Məhkəmə qərarları › İş №2(104)-704/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-704/2023

26.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-704/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, «əmlak, pul və evə köçürülmə» tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(013)-2417/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. AZ-İ 397836 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Ağdam Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti 10 fevral 2011-ci il tarixli, 170 nömrəli müqavilədən görünür ki, Ağdam rayonu, Quzanlı-689 ünvanda müvəqqəti məskunlaşmış Cavabdeh və 5 nəfər ailə üzvünə 3 otaqlı, 17 saylı ev müvəqqəti məskunlaşması üçün ayrılmışdır.

3. Ağdam rayon Mənzil İstismar sahəsinin 23 dekabr 2022-ci il, 23 nömrəli arayışından görünür ki, Quzanlı-689 qəsəbəsində 170 nömrəli 3 otaqlı mənzil Cavabdeh, İddiaçı, X7, X5, Bayramova (Əliyeva) Şəhla İlhamiz qızı, X2 yaşamaq üçün verilmişdir.

4. Ağdam rayon İcra Hakimiyyəti başçısı Quzanlı köçkün qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2256 nömrəli arayışından görünür ki, Əliyeva X3 qəsəbəsi 170 saylı evdə qeydiyyatdadır.

5. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Ağdam rayon bölməsinin 46 nömrəli, 14 aprel 2023-cü il tarixli məktubunda qeyd olunur ki, Cavabdeh 5 nəfər ailə üzvü ilə birlikdə 10 fevral 2011-ci il tarixli, 170 nömrəli müqavilə əsasında Quzanlı-689 qəsəbəsində 170 nömrəli mənzildə məskunlaşmışdır.

6. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar departamentinin 143 nömrəli, 28 mart 2023-cü il tarixli məktubunda qeyd olunur ki, Cavabdeh yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Quzalı-689 qəsəbəsində 5 nəfər ailə üzvü ilə birlikdə evlə təmin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarının naturada və ya dəyəri olan 630 manat pulun, birgə nikah dövründə əldə edilmiş əmlakların dəyəri olan 6490 manat pulun ½ hissəsini təşkil edən 3245 manat pulun, birgə nikah dövründə aldıqları 3 baş iribuynuzlu malların dəyəri olan 1800 manatın ½ hissəsi olan 900 manat pulun, birgə nikah dövründə qazandıqları 700 manat pulun ½ hissəsini təşkil edən 350 manat pulun cavabdehdən alınıb ona verilməsi, bundan başqa onun Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən 3 otaqdan ibarət, 170 saylı evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan nikah aktı qeydi Ağdam Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha daxil olan zaman ona hədiyyə edilmiş üzük dəsti - 585 əyar, 08 qram, 350 manat dəyərində və üzük 750 əyar, 05 qram, 280 manat olmaqla cəmi dəyəri 630 manat, birgə nikah dövründə əldə edilmiş 900 manat dəyərində 1 ədəd soyuducu, 1200 manat dəyərində 1 ədəd televizor, 600 manat dəyərində 1 ədəd kondisioner, 600 manat dəyərində 1 ədəd paltaryuyan, 300 manat dəyərində 3 ədəd tək çarpayı, 100 manat dəyərində 1 ədəd tək çarpayı, 650 manat dəyərində divan-kreslo, xalça 4x320=1280 manat, 80 manat dəyərində 1 ədəd tozsoran, yorğan 5x50= 250 manat, döşək 5x70=350 manat, yastıq 6x30=180 manat olmaqla, cəmi 6490 manat dəyərində əmlaklarının, birgə nikah dövründə məşğulluqdan götürdükləri, hər birinin qiyməti 600 manat olmaqla 3 ədəd inəyin və 700 manat pul cavabdehin evində qalmış, bundan başqa cavabdeh qeydiyyatda olduğu Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 170 saylı, 3 otaqlı mənzildə yaşamasına imkan verməmiş, dəfələrlə Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını naturada və ya onların dəyəri olan 630 manat pulun, birgə nikah dövründə əldə edilmiş əmlakın və 700 manat nəğd pulun onun payına düşən ½ hissəsini tələb etsədə heç bir nəticəsi olmamış, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur.

9. Ağdam Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(013)-2417/2022 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbini əsaslandıran hər hasnı bir mötəbər sübut təqdim etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi ilə ailə başçısı kimi Cavabdeh arasında bağlanmış 10 fevral 2011-ci il tarixli, 170 nömrəli müqavilə ilə iddiaçı da daxil olmaqla 6 nəfər ailə üzvünə Ağdam rayonu, Quzanlı-69 qəsəbəsindən 3 otaqlı mənzil verilmişdir. Ağdam rayon Mənzil Kommunal İstismar sahəsi 23 dekabr 2022-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, Cavabdehlə birgə nikah dövründə olan zaman Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Ağdam rayon Mənzil-Kommunal İstismar Departamenti tərəfindən 2011-ci ildə Quzanlı-689 qəsəbəsindən 6 nəfər ailə üzvünə 170 nömrəli, 3 otaqlı mənzil verilmişdir. Həmin arayışdan görünür ki, iddiaçı həmin müqavilədə ailə üzvü kimi onun adını da qeyd etmişdir. Ağdam rayon İHB Quzanlı köçkün qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 dekabr 2022-ci il tarixli, 256 nömrəli arayışından görünür ki, iddiaçı hazırda da həmin evdə qeydiyyatdadır və həmin qəsəbədə müvəqqəti məskunlaşmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi ilə ailə başçısı kimi Cavabdeh arasında bağlanmış 10 fevral 2011-ci il tarixli, 170 nömrəli müqavilə ilə iddiaçı da daxil olmaqla 5 nəfər ailə üzvünə Ağdam rayonu, Quzanlı-689 qəsəbəsindən 3 otaqlı mənzil verilmişdir. Birgə nikah dövründə əldə etdiyi əşyaları həmin evdə qaldığından və mübahisəli ev onlara məcburi köçkün kimi verildiyindən evə köçürülməsini xahiş edir. İddianın qızıl-zinət tələbi ilə bağlı, yəni tələb olunan qızılların olmasını təsdiq edən hər hansı sübutu və ya foto şəkili yoxdur. 700 manat pulu isə oğlu işləyib qazanmışdır, ona görə də yarısı oğluna verilməlidir. Bundan başqa cavabdehə Məşğulluq idarəsi tərəfindən 3 baş inək verilmişdir. Hesab edir ki, həmin hevanlarda birgə nikah dövründə əldə edildiyindən dəyərinin yarısı alınıb ona verilməlidir. Hazırda qızları evli olduğundan oğlu ilə yaşayır, mübahisəli ev sosial ev olduğundan evə köçürülməsini tələb edir.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, iddiaçının həmin evdə qalmasına etiraz etmir. Tələb edilən və birgə nikah dövründə əldə olunan əmlaklar mövcuddur və hazırda mübahisəli evdədir. Qızılzinət əşyaları ilə bağlı bildirir ki, iddiaçının heç bir qızıl-zinət əşyası olmamışdır. 3 baş inək isə onun özünə məşğulluq idarəsi tərəfindən əvvəzsiz olaraq verilmiş, heyvanların saxlanması ilə bağlı məşğulluq idarəsi ilə onun arasında müqavilə bağlanmışdır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Konstitusiyası:

26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.3-cü maddəsinə görə, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür:

17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: ..... 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin təyinatı Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-avadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak daxildir.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “evə köçürülmə və birgə nikah dövründə alınan əmlakların dəyərinin tələb edilməsi” hissəsində ləğv olunmalı, yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

22. Göründüyü kimi hazırki iddia əmlak tələbi və evə köçürülmə olmaqla iki hissədən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməməsinə dair qətnamə qəbul etmişdir.

23. İşin hallarından məlum ki, tərəflər birgə nikahda olmuşlar və bu nikah Ağdam Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırki halda iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarını, birgə nikah dövründə əldə olunan ev əşyaları, eyni zamanda nağd pul olmaqla əmlakın ½ hissəsinə uyğun olaraq məbləğinin cavabdehdən alınaraq verilməsini və mənzilə köçürülməsini tələb etmişdir.

24. Məhkəmə tərkibi ilkin olaraq iddia tələbinin evə köçürülmə hissəsinə hüquq qiymət verərkən hesab edir ki, qeyd edilən tələb üzrə nəzərə alınmalı prioritet hal mənzilin mülkiyyət növü olmuşdur.

25. Belə ki, mübahisə olunan mənzil cavabdehin və ya iddiaçının xüsusi mülkiyyətində olmamış, sosial təyinatlı mənzil olmaqla dövlət mülkiyyətində olmuş, iddiaçı və cavabdehə sosial statuslarına görə müqavilə əsasında verilmişdir. Qeyd edilən kateqoriya mənzildə yaşamaq və istifadə hüququ olan subyektlərin dairəsi konkretdir və həmin subyektlər dairəsinə məcburi köçkün statusu olan şəxslər aiddir.

26. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət komitəsi Mənzil İstismar Departamentinin 143 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan və xx.xx.2011-ci il tarixli, 170 nömərli kirayə müqaviləsindən məlum olur ki, Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında 5 nəfər ailə üzvi ilə birlikdə Ağdam rayonu, Quzanla 689 qəsəbəsində 170 nömrəli 3 otaqlı evlə təmin edilmişdir.

27. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət komitəsi Ağdam rayon bölməsinin xx.xx.2023-cü il tarixli, 46 nömrəli məktubunda qeyd edilir ki, məcburi köçkün Cavabdeh xx.xx.2011-ci il tarixli, 170 nömrəli müqavilə əsasında 5 nəfər ailə üzvləri ilə birgə Ağdam rayonu, Quzanla 689 qəsəbəsində 170 nömrəli mənzildə ailə tərkibi ilə məskunlaşmışdılar. Ailə tərkibi -Cavabdeh Məhəddin oğlu- ailə başçısı, İddiaçı -həyat yoldaşı, X7, X6, X5 və X1 (vəfat etmişdir) ibarətdir.

28. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi.

29. Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər.

30. 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

31. Qeyd edilən maddi normalara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki halda hər iki tərəf: iddiaçı və cavabdeh məcburi köçkün statusuna malik olmaqla mübahisə predmeti olan mənzildən istifadə hüququna malikdirlər. Onların istifadə hüququ bərabər əsasla təmin edilmiş və nikahın qüvvədə olmasından asılı deyildir. İddiaçının həmin mənzilə köçürülməsinə və istifadə hüququnun realizəsinə maneə yaradılması onun məcburi köçkün kimi sosial müdafiəsinə və təminatına birbaşa xəlil gətirir.

32. Qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

33. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir.

34. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

35. Göründüyü kimi iddiaçı xüsusi olaraq dövlət qayğısına ehtiyacı olan aztəminatlı ailə sosial qrupuna aid edilmişdir, iddiaçının faktiki və hüquqi olaraq mənzil hüququ məhdudlaşdırıldığından məhkəmə kollegiyası birinci instansiya hüquqi mövqeyini əsassız hesab edir.

36. Məhkəmə kollegiyası iddianın əmlak tələbi hissəsi ilə bağlı qeyd edir ki, istər birinci instansiya məhkəməsində toplanan materiallarda, istərsə də apellyasiya icraatı zamanı iddiaçı qızıl-zinət əşyalarının mövcud olması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmiş, cavabdeh isə qeyd olunan qızıl-zinət əşyalarının olmadığını bildirmişdir.

37. Belə olan halda məhəkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının mövcudluğu mübahisə doğurduğundan, iddiaçı tərəfindən buna dair heç bir sübut təqdim olunmadığından iddianın həmin hissədə rədd edilməsi qanuni və əsaslıdır.

38. Birgə nikah dövründə alınmış əmlakla-ev əşyaları ilə bağlı cavabdeh məhkəmə iclasında verdiyi izahatında həmin əşyaların faktiki olmasını və birgə nikah dövründə alınmasına etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli evə köçürüldüyündən və dəyəri tələb edilən əmlaklar mübahisəli evdə olduğundan birgə nikah dövründə əldə olunan əmlak tələbinə dair iddia qismən təmin edilməli 900 manat dəyərində 1 ədəd soyuducu, 1200 manat dəyərində 1 ədəd televizor, 600 manat dəyərində 1 ədəd kondisioner, 600 manat dəyərində 1 ədəd paltaryuyan, 300 manat dəyərində 3 ədəd tək çarpayı, 100 manat dəyərində 1 ədəd tək çarpayı, 650 manat dəyərində divankreslo, xalça 4x320=1280 manat, 80 manat dəyərində 1 ədəd tozsoran, yorğan 5x50= 250 manat, döşək 5x70=350 manat, yastıq 6x30=180 manat olmaqla, cəmi 6490 manat dəyəində olan əmlaklar tərəflər arasında real olaraq bölünməlidir.

39. Belə ki, hazırki qətnamə ilə iddiaçının mübahisəli evə köçürülməsi təmin edildiyindən onunda həmin əmlaklardan istifadə hüququ bərpa edilmişdir.

40. İddianın 700 manat pul tələbi ilə bağlı hissəsinə dair məhkəmə tərkibi hesab edir ki, iddiaçı həmin pul məbləğinin oğluna məxsus olduğunu bildirdiyindən qeyd olunan tələbi irəli sürməkdə iddiaçının subyektiv hüququ olmamışdır.

41. Birgə nikah dövründə alınması qeyd edilən üç baş inəyin dəyərinin ikidə bir hissəsinin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, təqdim olunan 08 iyun 2022-ci il tarixli, 2022/ÖM/03481 nömrəli “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqaviləyə əsasən özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq, digər əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir, bir illik monitorinq müddəti bitdikdən sonra həmin şəxsin istifadəsinə verilir.

42. Göründüyü kimi qeyd olunan heyvanlar iddiaçıya əvəzsiz olaraq verildiyindən nikah dövründə birgə əldə edilmiş əmlak hesab oluna və tərəflər arasında bölünə bilməz.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

45. Beləliklə məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “evə köçürülmə və birgə nikah dövründə alınan əmlakların dəyərinin tələb edilməsi” hissəsində ləğv olunmalı, yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(013)-2417/2022 nömrəli qətnaməsi “evə köçürülmə və birgə nikah dövründə alınan əmlakların dəyəri olan 6490 manatın ikidə bir hissəsi olan 3245 manat pul tələbi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı Ağdam rayonu, Quzanlı-689 qəsəbəsində yerləşən 3 otaqdan ibarət, 170 saylı evə köçürülsün. Birgə nikah dövründə əldə edilmiş 1 ədəd dəyəri 900 manat olan soyuducu, 1 ədəd dəyəri 600 manat olan paltaryuyan, 1 ədəd dəyəri 100 manat olan tək çarpayı, dəyəri 650 manat olan divan-kreslo dəsti, dəyəri 640 manat olan 2 ədəd xalça, dəyəri 100 manat olan 2 ədəd yorğan, dəyəri 140 manat olan 2 ədəd döşək, dəyəri 90 manat olan 3 ədəd yastıq üzərində İddiaçı, 1 ədəd dəyəri 1200 manat olan televizor, 1 ədəd dəyəri 600 manat olan kondisoner, 2 ədəd dəyəri 200 manat olan tək çarpayı, 1 ədəd dəyəri 100 manat olan taxt çarpayı, dəyəri 640 manat olan 2 ədəd xalça, dəyəri 80 manat olan tozsoran, dəyəri 150 manat olan 3 ədəd yorğan, dəyəri 210 manat olan 3 ədəd döşək, dəyəri 90 manat olan 3 ədəd yastıq üzərində Cavabdeh mülkiyyətinə verilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən İddiaçı və qətnamənin «evə köçürülmə hissəsindən» Cavabdeh tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar