Məhkəmə qərarları › İş №2(104)-719/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-719/2025

08.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-719/2025 08.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(021)-206/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 08 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-0049 KOD 61001018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Nümayəndə İsmayıl oğlu, X2, X3 və X1 ünvan 1ində 1,83 ha torpaq sahəsi verilmişdir;

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-145/2014 saylı 17 yanvar 2014-cü il tarixli qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2- 189/2005 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər Nümayəndə İsmayıl oğlu, X2 və X4 qarşı “torpağın alqı-satqısının etibarlı hesab edilməsi, torpağa mülkiyyət hüququnun tanınması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, hazırki iş üzrə Cavabdeh ilə hazırki iş üzrə iddiaçının atası Nümayəndə İsmayıl oğlu və X2 arasında sonunculara məxsus 1,83 ha torpaq sahəsinə görə aralarında bağlanmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-145/2014 saylı 17 yanvar 2014-cü il tarixli qərarı ilə cavabdeh Nümayəndə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(104)-1185/2013 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır;

3. ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində ünvan 1i ünvanında 1,8389 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur;

4. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək elektron məlumat bazasına əsasən müqayisə edilmişdir. Elektron məlumat bazasına əsasən mübahisəli 1,83 ha pay torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********37 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətindədir və hazırda da Cavabdeh istifadəsindədir. Bu fakt rəyə əlavə edilmiş yerquruluşu planından da aydın görünür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində ona və ailə üzvlərinə məxsus Torpağın Mülkiyyət Hüququna dair JN-0049, KOD 61001018 nömrəli Dövlət Aktı üzrə 1,83 ha pay torpaq sahəsinin istifadəyə qaytarılması və Cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci il tarixdə torpaq islahatları zamanı ona da pay torpaq sahəsi verilmişdir, lakin kənd sakini Cavabdeh qanunsuz yolla ona məxsus pay torpaq sahəsini zəbt etmişdir. O, hərbçi olduğu üçün kənd ərazisinə gedib gələ bilmir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, onun tələbinə məhəl qoymur.

7. Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(021)-206/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) İddiaçı Cavabdeh qarşı “pay torpağının istifadəyə qaytarılması və cavabdehin pay torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiasının rədd edilməsi; İş üzrə ödənilməli olan 100 manat dövlət rüsumunun dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, həmçinin Mülki Məcəllənin 152 və 157.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 1998-ci il tarixdə torpaq islahatları zamanı ona və ailə üzvülərinə pay torpaq sahəsi verilmişdir. Cavabdeh ona verilən pay torpaq sahəsini qanunsuz yolla zəbt etmişdir, atası Nümayəndə ilə Cavabdeh arasında borc müqaviləsi olmuşdur, lakin qanunsuz olaraq onun pay torpaq sahəsini cavabdeh zəbt etmişdir və torpaq sahəsindən çıxmır, bu barədə heç bir araşdırma olmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mübahisəli torpaq sahəsinə dair onunla bağlanmış alqı-satqı müqaviləsi etibarlı əqd hesab edilmişdir. Həmin qətnamə əsasında da torpaq sahəsinə dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

19. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

20. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Nümayəndə İsmayıl oğlu, X2, X3 və X1 ünvan 1ində 1,83 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh ilə hazırki iş üzrə iddiaçının atası Nümayəndə İsmayıl oğlu və X2 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən alqı-satqı müqaviləsi etibarlı əqd hesab edilmişdir. Sözügedən alqı-satqı müqaviləsi əsasında da torpaq sahəsinə dair Cavabdeh adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi hazırda da Cavabdeh sahiblik və istifadəsindədir. İddiaçı torpaq sahəsinin cavab Cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

32. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

34. Hazırkı işin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 1,83 ha torpaq sahəsinə dair Cavabdeh ilə iddiaçının atası (torpağın birgə mülkiyyətçisi) Nümayəndə və digər birgə mülkiyyətçi G.Cəfərova arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən alqı-satqı müqaviləsi etibarlı əqd hesab edilmişdir. Sözügedən alqı-satqı müqaviləsi əsasında da torpaq sahəsinə dair Cavabdeh adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

35. Göründüyü kimi, Cavabdeh mülkiyyət hüququ əsasında mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını həyata keçirir. Başqa sözlə, cavabdehin torpaq sahəsindən sahiblik və istifadəsi qnauni əsaslara söykənir. Odur ki, İddiaçı Cavabdeh torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlı olmamışdır.

36. «Atası Nümayəndə ilə Cavabdeh arasında borc müqaviləsi olmuşdur, lakin qanunsuz olaraq onun pay torpaq sahəsini cavabdeh zəbt etmişdir» barədə apellyasiya şikayətinin dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

37. Hazırkı işdə də mübahisəli torpaq sahəsinə dair cavabdehin adına aparılmış qeydiyyat qüvvədədir. Odur ki, apellyasiya şikayətinin göstərilən dəlili əsassız olmuşdur.

38. İddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(021)-206/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar