Məhkəmə qərarları › İş №2(104)-717/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-717/2023

27.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-717/2023 27.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı, və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(125)-830/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin ona məxsus Gəncə şəhəri X5 ərazisində yerləşən 400 kv.m torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və tikilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətanamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(125)-830/2022 nömrəli (hakim Z.Hüseynov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməsi; İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçmiş Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokoluna əsasən ona X5 ərazisindən 400 kv m torpaq sahəsi ayrılmışdır. Cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmiş və həmin hissəni hasara almışdır. Dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsini boşaltmasını bildirsə də, sonuncu bundan imtina etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmiş və buna görə çıxarış ala bilmir. Halbu ki, mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ var. Çizgi planınına əsasən torpaq sahəsinin 400 kv.m olması göstərilmiş, lakin zəbt olunduğuna görə sahə azalmışdır. Eləcədə həmin torpaq sahəsinin ona verilməsi ilə bağlı keçmiş Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokolu mövcuddur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin məzmununa və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Təmir-Tikinti Trestində işləyən zaman mübahisəli torpaq sahəsi ona verilsədə cavabdeh həmin ərazinin bir hissədini zəbt etmişdir. Hazırda Məhsəti qəsəbəsində yaşayır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, birinci Qarabağ müharibəsində qardaşı ıəhid olub. Torpaq sahəsini 2013-cü ildə İcra hakimiyyətin ona vermiş və icra hakimiyyətinin nümayəndəsi ayrılan torpağı ona göstərmişdir. 2014-cü ildə evin tikintisi üçün bünövrə tökdürmüşdür. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokoldan çıxarışın surətindən görünür ki, İddiaçı X5 ərazisindən 400 kv m torpaq sahəsi ayrılmışdır. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 19 dekabr 2013-cü il tarixli 2028 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri Məhsəti qəsəbəsindəki 400,0 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Kirovabad şəhər XDS İK-nin 23 avqust 1988-ci il tarixli 11 nömrəli qərarına və “Dostluq” bağçılıq yoldaşlıq birliyi həmkarlar təşkilatının 23 sentyabr 1989-cu il tarixli protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış 400,0 kv.m torpaq sahəsinə dair araşdırma aparılması qeyd olunmuşdur. Sözügedən torpaq sahəsinə dair daxil olmuş iş materiallarında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmadığından qərardad suallarının cavablandırlması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 149, 180 maddələri və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4, 67-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140 maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Həsənov X2 şəhər X4 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokoluna əsasən X5 ərazisindən ona 400 kv m torpaq sahəsi ayrılmasını və həmin torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasına təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 23 yanvar 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, 3 nömrəli MRTTT bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməmişdir. Eləcədə Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşür.. Göründüyü kimi, Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokoluna əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi əraziyə dair iddiaçı tərəf məhkəməyə hüquqmüəyyənedici, yəni torpaq sahəsinin cizgi planı, təhvil-təslim akt və digər sənədləri məhkəməyə təqdim etməmişdir. Halbu ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən və Cavabdeh faktiki sahibliyində olan 400 kv.m torpaq sahəsinin bir hissəsinin Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokoluna əsasən İddiaçı ayrılmsı iddia olunana 400 kv.m torpaq sahəsinin daxilində olması sübuta yetirilmədiyindən, kollegiya hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384., 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(125)-830/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar