Məhkəmə qərarları › İş №2(104)-72/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-72/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-72/2025 06.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(021)-138/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 08 dekabr 2014-cü il tarixli, 12-G-1-0-1581-14 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 25 faiz olmaqla 12750 ABŞ dolları kredit verilmişdir.

2. 08 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli, 12-G-1-0-1581-14 nömrəli kredit müqaviləsinə dəyişiklik edilərək kreditin ödəniş müddəti 46 ay müəyyən edilmişdir.

3. 08 dekabr 2014-cü il tarixli, 12-G-1-0-1581-14 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən 103,2 kv.m sahəsi olan 4 otaqdan ibarət fərdi yaşayış evi "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. 08 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əlavədən görünür ki, Nikoil” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli, 12-G-1-0-1581-14 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilərək 08 iyun 2015-ci il tarixə olan qalıq məbləğ 11574,19 ABŞ dollarının ödəniş müddəti 46 ay müəyyən edilmişdir.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə şəhəri ünvan 1 nömrəli fərdi yaşayış evi 0,05 ha torpaq sahəsi ilə birlikdə "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 9/7925 nömrəli ekspert rəyindən görünür ki, 08 dekabr 2014-cü il tarixli 12-G-1-0-1581-14 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 08 aprel 2019-cu il tarixinə olan əsas borc üzrə 11172,16 ABŞ dolları, faiz borc üzrə 8815,94 ABŞ dolları, 11 aprel 2022-ci il tarixə əsas borc üzrə 11172,16 ABŞ dolları, faiz borcu üzrə 10496,42 ABŞ dolları təşkil edir.

7. "xxxx" MMC-nin 28 oktyabr 2022-ci il tarixli 0884/22/YB nömrəli rəyindən görünür ki, Bərdə şəhəri Babək küçəsində 3/3 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 254,90 kv.m ümumi, 51,60 kv.m yaşayış, 203,30 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 2,90 kv.m olan tualet və darvazadan ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 65000 manat, likvid dəyəri isə 54000 manat dəyərində qiymətləndirilmişdir.

8. "xxxx" MMC-nin 07 iyul 2025-ci il tarixli 124/YB/25 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bərdə şəhəri Babək küçəsində 3/3 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki bazar dəyəri 70000 manat, likvid dəyəri isə 59000 manat dəyərində qiymətləndirilmişdir.

9. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 may 2025-ci il tarixli, AZ-İİ № 475605 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 17 aprel 2025-ci il tarixdə bronxların və ya ağciyərin xərçəngi səbəbi ilə vəfat etmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10520,73 ABŞ dolları əsas, 12236,28 ABŞ dolları faiz, 693,91 ABŞ dolları cərimə borcu və 08 aprel 2019-cu il tarixdən 11 mart 2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 1534,15 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 24985,07 ABŞ dolları borc və ödənilmiş 217,42 manat dövlət rüsumu, eləcədə ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi; Tutmanın Cavabdeh mülkiyyətində olan Bərdə şəhəri Babək küçəsində yerləşən 4 otaqlı 103,2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və hərracın satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; İpoteka predmeti olan Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin həmin əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılmaları, boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "Nikoyl” İKB ASC tərəfindən (hazırkı "xxxx" ASC) illik 25 % olmaqla 36 ay müddətinə 12750 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış 08 iyun 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qaytarılma müddəti 08 aprel 2019-cu il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evi 08 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsilə və Əlavə Sazişə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2022-ci il martın 11-dək Cavabdeh 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10520,73 ABŞ dolları əsas, 12236,28 ABŞ dolları faiz, 2775,63 ABŞ dolları cərimə borcu və xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 1534.15 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 27066.79 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2775.63 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 693.91 ABŞ dolları tələb olunmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehǝ bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeyə alınmışdr. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir.

12. Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)-138/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh kredit müqaviləsi üzrə 10520,73 ABŞ dolları əsas, 8.815,94 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, 1534,15 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 20920,82 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə alınaraq İddiaçı ASC-yə ödənilməsi; Tutma Cavabdeh mülkiyyətindəki Bərdə rayon Babək küçəsində 3/3 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0,05 ha torpaq sahəsinə yönəldilməsi; İpoteka predmetinin ilkin satış qiyməti 54000 manat müəyyən edilməsi; Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulması və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılması; İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin fərdi yaşayış evindən və çıxmazsa, o, məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evini boşaldılması; Qalan hissədə iddia tələbi təmin olunmaması; Cavabdeh iş üzrə ödənilmiş 217,42 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı alınaraq İddiaçı ASC-yə ödənilməsi; Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 269.4, 317.1, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 462.1, 465.2, 467, 739.1, 739.2, 741 maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 36.3, 47.4, 59 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1,9.3, 14.2, 88, 107, 115.0.1, 119.1, 217.1, 218.1, 218.3, 216-220, 227, 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, sözügedən mənzilinin hazırki likvid dəyəri 100.000-120.000 manat arasındadır. Lakin evə cəmi 54.000 manat qiymət qoyulmuşdur. Bu səbəbdən də ipoteka predmentini təşkil edən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün təkrar tikintitexniki ekspertizasının keçirilməsi zəruridir.

16. Ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 17 aprel 2025-ci ildə ölmüşdür. Ona görə də arvadı X6, oğlu Rəşad Yaşar oğlu və qızı X7 prosessual hüquq varisi kimi işə cəlb edilmişlər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətinin qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, apellyasiya icraatı zamanı "xxxx" MMC-nin 07 iyul 2025-ci il tarixli 124/YB/25 nömrəli qiymətləndirmə rəyində ipoteka predmetinin likvid dəyərinin 59000 manat müəyyən olunması ilə razılaşırlar. X1 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

19. İş üzrə Cavabdeh prosessual hüquq varisləri X6, Rəşad Yaşar oğlu və X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncular məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

21. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

23. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

33. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

34. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

35. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

37. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

38. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 38.2.2. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.

40. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

41. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

42. Maddə 59.4. (2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında) Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

50. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, eləcədə ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunması hissədə mübahisələndirilir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "Nikoyl” İKB ASC (hazırkı "xxxx" ASC) ilə Cavabdeh arasında 08 dekabr 2014-cü il tarixli 12-G-1-0-1581-14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 25 % olmaqla 36 ay müddətinə 12750 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış 08 iyun 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qaytarılma müddəti 08 aprel 2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh məxsus Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evi 08 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsilə və Əlavə Sazişi əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi çərçivəsində bağlanmış hər iki müqavilə üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetiesədə, lakin borcalan Cavabdeh götürmüş öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görədə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

55. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə ekspert rəyini nəzərə alaraq Cavabdeh kredit müqaviləsi üzrə 10520,73 ABŞ dolları əsas, 8.815,94 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, 1534,15 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 20920,82 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bərdə şəhəri, Babək küçəsində 3/3 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0,05 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcunun qaytarılması, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması, çıxmazsa, məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evini boşaldılması, eləcədə məhkəmə xərclərinin tutulması hissədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hoissədlərdə ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil.

56. İpoteka predmetinin ilkin satış qiymətinin 54000 manat müəyyən edilməsi hissədə isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti həmin hissədə təmin olunmalıdır.

57. Belə ki, işdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-dən alınmış rəylə ipoteka predmeti olan əmlakın bazar dəyərinin 54000 manat olmasını əsas göstərməklə əmlakın ilkin satış qiymətini həmin məbləğdə müəyyən etmişdir.

58. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Eyni zamanda, həmin Qanunun 1.0.9-cu maddəsində ilkin satış qiymətinə verilən anlayışa görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

59. İstinad edilən hüquq normasından aydın şəkildə görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti həmin əmlakın məhz likvid qiymətini ehtiva edir.

60. Əmlakın qiymətinin likvid dəyərinə gəldikdə isə, qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir.

61. Şərh edilənlərə əsasən kollegiya qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir.

62. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi qiymətləndirmə fəaliyyəti aparılmasından keçir. Bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

63. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

64. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

65. Bundan əvvəldə qeyd olunduğu kimi Cavabdeh apellyasiya şikayətindəə ipoteka predmetinin ilkin satış qiymətinin 54000 manat deyil 100000-120000 manat olmasını qeyd etmişdir.

66. Apellyasiya icraatı zamanı ipoteka ilə yüklü edilmiş Bərdə şəhəri, Babək küçəsində 3/3 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin müəyyən olunması barədə qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 07 iyul 2025-ci il tarixli 124/YB/25 nömrəli rəyinə əsasən əmlakın bazar qiyməti 70000 manat, likvid qiyməti isə 59000 manat müəyyən olunmuşdur.

67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

68. Kollegiya "xxxx" MMC tərəfindəın verilmiş 07 iyul 2025-ci il tarixli 124/YB/25 nömrəli qiymətləndirmə rəyini möhtəbər hesab edir. Bu da onu deməyə əsas verir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 54000 manat dəyərində müəyyən edilməsi hissədə dəyişdirilməli və həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 59000 manat müəyyən edilməlidir.

69. "xxxx" MMC tərəfindən rəyə əlavə olunmuş 077 nömrəli hesab fakturadan görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Kollegiya hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 300 manat Cavabdeh prossesual hüquq varisləri X6, X7 və XXX Rəşad Yaşar oğlundan müştərək qaydada alınaraq "xxxx" MMC-nin VÖEN **********, “Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ********************, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesaba ödənilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 372.1, 384, 392, 393, 402-404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(021)-138/2023 nömrəli qətnaməsi “İpoteka predmetinin ilkin satış qiymətinin 54000 manat dəyərində müəyyən edilməsi” hissədə dəyişdirilsin. İpoteka ilə yüklü edilmiş Bərdə şəhəri, Babək küçəsində 3/3 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid satış qiyməti 59000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İpoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 300 manat Cavabdeh prossesual hüquq varisləri X6, X7 və XXX Rəşad Yaşar oğlundan müştərək qaydada alınaraq "xxxx" MMC-nin VÖEN **********, “Azərbaycan Beynəlxalq Bankı” ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ********************, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesaba ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar