Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-713/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynov Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi (qardaşı) X4, Cavabdeh iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-2129/2022 saylı mülki iş üzrə 01 noyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan, evlənmə haqqında İ ДВ 620977 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını xx.xx.2008-ci il tarixdə rəsmi qeydə aldırmışlar.
2. İş materiallarında olan Doğum haqqında İ ДВ 870023, İ ДВ 711627 və İ ДВ 716633 saylı şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Pərnisə, xx.xx.2007-ci il tarixdə Pərvanə və xx.xx.2012-ci il tarixdə Pərvin adlı uşaqları doğulmuşdur.
3. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə doğulmuşdur.
4. İş materiallarında olan ölüm haqqında AZ İİ 288634 saylı şəhadətnamənin surətindən göürünür ki, (Cavabdeh atası) X7 xx.xx.1995-ci il tarixdə ölmüşdür.
5. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsintərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2041 saylı arayışdan görünür ki, (Cavabdeh anası) X5 xx.xx.2004cü il tarixdə ölmüşdür.
6. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Tovuz rayonu Alakol kəndində yerləşən ümumi sahəsi 61.5 kv.m. olan fərdi yaşayış evi üzərində X6 mülkiyyət hüququ 308 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınaraq texniki pasport tərtib edilmişdir. Arxiv məlumatlarına əsasən X1 adına Tovuz rayonu Alakol kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN-330A nömrəli şəhadətnamə ilə 0.26 ha həyətyanı torpaq sahəsi olması qeyd edilmişdir. Cavabdeh fərdi yaşayış evi qeydə alınmamışdır.
7. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın dəvlət reyestrindən ********* saylı, xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Tovuz rayonu Alakol kəndində yerləşən ümumi sahəsi 57,6 kv.m. olan fərdi yaşayış evi üzərində X6 mülkiyyət hüququ və evin yerləşdiyi 0, 2582 ha həyətyanı torpaq sahəsi X1 adına qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və uşaqlarının Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Pərnisə, xx.xx.2007-ci il tarixdə Pərvanə, xx.xx.2009-cu il tarixdə Pərvinə və xx.xx.2012-ci il tarixdə Pərvin adlı uşaqları doğulmuşdur. Evlənən gündən Tovuz rayonu Alakol kəndində yerləşən mərhum qaynatası Nəsir Binnətova məxsus fərdi yaşayış evinə köçmüşdür. Həmin evdə pasport qeydiyyatındadır, habelə ona verilmiş cehiz əşyaları da həmin evə yığılmışdır. Evə gəlin köçən zaman ev tam hazır olmamış, birgə nikah münasibətləri dövründə evdə əsaslı təmir işləri görmüşlər. Həyətyanı torpaq sahəsində 2007-ci ildə xurma ağacları əkmişdir. Uşaqları ilə birlikdə 18 il fasiləsiz həmin evdə yaşamışlar. Cavabdeh isə evin qaz, işıq, su və internet xətlərini kəsməklə onun, həmçinin uşaqlarının evdən istifadə hüquqlarını pozur. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
10. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə evdən çıxarılma” tələbinə dair məhkəməyə iddia ərizəsi verərək cavabdehin onun mülkiyyətində olan Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə 2000 manat məbləğində kompensasiya verilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında Minarə Tağıyeva ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin hazırda həmin evdə yaşamadığını, bu əsasa görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və Tovuz Rayon Məhkəməsinin 2(062)- 2129/2022 saylı mülki iş üzrə 01 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və izahatında bildirmişdir ki, cavabdeh ilə olan nikahının pozulması barədə iddiası məhkəmənin icraatındadır. Cavabdeh onu evdən zorla çıxarmışdır. Hazırda uşaqları ilə birlikdə qardaşının himayəsində yaşayır, lakin həmin ev onların birgə yaşamalarına uyğun deyildir. Mübahisəli fərdi yaşayış evi mərhum qaynatasına məxsus olsa da, evdə birgə nikah münasibətləri dövründə xeyli təmir işləri aparmışlar. Bu, onun və cavabdehin birgə vəsaiti hesabına edilmişdir. Onun evdən çıxarılması ona və uşaqlarına qarşı edilmiş haqsızlıqdır. Uzun illərdir ki, həmin evdə yaşayır və başqa yaşayış evləri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi onun mərhum atası Nəsir Binnətovun mülkiyyətindədir. Özü Rusiya Federasiyasında yaşayır və şəxsi evi oradadır. Ümumiyyətlə 1990-cı illərdən Rusiya Federasiyasına üz tutmuş və daimi yaşayış yeri kimi oranı özünə seçmişdir. Bununla belə valideynlərinə tez-tez baş çəkməyə gəlmişdir. İddiaçı ilə faktiki ailə münasibətlərinə 2004-cü ildə girmişlər, evləndikdən qısa müddət sonra Rusiya Federasiyasına getmişlər. Çünki, daimi iş və yaşayış yeri oradadır, hazırda da orada yaşayır. Həmçinin iddiaçı ilə nikahları da rəsmi qaydada orada qeydə alınmış, uşaqları da orada doğulmuşdur. İddiaçının dedikləri həqiqətə uyğun deyildir. İddiaçı həmin evdə fasiləsiz olaraq 18 il yaşamamışdır. İddiaçı ilə ailə münasibətlərinin pozulmasına səbəb isə iddiaçının ona xəyanət etməsi olmuşdur. Mübahisəli yaşayış evi onun mərhum atasına məxsus olmuş, atası 1995-ci ildə vəfat etmiş, ondan qalmış miras əmlak mərhum anası və bacısı tərəfindən qəbul edilmişdir. Özünün Rusiyada şəxsi evi olduğundan mirasın qəbulu üçün hər hansı addım atmamışdır. Yalnız atasının dəfinində iştirak etmiş, daha sonra isə geri qayıtmışdır. Hazırda isə iddiaçının ondan ev tələb etməsi əsassızdır. Onun evi yoxdur ki, iddiaçı da ora köçməyi tələb etsin. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Tovuz Rayon Məhkəməsinin 2(062)-2129/2022 saylı mülki iş üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: F.Əliyev) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-2129/2022 saylı mülki iş üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamə qanunsuz və əsassız olmaqla yanaşı qətnaməni qəbul edən hakim tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə qətnamənin əsası kimi onun köçürülməli olduğu evin mülkiyyətçisi ilə yazılı razılaşmasının olmamasını qeyd etsə də, nəzərə almamışdır ki, o, gəlin köçən zaman evin mülkiyyəçisi X9 vəfat etmişdir, onunla yazılı müqavilə bağlamaq mümkünsüz olmuşdur. Bundan əlavə məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, həmin evə gəlin köçdükdən sonra evdə əsaslı təmir, yenidənqurma və bərpa işləri aparmışlar. Həmçinin onun və uşaqlarının başqa yaşayış evi yoxdur. Həmin evdə pasport qeydiyyatındadırlar. Hazırda azyaşlı uşaqları ilə bilikdə kirayədə yaşayır, heç bir yerdə işləmədiyi üçün kirayə pulunu verməkdə çətinlik çəkir, yəni kirayə pulunu qardaşının köməyi ilə ödəyir. Məhkəmə qətnamədə Mülki Məcəllənin 123 və 228-ci maddələrinə əsaslansa da, həmin maddənin tələbləri işin faktiki hallarına uyğun gəlmir. Belə ki, o, mübahisəli evə 2004-cü ildə gəlin köçmüş, mülkiyyətçi isə onun gəlin köçdüyü vaxtdan təxminən 9 il əvvəl – 1995-ci ildə vəfat etmişdir. Bu da onu deməyə əsas verir ki, həmin evin mülkiyyətçisi ilə yazılı müqavilə bağlaması qeyri-mümkün olmuşdur. Qeyd etdiklərini məhkəmə baxışı zamanı da bildirsə də, hakim nədənsə bu halları nəzərə almamışdır. Bundan əlavə hakim öz qətnaməsini yalnız cavabdehin və onun vəkilinin izahatı ilə tərtib etmiş, onun təqdim etdiyi sənədləri qətnamədə qeyd etsə də, həmin sübutlara hüquqi qiymət verməmiş, eləcə də maddi və prosesssual hüquq normalarını kobud şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmədə iştirak edən İddiaçı və nümayəndəsi (qardaşı) X10 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, onlar ailə qurduqdan 1 gün sonra Rusiya Federasiyasına getmiş, orada yaşamışlar. Cavabdehlə ailə qurarkən hazırda köçürülməsi barədə iddia tələbini irəli sürdüyü ev təmirli olmadığından cehiz əşyalarını aparmamış, bir müddət sonra evi təmir etdirərək, bundan sonra cehizlərini heç kimin etirazı olmadan həmin evə yığmış, Azərbaycan Respublikasına gələrkən həmin evdə yaşamışlar. Evin təmir pulunu cavabdeh özü göndərmiş, təmir işlərinin isə onun atasıgil gördürmüşlər. Sonra aralarında nazarılıqlar yarananmış, 2022-ci ilin sentyabr ayının 7də onları evdən döyüb qovmuşlar. Hazırda 4 uşaqla kirayədə yaşayırlar.
19. Məhkəmədə iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçı onunla ailə qurduğu 2004-cü ildə gəlin kimi məhz mübahisəli evə gəlmişdir. Evləndikləri zaman iddiaçı heç nə gətirməsə də, sonradan əşyalarını həmin evə gətirmişdir. Son vaxtlar iddiaçı ilə aralarında narazılıq yaranması səbəbindən iddiaçı bir çox əşyalarını aparsa da, hazırda iddiaçıya məxsus olan əşyaların bir hissəsi həmin evdədir. İddiaçının köçmək istədiyi ev atasından miras qalmış evdir, o həmin mirası faktiki qəbul etməmişdir. Yəni, iddiaçının köçməsi üçün onun Azərbaycan Respublikasında evi yoxdur. Sonda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):
20. Maddə 53.( 3-cü və 4-cü hissələri) - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü issəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
21. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu 22.Maddə 5 . Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
23. Maddə 1 9 . Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
29. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
30. Maddə 386.Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir. Məhkəmə iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, kollegiya qeyd edir ki, iddiaçı Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evinə 2004-cü ildə ködüyündən iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsi ilə bağlı tələbə 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinin isə hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddiaçının həmin tələbi təmin edilməlidir.
35. Məhkəmə kollegiyası aparılmış araşdırmalar nəticəsində hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına tətbiq edilməli olmayan maddi hüquq mormalarının tətbiq edilməsi ilə qəbul edildiyindən əsassız sayılmalı və ləğv edilməlidir.
36. Belə ki, iş materiallarından görünür ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi hazırda da cavabdehin mərhum atası X2 adına mülk kimi qeydiyyatda qalmaqdadır. Mülkiyyətçi X7 1995-ci ildə ölmüş, iddiaçı isə mübahisəli evə 2004-cü ildə gəlin köçmüş və həmin evə qeydiyyata düşmüşdür.Cavabdehlə bir ailə kimi yaşadıqları uzun müddət ərzində iddiaçının və uşaqlarının həmin evdə yaşamasina hər hansi bir başqa şəxs etiraz etməmişdir. Yəni, həmin evə cavabdehin faktiki sahiblik etmasinə heç kəs etiraz etməmişdir. Buradan görünür ki, məhkəmə iddiaçı ilə mülkiyyəçi arasında yazılı razılığının olmaması əsası ilə iddianı rədd etsə də, işin faktiki hallarına görə, evin mülkiyyətçisi iddiaçının həmin mənzilə köçməmişdən təxminən 9 il əvvəl ölmüşdür. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah qüvvədədir, yəni iddiaçı cavabdehin ailə üzvü sayılır. Cavabdeh isə həmin evin ona məxsus olmadığını qeyd etsə də, işin faktiki hallarından görünür ki, mübahisəli ev hazırda da mülk kimi cavabdehin mərhum atası Nəsir Binnətovun adına olsa da uzun illərdir ki, heç kəs tərəfindən etiraz edilmədən cavabdehin faktiki sahibliyindədir. Ona görə də kollegiya hesab edir ki, həmin yaşayış evi barəsində mərhum Nəsir Binnətovun qanun üzrə birinci növbəli vərəsəsi kimi cavabdehin mülkiyyət hüququnun real gözləntisi vardır. Həmçinin kollegiya qeyd edir ki, tərəflərin birgə nikahından anadan olmuş 4 uşaq həmin evdə qeydiyyatda olmaqla, analarinin yanında yaşamışlar. Hazırki vəziyyətdə həmin uşaqların, eləcə də iddiaçının yaşamağa başqa bir mənzil yoxdur. Halbuki, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilərək İddiaçı dörd nəfər yetkinlik yaşina çatmayan uşaqları ilə birlikdə mərhum X2 adına mülk kimi qeydə alınmış, Tovuz rayonunun Alakol kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2129/2022 saylı mülki iş üzrə 01 noyabr 2022ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilsin. İddiaçı dörd nəfər yetkinlik yaşina çatmayan uşaqları ilə birlikdə mərhum X2 adına mülk kimi qeydə alınmış Tovuz rayonunun Alakol kəndində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.