Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-716/2025 10.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı üş üzrə Gədəbəy Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(042)-601/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlərCavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı Gədəbəy Rayon Məhkəməsidə iddia qaldıraraq cavabdehlər tərəfindən zəbt edilmiş JN 0182 seriyalı Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin boşaldılması və edilən hər cür maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(042)-601/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(042)-601/2023 nömrəli qərardadı ilə qətnamədəkı yanlışlıqların düzəldilməsi qərara alınmışdır. Qətnamə 05 fevral 2024-cü il tarixdə icra edilməsi üçün Gədəbəy rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh Orucova X2 Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(042)- 601/2023 saylı qətnamədən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Gədəbəy Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(042)-601/2023 saylı qərardadı ilə, ərizə təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(042)-601/2023 saylı qətnamədən apellyasiya şikayəti verilməsi müddəti Cavabdeh1 münasibətdə bərpa edilmişdir. Qərardadından narazı qalan İddiaçı şikayət vermişdir. Gədəbəy Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(042)-601/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1. maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəzəzə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt edilmiş JN 0182 seriyalı Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin boşaldılması və edilən hər cür maneələrə son qoyulması tələbinə dair iddiası Gədəbəy Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(042)-601/2023 nömrəli qətnaməsi ilə təmin edilmiş və qətnamə 05 fevral 2024-cü il tarixdə icra olunması üçün Gədəbəy rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Göründüyü kimi qətnamə icraya yönəldikdən təxminən bir müddət sonra Cavabdeh1 prosessual müddətin bərpasına dair ərizə vermişdir. Qətnamənin verilməsi barədə sonuncunun adına göndərilən poçt sənədi geri qaytarılsa da, lakin məhkəmə prosessual müddəti bərpa edərkən, icra orqanından icra sənədinin icra vəziyyəti barədə müvafiq sənədlər (icraata qəbul qərarı, tələbin könüllü icrası barədə bildirişin borclulara göndərilməsi və həmin sənədlərin alınıb-alınmaması, eləcə də icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən borclu Cavabdeh1 izahatının alınıb-alınması və s.) alınıb araşdırmamışdır. Halbuki, Cavabdeh1 ərizəsinə hüquqi qiymət verilərkən işin qeyd olunan bu halları xüsusi önəm kəsb edir. Belə ki, Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X4 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Eyni zamanda diqqətə alınmalıdır ki, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(042)-601/2023 nömrəli qərardadı ləğv edilməli, həmin məhkəmənin 26 dekabr 2023-cü il tarixli 2(042)-601/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılıb hüquqi qiymət verilməsi üçün mülki iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-156, 263-264, 357, 360, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunsun. Gədəbəy Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(042)-601/2023 nömrəli qərardadı ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(042)-601/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsinə, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılıb hüquqi qiymət verilməsi üçün mülki iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-716/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-716/2025
10.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver