Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-703/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Əmlakın çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı Cavabdeh “cavabdehə məxsus əmlakın evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(013)-2288/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ağdam Rayon Məhkəməsinə təqdim etmək üçün verilmiş xx.xx.2022-ci il tarixli, 1045 saylı arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün İddiaçı, ünvan 1i ərazisində özünə məxsus, mişar daşından tikilmiş, ümumi sahəsi 156 kvadrat metr olan fərdi yaşayış evi vardır.
2. Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-929/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında olan Ağdam Rayon Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixdə, 98 sayla qeyd edilmiş nikah akt qeydi pozulmuşdur.
3. xx.xx.2006-cı il tarixli, 13 nömrəli məktubundan görünür ki, Ağdam rayonu, Şıxlar kənd sakini X2 Bələdiyyəsinə müraciət edərək, ona həyətyanı məqsədi ilə 0.08 ha torpaq sahəsi ayrılıb satılmasını xahiş etmişdir. Əliyanlı Bələdiyyəsi vətəndaşın ərizəsini müzakirə edərək, “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci abzasına əsasən bələdiyyə fondundan həyətyanı məqsədilə 0.08 ha torpaq sahəsi ayrılıb satılmasını məqsədəmüvafiq hesab etmişdir.
4. Bərdə rayon Əıiyanlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 11 saylı qərarından çıxarışdan görünür ki, Torpaq islahatı haqqında” Qanunun 19.-cu maddəsinin 2-ci abzasına əsasən, X5 bələdiyyə fondundan həyətyanı məqsədilə 0.08 ha torpaq sahəsi ayrılıb satılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus əmlakların ona məxsus ünvan 1i ünvanda yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, oğlu X4 cavabdehlə xx.xx.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurduqlarını, daha sonra aralarında olan nikah aktı qeydinin Ağdam Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(013)-929/2021 saylı qətnaməsinə əsasən pozulduğunu, cavabdehin ünvan 2 ünvanda yaşamasına baxmayaraq gəlin gəldiyi zaman gətirdiyi əmlakların dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, ona məxsus ünvan 1ində yerləşən evdən çıxartmadığını bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında iddianın əsasız olduğunu, sözügedən evin sənədinin olmadığı üçün iddiaçının da mülkiyyətçi kimi çıxış etmək hüququnun olmadığını, qızı Cavabdeh gəlin köçdükdən sonra həmin evdə yaşadığını, bu səbəbdən də əşyalarının həmin evdə olduğunu, qızının hazırda ünvan 3 ünvanda ona məxsus evdə yaşadığını bildimiş və qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(013)-2288/2022 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh məxsus əmlakların ünvan 1ində yerləşən İddiaçı məxsus evdən çıxarılması qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8, 225.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(013)-2288/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Onun həmin evdə yaşamaq hüququ var. Evin təmirində, tikintisində iştirak etmişdir. İşə baxılarkən həmin evə mülkiyyət hüququna dair sənədin nə vaxt alınmasına, evin kimin mülkiyyətində olmasına diqqət edilməmişdir. Mülkiyyətçinin iddiasına mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Hətta təqdim etdiyi natamam bələdiyyə sənədi Bərdə regional Ədliyyə İdarəsindən də qeydiyyatdan keçməmişdir. Sözügedən yerdə iki ev vardır. Biri nikah dövründə tikdirdikləri ev, digəri isə iddiaçıya aid evdir. Hakim cehiz əşyalarının hansı evdən çıxarılmasını aydınlaşdırmamışdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı göstərmişdir ki, evin hüquqmüəyyənedici sənədləri yoxdur. Evin yerləşdiyi torpaq sahəsi isə oğlunun adınadır. Həmin torpaq sahəsi bələdiyyədən alınmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
16. “M.Bağırovun şikayəti üzrə X7 Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
17. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il qərarında göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.
18. N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4 birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi. Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.
24. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
25. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh X3 məxsus əmlakların ünvan 1ində yerləşən evdən çıxarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki tələblə məhkəmə müdafiəsindən istifadə etməyə subyektiv hüququnun olub-olmamasını araşdırmadan iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının hazırda əmlakların çıxarılmasını tələb etdiyi ünvan 1ində yerləşən evə dair onun mülkiyyət hüququn olub-olmaması araşdırılmamışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, qeyd edilən ev heç kimin mükiyyətində deyildir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, sözügedən evin yerləşdiyi torpaq sahəsi Bərdə rayon Əliyanlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçının oğlu X1. Göründüyü kimi, iddiaçı fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməmiş, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə digər şəxsə məxsusdur. İddiaçının həmin fərdi yaşayış evi üzərində heç bir hüquqi ixtiyarı olmadığı üçün, onun tələb və müdafiə hüququ da yaranmır.
26. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin hüququ əsası yoxdur, onun belə bir tələblə məhkəmə müdafiəsindən istifadə etməyə subyektiv hüququ olmamışdır.
27. Apellyasiya instansiya məhkəməsi şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən düzgün hüquqi qiymət verilməməklə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(013)-2288/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh “cavabdehə məxsus əmlakın evdən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən imza var Hakimlər imzalar var
Düzdür Hakim Azər Bayramov