Məhkəmə qərarları › İş №2(104)-701/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-701/2023

07.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-701/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1048/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2022-ci il tarixli 77 saylı əmrinin ləğv edilməsi, onun öz əvvəlki iş yerinə yəni Maarif kənd tam orta məktəbin kargüzar vəzifəsinə işə bərpa olunması və buraxılmış günlər üçün əmək haqqının ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1048/2022 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayon Maarif kənd tam orta məktəbinin sabiq direktoru M.Məmmədovun xx.xx.2007-ci il tarixli 331№-li əmri ilə Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin katibəsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vəzifədə xx.xx.2022-ci il tarixədək işləmişdir. İşlədiyi müddətdə iş yoldaşlarının arasında və müdiriyyət tərəfindən heç bir narazılıq və rəhbərlik tərəfindən heç bir töhmət və tapşırıq almamışdır. Hal-hazırda həmin məktəbdə direktor vəzifəsini icra edən Cavabdeh xəbəri olmadan onu işdən azad etmiş və onun işdən çıxma əmrində öz ərizəsi əsasında çıxması qeyd edilmişdir. Onun qanunsuz olaraq işdən çıxarılmasına etiraz etdiyini bildikdə cavabdeh yenidən bir əmir yazaraq onun yaş həddi çatdığı üçün işdən azad edildiyini qeyd etməklə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Direktor Cavabdeh onun ilkin əmək kitabçasını dəyişdirərək yeni əmək kitabçası yazmış və burada öz saxtakarlığını ört-basdır etmişdir. Onun doğum haqqında şəhadətnaməsində, eləcə də şəxsiyyət vəsiqəsində doğum tarixi XX.XX.1957-ci il kimi qeyd edilmişdir. Valideynləri isə sağlığında onun xx.xx.1957-ci il tarixdə doğulduğunu bildirmişlər. Lakin valideyinlərin savadsızlığına görə onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində doğulduğu gün və ay qeyd edilməmişdir. Belə olan halda Cavabdeh onun yaş həddinin çatması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ƏM-nin “70”-ci maddəsinin “e” bəndini əsas gətirərək onu işdən azad etmişdir. Onun işdən azad edilməsinə dair direktor Cavabdeh əvvəlcədən heç bir xəbərdarlıq etmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə onu işdən azad etmişdir. Onun işdən azad olunması qanunsuzdur. Belə ki, ən azından o 2022-ci ilin dekabr ayın sonuncu iş gününə kimi onun əmək müqaviləsinə xitam verilə bilməzdi. Lakin, direktor öz vəzifə səlahiyyətlərindən suistifadə edərək onu işdən azad etmişdir. Halhazırda o öz əvvəlki iş yerinə bərpa olunmaq və buraxılmış günlər üçün əmək haqqının ödənilməsini istəyir Mülki iş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX.1957-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş və hazırda Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatdadır. Gədəbəy rayon İHB-nın Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, 482 saylı arayışdan görünür ki, Məmişova X1 İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 13 nömrəli təsərrüfatların uçotu kitabının 81-ci səhifəsində 1162 nömrəli şəxsi hesaba əsasən qeydiyyatdadır və hal-hazırda Maarif kəndində yaşayır. Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən verilmiş 13 sentyabr 2022-ci il tarixli, 00-01-390/10 saylı arayışdan görünür ki, Gədəbəy rayonu Maarif kənd tam orta məktəbində katibə-makinaçı vəzifəsində çalışmış İddiaçı aylıq əmək haqqı 390 manat təşkil etmişdir. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin katibəsi vəzifəsinə təyin edilmişdir. Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2022-ci il tarixli 77 №-li əmrinə əsasən İddiaçı – məktəbin kargüzarı çalışma yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 29 iyul 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş məktəbin 30 iyun 2022-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı – məktəbin kargüzarı çalışma yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 29 iyul 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. AZE******** nömrəli Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX.1957-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, onun təvəllüdü 1957-ci il olsa da şəxsiyyət vəsiqəsində gün və ay yazılmamışdır. Ona görə yaşının hansı ayda və gündə tamam olduğu məlum deyil. Bu səbəbdən də onun iş müqaviləsinin müddəti uzadıla bilərdi. Onu işdə saxlamaq imkanları olduğu halda bunu etməmişlər. Onun beş aylıq əmək haqqısı özünə qaytarılmalıdır. Ona məlumat verilmədən işdən çıxarılmışdır. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin xx.xx.2007-ci il tarixli 331 №-li əmri ilə həmin məktəbə katibə-makinaçı vəzifəsinə təyin edilmişdir. İddiaçı məktəbdə katibə-makinaçı işləmiş və çalışmanın yaş həddinə çatdığına görə Maarif kənd tam orta məktəbi üzrə xx.xx.2022-ci il tarixli, 77 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin İddiaçı 1957-ci ildə doğulsa da, onun hansı gün və ayda doğulması ona məxsus şəxsiyyət vəsiqəsində göstərilməmişdir. İddiaçı iddia etmişdir ki, valideynləri sağlığında onun xx.xx.1957-ci il tarixdə doğulduğunu bildirmişlər. Belə olan halda c onun yaş həddinin çatması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ƏM-nin “70”-ci maddəsinin “e” bəndini əsas gətirərək onu işdən azad edilməsi qanunsuz olmuşdur. Ən azından 2022-ci ilin dekabr ayın sonuncu iş gününə kimi onun əmək müqaviləsinə xitam verilə bilməzdi. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı verilməsi ilə bağlı yaranan mübahisədir və məhkəmə kollegiyasının qənaətinə görə mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında təhlil olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipi müəyyən edilərək göstərilmişdir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin a) bəndində əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndi göstərilmişdir. Həmin bənddə deyilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 müəyyən olunmuşdur. Eyni zamanda müəyyən olunur ki, iddiaçının 65 yaşı tamam olmuşdur. Bu halda iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndində müəyyən olnmuş dispozisiya şərtləri mövcud olmuşdur. Əmək Məcəlləsinin 84-cü maddəsinə müvafiq olaraq əmrdə müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, həmçinin əmək müqaviləsi ləğv edilən gün, ay və il dəqiq olaraq göstərilmişdir. Belə olan halda isə əmrin natamamlığından söhbət gedə bilməz. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmun və forması qanunla müəyyən olunmuş tələblərə uyğundur. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin katibəsi vəzifəsinə təyin edilmişdir. Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2022-ci il tarixli 77 №-li əmrinə əsasən İddiaçı – məktəbin kargüzarı çalışma yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 29 iyul 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı əmək müqviləsinə xitam verilərkən, şəxsiyyət vəsiqəsindən doğulduğu ay və günü müəyyən etmək mümkün olmadığından, yaş həddi hesablanarkən yaş həddinin tamam olduğu müddət xx.xx.2022-ci il hesab edilmişdir. Göründüyü kimi, cavabdehin şəxsiyyət vəsiqəsində doğum tarixi kimi XX.XX.1957ci il qeyd edilmişdir ki, bununla da cavabdehin doğulduğu ay və günü müəyyən etmək mümkün deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy rayonu Maarif kənd tam orta məktəbinin direktoru tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən onun doğulduğu ay və günü müəyyən etmək mümkün olmadığından yaş həddinin tamam olduğu müddət kimi xx.xx.2022-ci il hesab edilməklə düzgün qənaətə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfin bu dedikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). İddiaçının sübutları da MPM-nin 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyildir. Əsaslı şübhədən kənar sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə bilər. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçının sübutları da «əsaslı şübhədən kənar» sübut standartlarına uyğun deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının əmək müqaviləsi ləğv edilməmişdən qabaq məlumatlandırılmaması, onun izahatının alınmaması, işdən azad edilmə ilə bağlı pedaqoji şura iclasının keçirilməməsi, habelə əmrin əsaslandırılmaması barədə dəlilləri əsassızdır. Çünki, əmək qanunvericiliyi yuxarıda qeyd olunan normalar əsasında əmək müqaviləsinə xitam verilərkən işçinin əvvəlcədən xəbərdar edilməsi, onun izahatının alınması, habelə pedaqoji şura iclasının keçirilməsini tələb etmir. İddianın düzgün həlli üçün işin hallarının, çalışmanın yaş həddinə çatmış işçi ilə əmək müqaviləsinin uzadılması barədə Əmək Məcəlləsinin müddəalarının işığında təhlilinə də zərurət vardır. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Əmək Məcəlləsinin 10-1.6-cı maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Əvvəla qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin yuxarıda sadalanan normaları imperativ xarakter daşımır və işəgötürənin diskresion səlahiyyətlərinə (qanunla işəgötürənə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna), yəni orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərə aid edilmişdir. İşçisinin çalışma müddətinin uzadılması meyarları Əmək Məcəlləsində birbaşa müəyyən olunmamışdır. Lakin «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları» bu meyarların müəyyən olunması üçün əsas rolunu oynayır. Həmin Qaydalarla Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji işçilərin işə qəbulunu və yerdəyişməsi sahəsində təhsili idarəetmə orqanlarının, ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələri müəyyən edilir. Qaydaların 2.3-cü bəndində deyilir ki, çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin xx.xx.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. “Təhsilverənlərin peşəkarlığının inkişafının təmin edilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli 141 nömrəli əmrinə əsasən Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil fənnini tədris edən müəllimlər çalışmanın yaş həddinə çatdıqda onlarla əmək münasibətləri xüsusi prosedur əsasında tənzimlənir. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Göründüyü kimi, iddiaçı ilə çalışma müddətinin uzadılması üçün əsaslar son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin qalibi olması, müəssisədə ixtisaslı kadrın olmaması və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmaması, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükünün 18 saatdan aşağı olmamasıdır. İş materiallarına nəzər salındıqda isə müəyyən edilir ki, İddiaçı yuxarıdakı göstərilən və çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin uzadılmasına əsas verə bilən meyarlar yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş əmr Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddiaçının barəsində əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş əmrin ləğv edilməsi və iddiaçının köhnə işinə bərpa edilməsi tələbi əsassızdır. Məhkəmə kollegiyası iddianın məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissəsində də təmin edilməməklə birinci instansiya düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qanunidir. Birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməkdə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1048/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar