəgötürəndən əmək haqqını tələb etmək hüququ yaranmış olur. Məhkəmədə iddia qaldırmamışdan əvvəl Medasiya Şurasına müraciət etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamış və buna dair 22 iyul 2023-cü il tarixli arayış verilmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(042)-856/2023 nömrəli qətnaməsi ilə (hakim F.Mirzaquliyev) iddia tələbi təmin edilərək, Gədəbəy Rayon KMK-nın İddiaçı işdən azad edilməsi və onunla əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ləğv edilməsi; 08 fevral 2023-cü il tariхdən işə bərpa olunan günədək məcburi iş buraхmağa görə əmək haqqı hеsablanaraq, Gədəbəy Rayon KMK tərəfindən İddiaçı ödənilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 44, 68, 70, 71, 72, 76.1, 76.2, 287, 292, 296 və 300-cü maddələrinə maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı xx xxxxxx 1949-cu il təvəllüdlü olmaqla 74 yaşı var. İddiaçı çalışmanın son yaş həddinə çatdığına görə işə bərpa olunması qeyri-mümkündür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2024-cü il tarixli 2(104)-855/2024 nömrəli qətnaməsi ilə cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(042)-856/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

e) Kassasiya instansiyası məhkəməsində icraat:

12. Cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2024-cü il tarixli 2(102)-3506/2024 nömrəli qərarı ilə cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-855/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

f) Məhkəmə icraatı iştirakçılarının izahatları,

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, əslində iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə əsasən işdən azad edilmiş, sadəcə olaraq əmrin tərtibində texniki yanlışlığa yol verilərək işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» və «ç» bəndlərinə əsasən xitam verildiyi qeyd edilmişdir. Ancaq, elektron informasiya sisteminə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlar düzgün yerləşdirilərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndi ilə xitam verildiyi göstərilmişdir. Ona görə də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişində əmək müqaviləsinə çalışmanın son yaş həddinə çatma əsası ilə xitam verildiyi göstərilmişdir. Sədrlik edənin suallarına cavab olaraq Fuad Bayramov bildirmişdir ki, hazırda iddiaçının 72 yaşı vardır. Əslində, beş dəfə bir ildən çox olmayaraq əmək müqaviləsinin müddəti uzadıla bilər, lakin iddiaçı bu yaşına qədər işləyib. Əmək müqaviləsinə xitam verilməsi barədə hər iki əmr 08 fevral 2023-cü il tarixdə tərtib edilmişdir, elektron informasiya sisteminə gec yerləşdirildiyinə görə əmrlərin tarixi fərqli görsənsə də, əslində mübahisələndirilən əmrin nömrəsinə nəzər saldıqda da müəyyən olunur ki, 12 saylı əmrlə əmək müqviləsinə xitam verilib. Əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndində göstərilmiş əsasların mövcud olub-olmaması ona məlum deyil, çünki iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi vaxt, o, həmin müəssisədə işləməmişdir. Xahişləri ondan ibarətdir ki, iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatmış, ona görə də hesab edir ki, müqviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndi ilə xitam verilməsi qanuni və əsaslıdır. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda 75 yaşı olsa da, lakin əmək qabiliyyəti vardır. Ona əmək müqaviləsi təqdim edilməmişdir, hansı vəzifədə olmuşdursa, həmin vəzifəni də yerinə yetirəcəkdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

16. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

17. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

18. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır.

19. Maddə 70. a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

20. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

21. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı 02 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında zibil yükləyən fəhlə işinə qəbul edilmiş, cavabdeh təşkilatın 08 fevral 2023-cü il tarixli 12 nömrəli əmrinə əsasən, İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (çalışmanın son yaş həddinə çatma) xitam verilmişdir. İddiaçı həmin əmrin qanunazidd olmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinun gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, işdə olan Gədəbəy rayon KMK-nın rəisinin 08 fevral 2023-cü il tarixli 12 nömrəli əmrindən görünür ki, kombinatın zibil yükləyən fəhləsi işləmiş iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və “e” bəndlərinə əsasən işdən azad edilmişdir. ƏM-nin 70-ci maddəsinin “e” bəndi ilə, yəni çalışmanın son yaş həddinə çatması əsası mübahisəsiz olsa da, “ç” bəndi ilə, yəni iddiaçının özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, yaxud da əmək vəzifələrini kobud şəkildə pozmasıına dair iş materiallarında hər hansı bir sübut yoxdur, işəgötürən cavabdeh müəssisənin nümayəndələri də işə baxılan zaman iddiaçının sonuncu əsasla işdən azad olunmasını irəli sürməmiş, nəyə görə əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin göstərilməsini də izah etməmiş, məhkəmə tərəfində də bu barədə onlardan izahat tələb olunmamışdır. ƏM-nin 76-cı maddəsinin 1 və 2-ci hissələri və 300-cü maddəsinin 1-ci hissəsinin təfsir edən aşağı instansiya məhkəmələri qanunun hərfi mənasına varmış, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə olan nöqsanın texniki səhv olub-olmadığını müəyyən etməmiş, bu faktın əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin ləğvi, yaxud da əmrdə düzəliş edilməsi üçün əsas olub-olmadığını müəyyən etməmişdir. İşdən həmçinin görünür ki, işəgötürənin mübahisələndirilən əmrindən sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 02 mart 2023-cü il tarixli bildirişdə, təkrarən verilmiş 10 aprel 2023-cü il tarixli 12 saylı əmrdə də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi ƏM-nin 70-ci maddəsinin “e” bəndi, yəni çalışmanın yaş həddinə çatması göstərilmişdir. Apellyasiya məhkəməsi həmin sənədlərə də hüquqi qiymət verməmişdir.

36. Hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılaraq müəyyən edilmişdir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri əsasında İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndi ilə işdən azad edilmişdir. Əmrin tərtibində texniki yanlışlığa yol verildiyindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» və «ç» bəndlərinə əsasən xitam verildiyi qeyd edilmişdir. Bu hal cavabdeh təşkilatın rəhbəri F.Bayramovun ahazırkı apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapmışdır (bax qətnamənin 14-cü bəndi). Eyni zamanda, elektron informasiya sistemində də tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlar düzgün qeyd edilərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndi ilə xitam verildiyi göstərilmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişində (bax mülki iş səhifə 38) əmək müqaviləsinə çalışmanın son yaş həddinə çatma əsası ilə xitam verildiyi göstərilmişdir.

37. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən deyil də, həmin maddənin «e» bəndinə əsasən, yəni (çalışmanın son yaş həddinə çatma) xitam verilmişdir.

38. Məhkəmə kollegiyası İddiaçı xx.xx.1949-cu il təvəllüdlü olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə işçinin büdcədən maliyyələşən müəssisədə çalışmasının son yaş həddinə - 65 yaşa çatması əsası ilə xitam verilməsi barədə əmr qanuni və əsaslı olmuşdur. Çünki əmr qəbul edildiyi zaman artıq iddiaçının 65 yaşı tamam olmuşdur. Beləliklə də o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinin təsir dairəsinə düşmüşdür.

39. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğundur. Əmrin qanunvericiliyin tələblərinə zidd olması barədə hazırkı iddia tələbi əsassızdır, mübahisələndirilən əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmrin ləğv edilməsi hissədə iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından kollegiya iddia tələbinin digər hissələri ilə bağlı hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab etmir.

41. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(042)-856/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar