Məhkəmə qərarları › İş №2(104)-718/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-718/2025

12.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-718/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi (qızı) X13 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “əşyaların torpaq sahəsindən çıxarılması” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-451/2024 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-451/2024 saylı qətnaməsi ilə (hakim G.Şirinov) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə məhkəmə ekspertiza xərci 125 (yüz iyirmi beş) manatın ilk iddia üzrə İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-451/2024 saylı qərardadı ilə (hakim G.Şirinov) ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “əşyaların torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Qətnamə ilə razılaşmayan ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-451/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-451/2024 saylı qərardadı mübahisələndirilməmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus əşyaların ona məxsus Samux rayonu, Alıuşağı kəndi ərazisində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 22 aprel 2017-ci il tarixdə Cavabdeh Samux rayonu, Alıuşağı kəndi ərazisində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsini almışdır. xx.xx.2017-ci il tarixli, 4Ə-242 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini Gəncə şəhər 5 saylı Dövlət Notariat Kontorunda bağladıqdan sonra sözügedən torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsini aldıqdan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh özünə məxsus əşyaları sözügedən torpaq sahəsi və torpaq sahəsində olan evdən çıxarmamışdır. Bununla bağlı o, Cavabdeh müraciət etmiş, lakin cavabdeh əşyaların çıxarılması barədə heç bir addım atmamışdır. O, həmin məsələ ilə bağlı Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, Samux rayon Polis şöbəsi tərəfindən ərizəyə cavab məktubu göndərilmiş, məktubda müraciət mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O, Cavabdeh məxsus əşyaların ona məxsus torpaq sahəsi və torpaq sahəsində yerləşən evdən çıxarılmasını dəfələrlə xahiş etməyinə baxmayaraq, Cavabdeh əşyalarını götürməkdən imtina etmişdir. Cavabdehə məxsus olan əşyaların ona məxsus torpaq sahəsi və torpaq sahəsində olan evdə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun torpaq sahəsi və torpaq sahəsində olan evdən istifadə etmək hüququnu məhdudlaşdırır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək onunla İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ№ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli, AN-İ№ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mümkün olmadıqda, 0.25 ha torpaq sahəsinin dəyərinin 16000 manatının və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə sərf olunmuş xərcin 35000 manatın, ödənilmiş 243 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq ona ödənilməsi,nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının iddia tələbi əsassızdır. O, xx.xx.1960-cı il tarixdə Samux (keçmiş Xanlar) rayonu, Alıuşağı kəndində anadan olmuşdur. X1 və anası X6 olmuşdur. Onlar 7 uşaq olmuşlar, onlardan 4 nəfəri qız, 3 nəfəri isə oğlan olmuşdur. 7 nəfər uşaqdan o, bacısı X9 və X2 həyatdadır. O, 1981-ci ildə ailə həyatı quraraq Gəncə şəhərinə köçmüşdür. Ailə həyatı qurmağına baxmayaraq həyat yoldaşı X32 ilə birlikdə hər zaman atasının və anasının qayğısını çəkmişlər. Çünki qardaş və bacılarından 4 nəfəri atasının və anasının sağlığında gənc yaşlarında vəfat etmişlər. Bütün ailənin qayğısını o və həyat yoldaşı çəkdiyi üçün qarşılığında anası X6 mübahisələndirilən torpaq sahəsini ona 2015-ci il tarixdə bəxşeyiş etmişdir. xx.xx.2015-ci il tarixdə Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin vaxt torpaq sahəsinin üzərində köhnə qəzalı vəziyyətdə olan tikili olmuşdur. Mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra köhnə tikilini hissə-hissə sökərək, yəni fərdi yaşayış evi tikməyə başlamışdır. Yeni tikili bacısının və qardaşının gözünü açmağa başlamışdır. Bir dəfə də olsun valideynlərinə qayğı və diqqət göstərməyən şəxslər torpaq sahəsi və yeni tikili ilə bağlı söz-söhbət salmağa başlamışlar. Belə ki, X2 Rusiya Federasiyasının Krasnoyarsk vilayətindən 2017ci il tarixdə geri qayıtmış, həmin vaxt anaları Leyla həyatda olmuşdur. Qardaşı bildirmişdir ki, mübahisəli torpaq sahəsi ata mülküdür və ata mülkündə yad oğul ola bilməz. Ailə daxili münaqişələri dözülməz hal almış, bir tərəfdə yataqda olan anaları, digər tərəfdə qardaşı və digər tərəfdə isə həyat yoldaşı Vaqif Rzayev vardır. Həmin vaxta qədər fərdi yaşayış evinin tikintisinə 35000 manat pul xərcləmişlər. Həmin vəsaitlə onlar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində həyat yoldaşı Vaqif Rzayevə məxsus olan 6 sot torpaq sahəsində fərdi yaşayış evi tikə bilərdilər. Həyat yoldaşı Vaqif Rzayev qardaşı Nağı Həsənova bildirmişdir ki, çəkilmiş xərci və torpaq sahəsinin pulunu qardaşı ödəsin, evi və torpaq sahəsini qardaşının adına rəsmiləşdirsinlər. Lakin X2 bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşıdır, torpaq sahəsi qardaşının adına keçsə bir ildən sonra dövlətin balansına keçəcəkdir. X2 torpaq sahəsinin qardaşı oğlu İddiaçı adına keçməsini istəmiş, lakin yoldaşı və o, bu təkliflə razı olmamışlar. Çünki Tariyel bir qohum kimi özünü doğrultmamışdır. Bu səbəbdən də, düşünmüşlər ki, torpaq sahəsini İddiaçı adına rəsmiləşdirsələr əvvəlcədən qohum-qonşuların iştirakı ilə sənəd tərtib etsinlər. Onun İddiaçıla razılığı ondan ibarət olmuşdur ki, o, 0.25 ha torpaq sahəsini formal alqı-satqı müqaviləsinə əsasən Tariyelin adına rəsmiləşdirəcəkdir, İddiaçı isə alqı-satqı müqaviləsinin qarşılığında 3 il müddətinə 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin eynisini onun həyat yoldaşı X22 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 6 sot torpaq sahəsində tikəcəkdir. Əgər öhdəliyini icra etməsə evə çəkilmiş 35000 manat xərcin və 0.25 ha torpaq sahəsinin hal-hazırki bazar qiymətini 16000 manatını qaytarmasını öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmamışdan öncə onun həyat yoldaşı Vaqif Rzayev, cavabdeh İddiaçı, anası X6, dayısı qızı X12, dayısı oğlu X20, dayısı oğlunun həyat yoldaşı X15, dayısının həyat yoldaşı X16 və dayısının qızı X4 iştirakları ilə akt tərtib etmişlər. Həmin aktla İddiaçı öhdəlikləri açıq-aşkar görünür. Alqı-satqı müqaviləsi formal bağlanmış, pul vəsaiti banka qoyulmamış və sadəcə ərizə verilməklə pul məbləğinin alınması göstərilmişdir. Qarşılıqlı iddia tələbi əsaslıdır. Belə ki, alqı-satqı müqaviləsi bağlandıqdan 3 il müddət gözləmişlər ki, İddiaçı öhdəliyi icra etsin, lakin İddiaçı öz öhdəliyini icra etməmiş, onlar yenidən evə qayıdası olmuşlar. Hal-hazırda qeyd olunan fərdi yaşayış evi ilə bağlı kommunal xərclər onun tərəfindən ödənilir. Evin qaz və işıq sayğacı onun adınadır, İddiaçı bir dəfə də olsun evə yaxın gəlməmişdir. Tariyel onun əşyalarını çıxartmaq istəyirsə öz öhdəliklərini icra etməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, Rusiya Federasiyasının Krasnoyarsk şəhərində yaşayan əmisi X14 bacısı cavabdeh X11 4800 (dörd min səkkiz yüz) dollar, o isə 1000 (min) manat məbləğində pul vermişlər. Cavabdeh anası Leyla Həsənovaya baxmasını qeyd etmiş, lakin X31ya sağlığında əmisi Nağı Həsənov və o, pul və digər vasitələrlə köməklik edərək dayağında durmuşlar. X31 2017-ci ilin noyabr ayında vəfat etmişdir, mərasim tədbirləri Gəncə şəhərində ona məxsus olan evdə keçirilmiş, dəfn xərcləri o, və əmisi Nağı Həsənovla birlikdə qarşılamışlar. Bibisi Cavabdeh dəfnin xərclərinə köməklik etməmiş, 35000 (otuz beş min) və 16000 (on altı min) manat məbləğində qaldırdığı iddia isə əsassız və düzgün deyildir. Ona görə ki, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan Samux rayonu, Alluşağı kəndində yerləşən 0,25 ha torpaq ərazisi olan daşınmaz əmlakını 5000 (beş min) manat məbləğində pula ona satmışdır. Həmin alqı-satqı müqaviləsinin 12-ci bəndinə əsasən Cavabdeh sözügedən əmlakı ona təhvil verməli idi, lakin təhvil verməmiş, əksinə orada yaşamaq fikrinə düşmüşdür. Buna görə də, əşyalarını həmin evə gətirmiş, öz əşyaları ilə bərabər qızına məxsus əşyalarıda gətirmişdir. Eyni zamanda Cavabdeh fərdi yaşayış evinin tikintisinə guya 35000 (otuz beş min) manat pul xərcləmişdir halbuki, həmin evi X31 tikdirmişdir. Cavabdeh akt tərtib edildiyini iddia edir, lakin onun həmin aktdan xəbəri yoxdur. Cavabdeh iddiasını qəbul etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və şikayətə etiraz: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə qarşılıqlı iddia tələbinin mahiyyət və məzmununu heçə sayaraq xx.xx.2024-cü iltarixdə qarşılıqlı iddiaçıya yönəldici sual verməklə qarşılıqlı iddia tələbinin mahiyətini uydurma əqdən yalan əqdə yönəltmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh bildirir ki, o, qardaşı ilə öz aralarında razılığa gəlmişdir, qardaşı Rusiya Federasiyasının vətəndaşı olduğu üçün torpaq sahəsi qardaşının adına keçməmiş, İddiaçı adına keçmişdir. Aldadılmanı onunla bildirir ki, torpaq sahəsi satılarkən ona hər hansı pul vəsaiti verilməmişdir. Çünki alqı-satqı müqaviləsi bağlanan gün müqavilə bağlanmamışdan öncə aralarında olan mübahisənin həlli üçün akt tərtib edilmişdir. Notariat işində pul vəsaitinin verilməsi üçün sadəcə ərizə vardır. xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin uydurma əqd olmasını ilkin iddia üzrə İddiaçı qarşılıqlı iddia tələbinə qarşı verdiyi etiraz ərizəsində dolayısı ilə təsdiq etmişdir. Belə ki, qarşılıq iddia ərizəsində göstərir ki, Rusiya Federasiyasının Krasnoyarsk şəhərində yaşayan əmisi X14 bibisi Cavabdeh 4800 ABŞ dollar və o, da 1000 manat pul ödəmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı vəkil tərəfindən ilkin İddiaçı etirazda qeyd olunan xüsusatla bağlı suallar verilmişdir və pulun necə alınması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə iddia müddətini tətbiq etməkdə səhvə yol vermişdir. Belə ki, mülki iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, mübahisələndirilən əqd uydurma əqddir. Həmin əqd aktla müəyyən edilmiş öhdəliyi pərdələmək üçün bağlanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ilk iddia tələbinin qaldırılması üçün səbəb mübahisəli əmlaka kənar şəxs qeydiyyata düşmüş, bununla bağlı olaraq Cavabdeh polisə müraciət etmiş, polisdə araşdırılma aparılarkən Cavabdeh mülkiyyətçi olmaması ilə bağlı onun şikayətinin araşdırılmasından imtina edilmişdir. Bundan sonra Cavabdeh İddiaçı evin sənədlərinin onun adına qaytarılmasını tələb etmiş, İddiaçıla mübahisələri düşdükdən sonra qeyd olunan ilk iddia qaldırılmışdır. Tərəflər qohum olduqları üçün bir-birilərindən öhdəliklərinin icrasını tələb etməmişlər. Cavabdeh mübahisəli mülkü tərk etməmiş, İddiaçı isə akt üzrə öhdəliyini icra etməmişdir. Tərəflər arasında öhdəliklərin icrası ilə bağlı bir-birlərinə qarşı tələbləri 2024-cü il tarixdə başlanılmışdır. İddia müddətinin axımı da, 2024-cü il tarixdən başlanılmaqla hesablanmalıdır. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqini İddiaçı izahatı ilə bağlı tətbiq etdiyini məhkəmə qətnaməsində əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, İddiaçı bildirir ki, qarşılıqlı iddiaya münasibətdə isə müqavilənin bağlanmasından 8 il müddət keçmişdir, belə olan halda qarşılıqlı iddia tələbi müddət ötürüldüyü üçün əsassızdır. Məhkəmə iclasının bütün audio və video qeydiyyatına baxmaqla müəyyən etmək olar ki, İddiaçı tərəfindən iddia müddətinin ötürülməsiilə bağlı bir kəlmə belə işlədilməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma bir tərəfli qaydada ilkin iddia üzrə iddiaçının mənafeyinə uyğun aparılmışdır. Belə ki, ilkin iddia üzrə İddiaçı məhkəməyə qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh tərəfindən təqdim edilmiş aktda olan imzanın ona məxsus olmadığını bildirmiş və bu əsasla da, məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Ekspert rəyi ilə aktda olan imzanın İddiaçı məxsusluğu öz təsdiqini tapmışdır. Bundan sonra ilkin iddiaçı iddia müddətinin tətbiq edilməsi barədə məhkəmə iclaslarından bir kəlmə belə söz demədən və bununla bağlı iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim etmədən birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddətinin tətbiq edilməsi qənaətinə gəlmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ünvandakı torpaq sahəsini notariatda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Cavabdehdən torpaq sahəsini boşaltmasını dəfələrlə tələb etsə də, sonuncu həmin torpaq sahəsini boşaltmadığına görə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasına gəlməmiş, apelyasiya şikayətinə qarşı göndərdiyi etirazda işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi X23 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası qətnamənin əsaslılığını yoxlayıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə əlaqəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə şikayət qətnamənin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hazırkı mübahisənin predmeti alğı-satqı müqaviləsinin etibarsızlığı, həmin hissədə iddia tələbi təmin edilmədiyi halda mübahisəli torpaq sahəsinin bazar dəyərinin və həmin torpaq sahəsində inşa edilmiş tikiliyə çəkilmiş xərcin ödənilməsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən ünvan ünvanlanmış ərizədən görünür ki, Cavabdeh ona məxsus olan Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.25 ha torpaq sahəsini 5000 (beş min) manata İddiaçı satmışdır. Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.25 ha torpaq sahəsini 5000 (beş min) manata alıcının banksız alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə X32 tərəfindən ünvan ünvanlanmış ərizədən görünür ki, X8 Telli Zülfüqar qızına məxsus olan Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.25 hektar torpaq sahəsinin satılmasına, bağışlanmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə razılıq vermişdir. Mülkiyyətçiyə qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən, ümumi sahəsi 0.25 ha torpaq sahəsi Cavabdeh tərəfindən 5000 (beş min) manat qiymətinə İddiaçı satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə X32, X6, X12, X15, X20, X16, X7, Cavabdeh və İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən, Cavabdeh məxsus olan 0.25 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini qardaşı oğlu İddiaçı o şərtlə verir ki, İddiaçı notariusda öz adına sənədləşdirmə apardıqdan sonra üzərinə öhdəlik götürür ki, 3 il müddətində bibisi Cavabdeh həyat yoldaşı X22 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin üzərində ona verilən fərdi yaşayış evinin eynisini tikəcəkdir. Əgər İddiaçı öhdəliyini icra etməsə onun qarşılığında evin tikintisinə çəkilmiş 35000 (otuz beş min) manat və 0.25 ha torpaq sahəsinin hal-hazırki bazar qiymətini 16000 (on altı min) manatını qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/1207 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 52-ci vərəqində olan xx.xx.2017-ci il tarixli aktın sonunda “имза Həsənov Тарjeл Шуриjə” yazıları qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh anası (İddiaçı nənəsi) X5 məxsus olmuş, sonuncu həmin torpaq sahəsini Cavabdeh bildirdiyinə görə 2015-ci ildə ona bağışlamış, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikdirmiş, Cavabdeh isə həmin torpaq sahəsini xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən qardaşı oğlu İddiaçı satmışdır. Cavabdeh həmin müqavilənin şərtlə, yəni həyat yoldaşı X22 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin üzərində ona verilən fərdi yaşayış evinin eynisini tikəcəyi şərti ilə bağlandığını, lakin İddiaçı müqavilə şərtinə əməl etmədiyini bildirərək həmin müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı aldadıldığına istinadla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə çıxış etsə də, aldadıldığını təsdiq edən qanunvericiliyin müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Tərəflərin imzaladığı alq-satqı müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onların iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius müqaviləni tərəflərin şəxsən özlərinin iştirakı ilə imzaladığını təsdiq etmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün sadalanan halların heç biri mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, “müqavilə azadlığı” prinsipi çərçivəsində Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam verərkən tam sərbəst iradəsi ilə hərəkət etmişdir. Mübahisələndirilən müqavilənin digər tərəfi olan İddiaçı tərəfindən aldatma faktı təsdiq olunmadığından həmin müqavilənin etibarsız hesab edilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinə dair qarşılıqlı iddiaçı Cavabdeh formal mülahizələri mülkiyyətçi İddiaçı tərəfindən əldə edilməsinə dair əqdin etibarlılığına təsir göstərə bilməz. Bundan başqa qarşılıqlı iddiaçı istinaq etdiyi əqdin etibarsızlığı ilə bağlı tələbi 1 il ərzində irəli sürə bilərdi. Hazırkı baxılan işin müəyyən edilmiş hallarından aydın olur ki, qarsılıqlı iddiaçı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbini 7 il keçdikdən sonra irəli sürmüş və o, tələbin irəli sürülməsi üçün müəyyən olunmuş kəsici müddəti ötürmüşdür. Bununla yanaşı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının alternativ olaraq irəli sürdüyü tələbin digər hissəsi olan - torpaq sahəsinin dəyəri olan 16000 manat və həmin torpaq sahəsinin üzərində olan tikiliyə çəkilmis xərcin dəyəri olan 35000 manatın tutulması ilə bağlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddianın pul tələbinin tutulması hissəsi iddia müddəti ötürülməklə qaldırıldığı üçün də təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Kollegiya qeyd edir ki, tərəflər arasında hazırkı mübahisənin predmetini torpaq alğısatqısına dair müqavilənin etibarsızlığı, həmin tələb təmin edilmədiyi halda isə 0.25 ha torpaq sahəsinin dəyəri olan 16000 manatın və həmin torpaq shəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 35000 manatın qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-in 14.2.1-ci maddəsi). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsi). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yenə də həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi etibarsız əqdlərdə müddətin tətbiqi ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Kollegiya qeyd edir ki, ikitərəfli əqd müqavilədir və müqavilənin bağlanması üçün hər iki tərəfin iradəsinin azad şəkildə ifadə edilməsi vacib şərtdir. Əks halda həmin müqavilənin qanuni olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən həqiqiliyi mübahisələndirilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə bağlı notariat işinin materiallarından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə ərizə ilə notariat orqanına müraciət edərək özünə məxsus olan Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,25 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin 5000 manata rəsmiləşdirilməsini xahiş etmiş, eyni zamanda onun həyat yoldaşı X32 da ərizə ilə notariat orqanına müraciət edərək Cavabdeh məxsus olan Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,25 ha torpaq sahəsinin satılmasına, bağışlanmasına, həmçinin sair qaydada sərəncam verilməsinə razılıq verdiyini bildirmişdir. Həmin alğı-satqı müqaviləsindən görünür ki, müqavilənin bağlanması 5000 (beş min) manat müqavilə dəyərinin ödənilməsindən başqa digər hər hansı şərtlə əlaqələndirilməmişdir. Müqavilənin bağlanmasında lazımi subyektlər (səlahiyyətli şəxslər), yəni tam fəaliyyət qabiliyyətli şəxslər iştirak etmiş, satıcı özünə məxsus 0.25 ha torpaq sahəsindən ibarət əmlakı 5000 manata satmaq istədiyini, alıcı isə həmin torpaq sahəsini razılaşdıqları qiymətə almaq istəməsi ilə bağlı iradə ifadələrinin bildirilmiş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, kollegiya hesab edir ki, apelyasiya şikayətinin təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsi üçün əsas yoxdur. İşin hallarından həm də görünür ki, iş üzrə ilk iddia baxılmamış saxlanılmış, ilk iddia üzrə iddiaçı həmin qərardadı mübahisələndirməmiş, ilk iddia üzrə cavabdeh hazırkı vaxtadək həmin torpaq sahəsindən maneəsiz istifadə etməkdə davam edir. Belə ki, qarşılıqlı iddia ərizəsində də göstərilmişdir ki, “İddiaçı bir dəfə də olsun evə yaxın gəlməmişdir. Tariyel onun əşyalarını çıxartmaq istəyirsə öz öhdəliklərini icra etməlidir”. Hazırkı halda isə İddiaçı onun, yəni Cavabdeh torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddianın həmin hissədə də təmin edilməsi üçün əsas yoxdur. Qarşılıqlı iddianın torpaq sahəsinin dəyəri olan 16000 manat və həmin torpaq sahəsinin üzərində olan tikiliyə çəkilmis xərcin dəyəri olan 35000 manatın tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı halda qarşılıqlı iddiaçı alğı-satqı müqaviləsində göstərilmiş məbləğin yox, torpaq sahəsinin dəyəri hesab etdiyi 16000 manat və həmin torpaq sahəsinin üzərində inşa etdirdiyini qeyd etdiyi tikiliyə çəkilmis xərcin dəyəri olan 35000 manatın tutulmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçının torpaq sahəsindən və ya da evdən çıxarılması məhkəmə araşdırmasının predmeti olamadığından, qeyd olunan torpaq sahəsi hazırda da qarşılıqlı iddia üzrə iddiaçının istifadəsində olduğuna görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməkdə haqlı olmuşdur. Bu isə qarşılıqlı iddia üzrə iddiaçının ona qarşı torpaq sahəsindən çıxarılmaya dair yenidən iddia verildiyi halda uyğun tələblə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında bağlanmış müqavilənin uydurma müqavilə olmasına dair dəlilini əsassız sayır. Ona görə ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan da görünür ki, qarşılıqlı iddia üzrə iddiaçının qardaşı ata-baba mülkünün digər şəxsin mülkiyyətində qalması ilə razılaşmadığına görə torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdehin adına alğı-satqı müqaviləsi bağlanması yolu ilə keçirilməsi barədə razılaşmışlar. Alğı-satqı müqaviləsi ilə bağlı notariat işindəki sənədlərdən də göründüyü kimi, həmin torpaq sahəsi dəyəri ödənilməklə alğı-satqı edilmiş, müqavilənin bağlanmasına (torpaq sahəsinin özgəninkiləşdirilməsinə) qarşılıqlı iddia üzrə iddiaçının həyat yoldaşı da etiraz etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəldiyinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri olmadığına görə, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-451/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-451/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar