Məhkəmə qərarları › İş №2(104)-724/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-724/2025

13.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-724/2025 13.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (əri) X4, cavabdeh Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi (direktoru) Cavabdeh və onun nümayəndəsi (vəkil) X5 iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasına qarşı əmrin ləğv olunması, işə bərpa və işləmədiyi dövr üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Təhsil İşçiləri X8 Ağstafa Rayon Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqavilsinə xitam verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri ciddi şəkildə pozulmuş, işdən azad olunmasına razılıq verilməsi barədə həmkarlar təşkilatının razılığı alınmamışdır. Eyni zamanda iddiaçının məzuniyyətə çıxmaq barədə müraciətlərinə düzgün baxılmamış, Əmək Məcəlləsinin 110 və 113-cü maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan qanun pozuntuları və iddiaçının barəsində verilmiş 25 iyul 2024-cü il tarixli əmrə və onun işə bərpa olunması barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə məktub göndərilmişdir.

2. Məhkəmə kollegiyasına cavabdeh tərəfindən təqdim edilmiş Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının Nizamnaməsi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi, Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqının 07 iyun və 24 iyul 2025-ci il tarixli 20 və 21 saylı protokollarının surəti baxış keçirilməklə iş materiallarına əlavə edilmişdir.

3. Məhkəmə kollegiyasına cavabdeh tərəfindən təqdim edilmiş müxtəlif tarixli aktların surətindən görünür ki, xx.xx.2024-cü ildə İddiaçı müdirlə dalaşaraq “səni burda oturmağa qoymayacağam”, “ay eşşək” sözləri ilə təhqir etmiş, öhdəliyində olan uşaqları qrup otağında qoyaraq, bağçanı özbaşına tərk etmiş, müxtəli tarixlərdə işdə olmamış, xx.xx.2024-cü ildə işə gecikmiş, xəbərdarlıq edilmişdir.

4. Məhkəmə kollegiyasına cavabdeh tərəfindən təqdim edilmiş dörd ədəd poçt qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü illərdə poçt göndərişi edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2013-cü il tarixdən Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasına 0,81 ştat vahidi vəzifəsində işləmişdir. 01.07-02.07- xx.xx.2024-cü il tarixlərində üzürsüz səbəbdən işə gəlmədiyi, xəstəlik vərəqəsinin vaxtı bitməsinə baxmayaraq 22.07-23-07-xx.xx.2024-cü il tarixlərdə işdə olmadığı əsas gətirilərək, bu barədə aktlar tərtib olunub Pedaqoji şuranın növbədənkənar iclasının razılıq qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli 7(7) saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, sözügedən əmrin ləğv olunması, işə bərpa olunması, işləmədiyi dövr üçün çatacaq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi baxçanın müdiri Cavabdeh o, işdən çıxmamışdan əvvəl onun haqqında heç bir töhmət, şiddətli töhmət, rəsmi məlumat, xəbərdarlıq vermədən və ən əsası həmkarların sədri Qoşqar Yaqubovun rəyi olmadan Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri ciddi şəkildə pozularaq işdən azad etmişdir.

7. Ağstafa Rayon Məhkəməsinin 2(015)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitan verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli J(7) saylı əmrinin ləğv olunması, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasına 0.81 ştat kiçik qrup tərbiyəçisi vəzifəsinə bərpa olunması və ona buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinin təmin edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmək qanunverciliyinin tələblərinə əsasən iddiaçının işdən azad olunması barədə əmrdə göstərilən əsaslarla işdən azad edildiyi təqdirdə işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilməsi üçün müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması mütləqdir. Lakin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

9. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 19, 70, 80 və 300-cü maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Ağstafa Rayon Məhkəməsinin 2(015)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Əmək Məcəlləsi ilə üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmədiyi üçün onun əmək müqaviləsinə əsaslı şəkildə xitam verilmişdir. Məhkəmə iclası zamanı məhkəmənin nəzərinə çatdırmışlar ki, 2024-cü ilin iyul ayının 1, 2 və 3-cü tarixlərində, iyul ayının 22-23- 24 tarixlərində iddiaçı üzürsüz səbəbdən işə gəlməmişdir və gəlməməsinin səbəblərinin üzürlü olub olmaması barədə heç bir məlumat verməmişdir. İddiaçıya yazılı xəbardarlıq olunmuş və rəsmi qaydada poçt vasitəsilə onun ünvanına göndərilmiş və işə gəlməyi dəvət olunsa da, iddiaçı işə yenə gəlməmiş və ümumiyyətlə izahat verməkdən də, birbaşa imtina etmişdir. Məhkəmə isə öz qətnaməsində ondan izahat belə alınmadığını qeyd edir, əgər işçi işə gəlməkdən və gəlməyinin səbəbləri barədə izahat verməkdən boyun qaçırırsa onda Əmək Məcəlləsinin hansı hərəkətləri nəzərdə tutması və tətbiq ediləsi qanunvericlik normaları Məcəllədə birbaşa qeyd edilmişdir. Bundan başqa, məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçıya tənbeh verici hərəkətlər belə edilməmişdir. Həmin töhmət və şiddətli töhmət əmrləri materiala işə əlavə olunmuşdur. 2024-cü ilin müvafiq aylarında ona töhmət və şiddətli töhmətlərdə verilmişdir. Bundan sonra işə gəlməyi üçün ona rəsmi poçt vasitəsi ilə xəbardarlıq məktubu da göndərmişdir. Amma yenə də, nəticəsi olmamışdır. Hətta məhkəmə iclasında İddiaçı ona rəsmi poçt vasitəsilə göndərdiyi məktubu oxuyaraq, məhkəməyə təqdim etmişdir və sənəd iş materiallarına əlavə olunmuşdur. Bundan başqa, iddiaçının işə gəlməməsi və üzürlü və ya üzrsüz səbəb göstərmədiyi üçün işəgötürəni saymadığı halda o, Vurğun 1 saylı körpələr evi uşaq bağçasının daxili həmkarına təqdimat vermiş və onunda razılığı və qərarı əsasında 25 iyul 2024-cü il tarixdə iddiaçını AR-sı Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə işdən azad olunması barədə əmr verilmişdir. İntizam tənbehi verilən əmrlər; xx.xx.2024-cü il tarixli 6 saylı əmrlə töhmət və xx.xx.2024-cü il tarixli 7 saylı əmrlə şiddətli töhmət verilmişdir. Həmin əmrdən çıxarışın sürətləri materiala əlavə edilmişdir. Bundan sonra isə iddiaçı müxtəlif sosial şəbəkələrdə onun əlehinə qanunsuz piyarlar keçirməyə davam etmiş və onun işgüzar nüfuzuna xələl gətirmək istəmişdir. Hazırda iddiaçıya və digərlərinə qarşı şərəf və ləyaqətə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki işə hazırda baxılır. O, işəgötürən olaraq iddiaçının işdən azad olunub-olunmaması barədə məsələni müzakirə olunması üçün daxili həmkara vermiş və iddiaçı da, müzakirədə iştirakı üçün çağrılsa belə, yenə də iştirak etməkdən heç bir səbəb göstərmədən imtina etmişdir. Məhkəmə öz qətnaməsində iddiaçının deməsinə görə Ağstafa rayon Təhsil şöbəsinin həmkarı Qoşqar Yaqubovun rəyi olmadan işdən azad oluna bilməzdi kimi, ifadəsini qeyd etsə də, bu belə deyildir, çünki bütün körpələr evinin öz daxili həmkarları vardır və müzakirə ancaq daxili həmkarlarda aparılır. Bu kimi sənədlər təqdim olunsa da, məhkəmə yenə də, təhrif edici qeydlər apararaq, düzgün olmayan qətnamə çıxarmışdır. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv qiymət vermək əvəzinə bütün təqdim edilmiş sənədləri təhrif etməklə qanunvericliyin norma və prinsiplərini kobud şəkildə pozmuşdur. Bu kimi halların və təqdim edilmiş sənədlərin təqdim edilməməsi kimi göstərilən təhrif olunan halların baş verməsi həmin qətnamənin birbaşa ləğvi üçün əsasdır. Çünki, iddiçıya işəgötürən və həmkar tərəfindən kifayət qədər məktublar və çağırışlar edilmiş hətta iş yoldaşları vasitəsilə onun işə dəvət olunaraq, işə gəlməməsinin səbəblərinin araşdırlması üçün tədbirlər görülsə də, işçi tərəfindən hərəkətsizlik nümayiş etdirilmiş və sonunda da müvafiq sənədləşmələr əsasında sözü gedən əmr verilmişdir. Hesab etmişlər ki, İddiaçı işəgötürən olaraq işdən azad etməkdə haqlıdır, onunla heç bir şəxsi ədavəti və qərəzi olmamışdır. Sadəcə onu qeyd etmək istəmişdir ki, işçinin yekəxanalıq etməsi, işəgötürəni işçilər arasında saymaması uşaqlara yaxşı baxmaması və uşağın valideyninə telefonla zəng edərək, gəlib uşağını təmizləməsi (hansı ki, o iş körpələr evinin daxilində olan məsələdir) Əmək Məcəlləsinin ziddinə birbaşa öz qanununsuz şəxsi hərəkətlərini etməsi və bundan da, özündən razı olması birbaşa müəsissə daxili qaydaları tapdalaması və onun barəsində olan kifayət qədər sənədləşmələr ona əsas vermişdir ki, işçi işdən azad olunmalıdır. Cavabdeh işəgötürən olmağına baxmayaraq həmişə içilərlə rəhbər kimi, yox mehriban münasibətlərdə olmuş, onların daima diqqət və qayğıları ilə maraqlanmış, o cümlədən eyni münasibəti iddiaçıyada göstərmişdir, hətta ona işə gəlməyi üçün birbaşa yalvarsada, bu birbaşa qanunvericiliyə zidd hərəkətdir, səhərisi günü rəhbərlik ona hansısa intizam tədbiri görərdi, amma iddiaçı bunu görməzdən gələrək sanki, onun özünə problem yaratmaq fikrində olmuşdur. Onun bu ziddiyətli və gizli planlarını sonradan onunla birlikdə işləyən iş yoldaşları da, qeyd etmişlər. İddiaçı tərəfindən edilən bu kimi neqativ hallar və işində yol verdiyi nöqsanlar onun işdən azad olunması üçün rəvac vermişdir. Amma yenə də, sonunda işəgötürən olaraq və həmkar tərəfindən edilən xəbardarlıqlarada məhəl qoymayan iddiaçı öz ambisialarına əsas gətirə bilmədiyi halda müəssinin daxili intizam qaydalarını heçə sayaraq, qanun pozuntusu edərək, bir neçə günləri işə gəlməmiş və düzgün etdiyini bildirmişdir. Təsəvvür edin ki, rəhbərliyin tabeliyində olan işçi ona işəgötürən tərəfindən tapşırılan heç bir işi görmür və imtina edir. Bu kimi hallar hansısa işəgörüənin başına gələndə sözsüz həmkarlar təşkilatına müraciət etmədən belə həmin işçinin əmək müqaviləsinə xitam verir. Cavabdeh isə ona nə qədər zamanda müraciətlər, xahişlər, yalvarışlar və həmkarın çağırışlarıda olmasına baxmayaraq, iddiaçının hərəkətsizlik göstərərək bu pozuntuları etməkdən çəkinməməsi və tam əksinə düz etdiyini bildirməsi ilə nəticələnmişdir. Cavabdeh bu barədə Ağstafa rayon Təhsil sektoruna və X14 Təhsil İdarəsinə rəsmi qaydada müraciətlərdə etmişdir. Belə bir işçi ilə özüdə körpələr evində uşaqlara tərbiyə və tədris verilən yerdə işləmək necə mümkün ola bilər, orada səs küyün olması neqativ danışıqların cavabdehin ünvanına qarşı söyüşlərin edilməsi, halında uşaqların psixalogiyasına təsir edən halların baş verməsi, qəbul olunmaz haldır. Hər şeydən əvvəl körpələr evində işləyən müəllim və tərbiyəçilərdən uşaqlar istər psixaloji, istərsə də, mənəvi dəyərlər örgənirlər, amma hər gün dava-dalaş və mənfi emosiyaların baş verməsi onlarında psixalogiyalarında mənəvi travmalara yol açır. Sonradan isə bu cəmiyyətdə özünü həmin fərdlərdə göstərir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi (direktoru) Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, Həmkarlar İttifaqının iclası keçirilmişdir. İddiaçı işə gəlmədiyinə görə izahatı alına bilməmişdir. Bu barədə akt tərtib edilmişdir. İddiaçı işə gələndə də, müdriyyəti təhqir etmişdir. Həmkarlar İttifaqının iclası ilə bağlı iş yoldaşları ilə xəbər göndərmişlər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi (direktoru) Cavabdeh nümayəndəsi (vəkil) X11 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, iddiaçı ilə cavabdehin heç bir düşmənçiliyi olmamışdır. İddiaçı intizam qaydalarını pozduğu üçün cavabdeh tərəfindən haqlı olaraq işdən azad edilmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, səhhətində problemlər olduğu üçün bağça müdriyyətindən məzuniyyət tələb etmişdir. Bağçada qrafik olmamışdır. Müdir öz istəyi ilə işçiləri məzuniyyətə buraxmışdır. İşdən azad olunmağı ilə bağlı bildiriş gəlmişdir. Həmin vaxt evdə müalicə almışdır. Həmkarlar İttifakının iclasında iştirak etməsi ilə bağlı bildiriş gəlməmişdir. İşdən azad olunmağı ilə bağlı bildirişi alandan sonra müəssisəyə getməmişdir. Cavabdehin onun barəsində bütün dedikləri yalandır. Cavabdeh ona qərəzli münasibət bəsləmişdir. Səhhətində ciddi problemlər olduğuna görə işə getməmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (əri) X7 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət olunmuş şahid qismində iştirak edən X6 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasında 31 ildir ki, müəllimə işləyir. 3-4 il olar ki, müəssisənin Həmkarlar İttifaqının sədri və Pedaqoji Şuranın da üzvüdür. İddiaçı işdən azad olunması ilə bağlı Həmkarlar İttifaqının iclası keçirilmişdir. Protokolu o, tərtib etmişdir. İclasda 6-7 nəfər iştirak etmişdir. 7 və 24 iyul tarixlərində iki iclas keçirilmişdir. İddiaçı işdən çıxarılması ilə bağlı həmkarların iclası 24 iyul 2024-cü il tarixdə keçirilmişdir. İclas müdirin otağı ilə üzbə-üz böyük otaqda olmuşdur. İclasın keçirilməsi ilə bağlı İddiaçı məlumat verməmişdir. Yəqin ki, işçilər məlumat vermişdir. Həmin vaxtı barmağı əzildiyi üçün protokolu o tərtib etməmişdir.

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət olunmuş şahid qismində iştirak edən X1 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyir. 2 ildir ki, həmkarların üzvüdür. O, iclas olan vaxt məzuniyyətdə olmuşdur. İclasda iştirak etməmişdir. O, işə qayıdanda görmüşdür ki, heç kəs yoxdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, protokola yəqin ki, məzuniyyətdən qayıtdıqdan sonra imza etmişdir. 42 gün məzuniyyətdə olmuşdur.

19. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət olunmuş şahid qismində iştirak edən X2 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasında aşbaz vəzifəsində işləyir. Həmkarların iclasında iştirak etmişdir. 2 dəfə iclas olmuşdur. Təxmini xatırladığına görə iyul ayın 8-dən sonra iclas olmuşdur. X15 aparmışdır. İclasda 6-7 nəfər var idi. Məlahət çıxış etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, iclas müdirin kabinetində olmuşdur.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

20. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.

21. Maddə 35. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

22. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

23. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

24. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

25. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

26. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

27. 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

28. 2-ci bəndinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

29. Maddə 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də, nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.1-cı maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasına 0,81 ştat vahidi vəzifəsinə təyin edilmiş, 01.07-02.07xx.xx.2024-cü il tarixlərində üzrsüz səbəbdən işə gəlmədiyi, xəstəlik vərəqəsinin vaxtı bitməsinə baxmayaraq 22.07-23-07-xx.xx.2024-cü il tarixlərdə işdə olmadığı əsas gətirilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax- Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli 7(7) saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəf qeyd etmişdir ki, iddiaçı cavabdeh barəsində müxtəlif tarixli aktlar tərtib edilmişdir. Onlar içərisində “səni burda oturmağa qoymayacağam”, “ay eşşək” sözləri ilə təhqir etməsi, öhdəliyində olan uşaqları qrup otağında qoyaraq bağçanı özbaşına tərk etməsi, müxtəli tarixlərdə işdə olmaması, xx.xx.2024-cü ildə işə gecikməsi və digərləri olmuşdur. Lakin qeyd edilən aktlarla bağlı işçinin izahatı alınmamışdır. İddiaçı həmin aktlarla bağlı izahat verməkdən imtina etməsi ilə bağlı da, sübutlar təqdim edilməmişdir. İşəgötürən İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, həm iş materialları və şahid ifadələri, həm də, kollegiyanın iclasında tədqiq olunmuş materiallardan müəyyən olunur ki, iddiaçının işdən çıxarılması əsası kimi, onun üzərinə düşən əmək funksiyalarını düzgün yerinə yetirməməsi və işində ciddi nöqsanlar buraxmasına istinad olunmuşdur. Lakin, əmək qanunverciliyinin tələblərinə əsasən iddiaçının işdən azad olunması barədə əmrdə göstərilən əsaslarla işdən azad edildiyi təqdirdə işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması mütləqdir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Kollegiya tərəfindən müəyyən olunur ki, bu qaydalara riayət edilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı əmək intizamını pozması haqqında xəbərdar edilməsi, habelə əmək intizamını pozduğu üçün yazılı izahat verməsi təklifi olunması və bu barədə ondan yazılı izahatı alınması, sonuncunun izahat verməkdən imtina etdiyi halda, bunu təsdiq edən sənədlər təqdim olunmamış, ümumiyyətlə işəgötürən tərəfindən iddiaçının həmin əmrlərlə tanış edilməsini və işçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin əmək intizamı ilə bağlı təqdim etdiyi dəlillər hazırki mübahisəyə məhkəmə qaydasında baxılan zaman o, halda tədqiq oluna bilər ki, işdən çıxarılma barədə əmr verilərkən prosedur qaydalarına riayət edilmiş olsun. Həmkarlar ittifaqının əsaslandırılmış yazılı qərarının alınmaması ciddi pozuntu olduğu üçün digər məsələlər əhəmiyyətli hesab edilə bilməz.

45. ƏM-nin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

46. Kollegiya qeyd edir ki, işəgötürən ilk növbədə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalı, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işçini işdən azad edərkən isə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməli idi. Lakin Birinci instansiya məhkəməsində Pedaqoji Şuranın növbədənkənar iclasının 1 saylı protokolundan görünür ki, həmin iclasda 4 nəfər iştirak etməklə İddiaçı işə vaxtında gəlməməsi, əmək intizamını pozması, 01,02,03,22,23,24,25 iyul tarixlərdə işdə olmadığı müzakirə olunmuş və İddiaçı işdən çıxarılmasına etirazın olmadığı qənaətinə gəlinmişdir. Məhkəmə iclasında cavabdeh həmin pedaqoji şuranın iclasının məhz həmkarlar ittifaqı təşkilatının iclası olduğunu sadəcə protokolda iclasının adını yazarkən səhvən pedaqoji şuranın iclası kimi qeyd edildiyni göstərmişdir.

47. Apellyasiya icraataı zamanı cavabdeh tərəfindən Vurğun qəsəbə 1 saylı KEUBnın 24 iyul 2025-ci il tarixli Həmkarlar iclasının 20 saylı protokolunu məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsində təqdim edilmiş Pedaqoji Şuranın növbədənkənar iclasının 1 saylı protokolu kimi qeyd edilmiş birinci protokolda İddiaçı işdən azad edilməsi barədə tərəfindən Vurğun qəsəbə 1 saylı KEUB-nın müdiri Cavabdeh tərəfindən göndərilmiş məktuba baxılması qeyd edilsədə, Vurğun qəsəbə 1 saylı KEUB-nın 24 iyul 2025-ci il tarixli Həmkarlar iclasının 20 saylı protokolunda isə Vurğun qəsəbə 1 saylı KEUB-nın müdiri Cavabdeh tərəfindən göndərilmiş məktub və təqdimatlara baxılması qeyd edilmişdir. Təqdim edilmiş Birinci instansiya məhkəməsində Pedaqoji Şuranın növbədənkənar iclasının 1 saylı protokolu kimi qeyd edilmiş birinci protokolda İddiaçı işə vaxtında gəlməməsi, əmək intizamını pozması, 01,02,03,22,23,24,25 iyul tarixlərdə işdə olmadığı müzakirə olunsada, Vurğun qəsəbə 1 saylı KEUB-nın 24 iyul 2025-ci il tarixli Həmkarlar iclasının 20 saylı protokolunda isə işə vaxtında gəlməməsi, əmək intizamını pozması, 01,02,03,22,23,24 iyul tarixlərdə işdə olmadığı müzakirə edilmişdir. Digər tərəfdən Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli 7(7) saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət olunmuş şahid qismində iştirak edən X6 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasında müəssisənin Həmkarlar İttifaqının sədridir. İddiaçı işdən çıxarılması ilə bağlı həmkarların iclası 24 iyul 2024-cü il tarixdə keçirilmişdir. İclas xx.xx.2024-cü il tarixdə keçirilsə də, birinci instansiya məhkəməsində təqdim edilmiş Pedaqoji Şuranın növbədənkənar iclasının 1 saylı protokolunda 01,02,03,22,23,24,25 iyul tarixlərdə işdə olmadığı müzakirə olunduğu qeyd edilib, halbuki xx.xx.2024-cü il tarixində iddiaçının xx.xx.2024-cü il tarixdə işə gəlməyəcəyini iclas iştirakçıları bilə bilməzdi, Vurğun qəsəbə 1 saylı KEUB-nın Həmkarlar iclasının 20 saylı protokolunun isə 24 iyul 2025-ci il tarixdə tərtib edilməsi göstərilmişdir. Göründüyü kimi təqdim edilmiş protokollar özü özlüyündə ziddiyətli olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət olunmuş şahid qismində iştirak edən və həmkarlar ittifaqının xx.xx.2024-cü il tarixli iclasında katib kimi iştirak edən X1 isə ifadəsində iclas olan vaxt məzuniyyətdə olduğunu, iclasda iştirak etmədiyini, işə qayıdanda heç kəsin olmadığını, protokola yəqin ki, məzuniyyətdən qayıtdıqdan sonra imza etdiyinin bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı işdən azad edilməsi barədə Vurğun qəsəbə 1 saylı KEUBnın Həmkarlar iclasının keçirilməsi barədə protokol formal tərtib edilmiş, həmkarlar iclasının keçirilməsi barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamış və iddiaçının iştirakı təmin edilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması ilə bağlı qanunun tələblərinin pozulması ilə bağlı gəldiyi nəticə razılaşır və apellyasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir.

48. Məhkəmə kollegiyası cavabdehin iddiaçının əmək intizamını pozması dəlilləri ilə qismən razılaşsa da, hesab edir ki, işəgötürən tərəfindən əmək intizamının təmin edilməsi və işçinin, konkret halda iddiaçının işdən azad edilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulduğu üçün həmin dəlili də, əsaslı hesab etmir. Çünki Əmək Məcəllənin 80-ci maddəsinin 1-ci bəndi həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə yalnız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilməsini nəzərdə tutmuşdur.

49. Məhkəmə Kollegiyası həmçinin Ağstafa Rayon Məhkəməsinin 2(015)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitan verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli J(7) saylı əmrinin ləğv olunması ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli əmrinin saylı 7(7)-dir. Kollegiya qətnamədə həmin əmrin sayının J(7) kimi qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirir.

50. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia ərizəsindən də, göründüyü kimi iddiaçı Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli 7(7) saylı əmrini mübahisələndirsə də, iddia ərzəsində cavabdeh kimi Cavabdeh qeyd etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin məzmununda iddia tələbi Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli 7(7) saylı əmrini ləğvinə yönəldiyindən və Cavabdeh isə 1 saylı körpələr evi-uşaq bağçasının müdiri və nümayəndəsi olduğundan iddia tələbinə hazırkı formatda baxılması mümkün hesab edilməlidir.

51. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

52. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Ağstafa Rayon Məhkəməsinin 2(015)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar