Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-729/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 rayon şöbəsinə qarşı mülki iş üzrə Açar sözlər: əmək stajı faktının müəyyən edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 rayon şöbəsinə qarşı əmək stajı faktının müəyyən edilməsinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-1248/2022 saylı mülki iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan BÇ seriyalı, 059678 nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə doğulmuşdur. 30 noyabr 1984-cü ildə keçmiş Ermənistan SSSR Vardenis rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmışdır.
2. İş materiallarında olan xx.xx.1080-ci il tarixli 18536206 nömrəli Partiya biletinin surətindən görünür ki, 1957-ci il təvəllüdlü Ərizəçi 1980-ci ilin may ayından Ermənistan Kommunist Partiyasının Vardenis rayon Partiya Komitəsinin üzvüdür. 1980-ci ilin oktyabr ayından 1982-ci ilin sentyabr ayına qədər hər ay 50-55 manat əmək haqqının olması və 10 qəpik üzvlük haqqı ödəməsi göstərilmişdir.
3. İş materiallarında olan xx.xx.1983-cü il tarixli İV seriyalı 039820 nömrəli Diplomun surətindən görünür ki, Ərizəçi 1978-ci ildə H.Zərdabi adına X1 İnstituna daxil olmuş, 1983cü ildə həmin İnstitutun riyaziyyat fakültəsini bitirmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Göygöl rayonu, Hacıməlik qəsəbə sakini Ərizəçi ünvanlanmış Ermənistan SSRİ ərazisində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli, **********3 nömrəli məktubdan görünür ki, Şəmkir Rayon Təhsil İdarəsi tərəfindən xx.xx.1991-ci il tarixində tərtib olunmuş İT-İ №2039335 nömrəli əmək kitabçasının surətində Ermənistan SSRİ-nin Vardenis rayon xalq təhsil idarəsinin arayışı əsasında ərizəçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixinədək adıçəkilən rayonun Əzizli kənd orta məktəbində işləməsi barədə müvafiq qeyd aparılmışdır. Əmək kitabçasının qeyd bölümündə arayışın tarixi, nömrəsi qeyd olmadığından, həmçinin sözügedən arayış tərəfindən təqdim edilmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 rayon şöbəsinə qarşı əmək stajı faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci il tarixədək Qərbi Azərbaycanın (indiki Ermənistan) Vardenis rayonu Əzizli kənd orta məktəbində riyaziyyat müəllimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci ilədək Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vardenis rayonu Əzizli kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işləmişdir. 1988-ci ildə məlum hadisələr vaxtı, yəni Qərbi Azərbaycandan qovulan zaman ona məxsus əmək kitabçası orada qalmışdır. Qaçqın gəldikdən sonra Şəmkir rayonunda yenidən əmək kitabçası tərtib edilsə də. bütün sənədlər orada qaldığı üçün ərizəçinin qeyd olunan illərə aid iş fəaliyyəti yalnız Vardenis RXTŞ-nin onda qalan arayışları əsasında əmək kitabçasında qeyd olunmuşdur. Hazırda ərizəçinin 65 yaşı tamam olmuşdur. Ərizəçi təqaüdə çıxmışdır, lakin ərizəçinin 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci ilədək olan iş fəaliyyəti nəzərə alınmamışdır. Bu səbəbə görə də ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Göygöl Rayon Məhkəməsinin 2(066)-1248/2022 saylı mülki iş üzrə 23 dekabr 2022ci il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 rayon şöbəsinə qarşı əmək stajı faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun ərizəçinin özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi ərizəni təmin etməyərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin ərizəçi bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Yalnız ərizəçinin şifahi bildirdiyi formal mülahizələr əsasında faktın hər hansı hissədə sübut edilməsi mümkün olmadığından ərizə təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)- 1248/2022 saylı mülki iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, o, ərizəsində, həmçinin məhkəmə iclasında qeyd etmişdir ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Qərbi Azərbaycanın Vardenis rayonu Əzizli kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir və həmin faktı da yalnız məhkəməyə gətirdiyi şahidlər təsdiq edə bilərdi. Lakin məhkəmə tərəfindən həmin şahidlər dindirilməmiş, qətnamədə isə onun müvafiq qurumda işləməsini təsdiq edən sübut təqdim edə bilmədiyindən ərizənin təmin edilmədiyi qeyd edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikaytinin dəlilərinə uyun izahat verdi və şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
15. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının: 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndində göstərilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. 13.1-ci bəndində bəndində qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2-ci bəndində bildirilmişdir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Prosessual hüquq normaları
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
17. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 78.1 - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
19. Maddə 217.2 - qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. 305.1.1 - məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
21. 307 - məhkəmənin müəyyən etdiyi faktlardan biri də hüquqi əhəmiyyətli faktların müəyyən edilməsidir.
22. 307.1 - məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
Apellyasiya baxışının hədləri
23. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 385.2 - birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən tərəfləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, işin məhkəmədə müəyyən edilən halları ondan ibarətdir ki, Ərizəçi əmək stajı faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ərizəçi 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci ilədək Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vardenis rayonu Əzizli kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işləmişdir. 1988-ci ildə məlum hadisələr vaxtı, yəni Qərbi Azərbaycandan qovulan zaman ona məxsus əmək kitabçası orada qalmışdır. Qaçqın gəldikdən sonra Şəmkir rayonunda yenidən əmək kitabçası tərtib edilsə də bütün sənədlər orada qaldığı üçün ərizəçinin qeyd olunan illərə aid iş fəaliyyəti yalnız Vardenis RXTŞ-nin onda qalan arayışları əsasında əmək kitabçasında qeyd olunmuşdur. Hazırda ərizəçinin 65 yaşı tamam olmuşdur. Ərizəçi təqaüdə çıxmışdır, lakin ərizəçinin 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci ilədək olan iş fəaliyyəti nəzərə alınmamışdır. Bu səbəbə görə də ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 29.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
30. İşə birinci instansiya məhkəməsində baxılarkən ərizəçi irəli sürülən iddianın əsaslı olduğunu təsdiq edə bilən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, sübut növü kimi yalnız öz izahatını vermişdir. İşə apelyasiya qaydasında baxılarkən də ərizəçi ərizəsinin əsaslı olduğunu təsdiq edə bilən mötəbər sübut növlərini məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
31. Məhkəmə kollegiyası hazırki işdə ərizəçinin izahatına və onun ərizəsinə əlavə etdiyi sənədlərə nəzər salaraq qeyd etməyi zəruri hesab edir ki, həmin sənədlər irəli sürülən ərizənin təmin edilməsinə əsas verən sübut növləri kimi qəbul edilə bilməz. Belə ki, ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1988-ci ilədək Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vardenis rayonu Əzizli kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işlədiyini bildirsə də, ərizəyə əlavə olunmuş diplomun surətindən görünür ki, o, 1978-ci ildə H.Zərdabi adına X1 İnstituna daxil olmuş, 1983-cü ildə həmin İnstitutun riyaziyyat fakültəsini bitirmişdir. Belə olan halda ərizəçinin xx.xx.1979-cu il tarixdən, yəni İnstitutun 1-ci kursunu bitirdiyi vaxtdan ixtisası üzrə müəllim işləməsinin işin faktiki halı kimi müəyyən edilməsini kollegiya MPM-in sübutlarla bağlı tələblərinə əsasən yolverilməz hesab edir.
32. Beləliklə, məhkəmə kollegiyası aparılmış araşdırmalar nəticəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, ərizəçinin xx.xx.1979-cu ildən xx.xx.1988-ci ilədək Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vardenis rayonu Əzizli kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işləməsi faktı iş materialları ilə təsdiq edilmir. Ona görə də kollegiya hesab edir ki, ərizəçinin apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
33. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və haqlı olaraq ərizəni təmin etməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 2(066)-1248/2022 saylı mülki iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1248/2022 saylı mülki iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.