Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-73/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, (o, həm də digər cavabdeh olan oğlu Cavabdeh2 nümayəndəsidir) , onun və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 ( həm də Cavabdeh3 qanuni nümayəndəsi kimi) və Cavabdeh2 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh3 qarşı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair məkəmədə iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Z.Ş.İmanov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən ümumi sahəsi 338.10 kvadratmetr fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Cavabdehlər Cavabdeh1 ( həm də Cavabdeh3 qanuni nümayəndəsi kimi) və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən mərhum qaynatası Cavabdeh2 Səməd oğlundan miras qalmış fərdi yaşayış evinə tam halda, 0.58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə qaynanası X5 və İddiaçı 1-ci növbə vərəsə tanımaqla, onların mülkiyyətinə keçməsi, 03 sentyabr 2012-ci il tarixli bağışlama müqaviləsi əsasında X4 mərhum Cavabdeh2 Səməd oğlundan miras qalan payın ona düşən hissəsini oğlu İddiaçı bağışlaması və sonuncunun mülkiyyətçi olmasına əsaslanmışdır. Halbu ki, onun 2016-cı ildə vəfat etmiş ərinin həmin mülkdə 1-ci növbə kimi miras payı və həmin evdən onların istifadə hüquqları olmuş, C literli evi sökdürüb öz vəsaitləri ilə inşa etdirmişlər. Onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə əsasən, həmin evdən istifadə hüququ vardır. Cavabdeh1 həm öz adından, həm Cavabdeh3 qanuni nümayəndəsi kimi, həm də, digər cavabdeh olan oğlu X8 nümayəndəsi kimi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, idddiaçı İddiaçı onun mərhum əri Alxanın qardaşıdır. O, X14 ilə 2003-cü ildə faktiki olaraq ailə quraraq mübahisəli Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, birgə nikahından Sultan və Elza adlı uşaqları doğulmuşdur. Sultan yetkinlik yaşına çatmış, Elza isə çatmamışdır.Həmin vaxt mübahisəli ev qaynatasının mülkiyyətində olmuşdur. İddiaçı mərhum atasının vəfatından sonra, mübahisəli evə mülkiyyət hüququ əldə etsə də, onların həmin evdən istifadə hüquqları mövcuddur.O,mirasa dair sənədləri mübahisələndirmiş və torpaq sahəsi üzərində payı müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1, cavabdeh X8 və Cavabdeh3 vəkili Vəkil kimi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə mübahisə olunan yaşayış evinin iddiaçının mülkiyyətində olması barədə müvafiq çıxarış ləğv edildiyindən, hazırda iddiçının cavabdehlərə qarşı iddia qaldırmaq hüququ yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdehlərdən Cavabdeh1 onun mərhum qardaşı Alxanın arvadı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə mərhum qardaşının uşaqlarıdır. X18 vətəndaşı olmuş və 2004-cü ildə cavabdeh ilə evlənib Rusiyaya getmişlər və nikahlarını da Moskva şəhərində kəsdirmişlər. Mübahisə edilən fərdi yaşayış evi vərəsəlik və bağışlama müqaviləsi ilə onun mülkiyyətinə keçmişdir. Qardaşı Alxan 2015-ci ilin may ayında Rusiya Federasiyasında vəfat etdikdən sonra, cavabdehlər çöldə qalmaması üçün ona məxsus Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evində yaşamasına etiraz etməmişdir. Cavabdehlər həmin evdə heç bir tikili və təmir işi etməmişlər və bunlar uydurmadır. Cavabdeh tərəf miras evə dair vərəsəliyi mübahisələndirsə də, iddiaları həmin hissədə rədd edilmiş və evlə bağlı mirasın qardaşı Alxan tərəfindən qəbul edilmədiyi müəyyən edilmişdir. Cavabdeh1 son vaxtlar onlarla yola getmir və tez-tez müxtəlif bəhanələr gətirərək evdə dava dalaş salır. Bir neçə dəfə onların ünvanlarına hətta polis əməkdaşları gəlmiş, mübahisələri mülki xarakterli olduğundan onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Cavabdehlərin hazırda ona məxsus evdə yaşamaları üçün heç bir hüquqi əsas yoxdur və cavabdehlər mübahisəli evdə onun iradəsinə zidd yaşamaqla ona məxsus mülkiyyət hüququnu pozurlar. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 1719/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa olunmuş ümumi sahəsi 338.10 kvadratmetrdən ibarət fərdi yaşayış evi xx.xx.2020-ci ildə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında 03 sentyabr 2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 04 yanvar 2000-ci il tarixdə vəfat etmiş Cavabdeh2 Səməd oğlunun vərəsələri Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan X9 və İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəmkir Əİ-nin vermiş olduğu xx.xx.2012-ci il tarixli **********54 nömrəli arayışa əsasən mərhum Cavabdeh2 Səməd oğluna aid Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 113.0 kv.m, köməkçi sahəsi 51.7 kv.m, ümumi sahəsi 164.7 kv.m olan A literli, yaşayış sahəsi 101.0 kv.m, köməkçi sahəsi 72.4 kv.m, ümumi sahəsi 173.4 kv.m olan B literli və sahəsi 172.0 kv.m olan C literli (əl damı-quş damı), sahəsi 24.0 kv.m olan F literli (hamam), sahəsi 11.8 kv.m olan Ç liteli (anbar), sahəsi 12.0 kv.m olan F literli (ayaqyolu), sahəsi 167.0 kv.m olan qurğu İ (talvar), sahəsi 134.0 kv.m olan İİ (talvar), sahəsi 39.0 kv.m olan qurğu İİİ (çardaq), sahəsi 123 kv.m olan qurğu İV (talvar), sahəsi 4.8 kv.m olan V (çardaq), sahəsi 21.5 kv.m olan qurğu Vİ (çardaq), sahəsi 1.8 kv.m olan qurğu Vİİ (ayaqyolu) olan fərdi yaşayış evindən ibarətdir. 03 sentyabr 2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X9 mərhum Cavabdeh2 Səməd oğlundan miras qalan payın ona düşən hissəsini oğlu İddiaçı bağışlamışdır. 13 mart 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, X1 Şəvaim Məsim qızından miras qalmış və Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən ümumi sahəsi 0.58 ha olan torpaq sahəsinin ona düşən hissəsini İddiaçı bağışlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlak üzərində paylar haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin miras əmlak üzərində mülkiyyət hüququna dair HDQH DƏDR-dən Çıxarışların ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə qaytarılması, həmin miras əmlaka qanun üzrə 1-ci növbə vərəsə tanınma, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdakı payların müəyyən edilməsi tələbinə dair işə mülki qaydada baxılıb həll edilənədək hazırkı 2(104)- 3707/2021 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(076)-2509/2021 saylı qətnaməsi iddianın X3 miras qalmış əmlaka görə cavabdehlər İddiaçı və X12 Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2v-223 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X10 miras payını İddiaçı bağışlamasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 3M-461 saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, həmin miras mülkə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 X7 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, iddia həmin hissədə təmin edilmiş, X4 vərəsəsi kimi X10 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, X10 X3 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilə etibarsız hesab edilmiş, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmiş, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində Cavabdeh3, 0,0483 ha hissəsində isə Cavabdeh2 payı müəyyən edilmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5909/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Cavabdeh1 2004-cü ildə iddiaçının qardaşı olan X14 ilə evlənərək, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən mübahisə edilən evə gəlin gəlmiş və Alxan Rusiya vətəndaşı olduğu üçün qısa müddət sonra Rusiyaya getmişlər, nikahlarını da Moskva şəhərində kəsdirmişlər. Onların birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü Sultan və xx.xx.2006-cı il təvəllüdlü Elza adlı uşaqları olmuşdur. Hazırda qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X2 Federasiyasının vətəndaşı olmaqla, işin mübahisəsiz halı kimi 2010-cu il tarixədək daimi olaraq Rusiya Federasiyasında yaşamışdır. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Respublikada torpaq islahatı keçirilən zaman həmin torpaq sahəsində olan təsərrüfatda yalnız Cavabdeh2 Səməd oğlu, X9 və İddiaçı olduğundan həmin torpaq sahəsi də məhz onların ümumi mülkiyyətinə verilmişdir ki, bununla da, mərhum X7 atasının vəfatından bir neçə il əvvəl və atası vəfat etdikdən sonrakı il ərzinədək həmin təsərrüfatda yaşaması ilə bağlı iddiaçıların dəlili təkzib olunmuşdur.X7 2010-cu il tarixədək olan müəyyən dövrlər ərzində Rusiya Federasiyasından Azərbaycana gəldikdə atasından miras qalmış evdə qalması onun mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə kollegiyası iddiaçıların Cavabdeh2 Səməd oğlundan miras qalmış əmlakın X14 tərəfindən faktiki qəbul edilməsi və buna müvafiq olaraq da X6 miras qalmış əmlakın onlar tərəfindən faktiki qəbul etmələri ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Göründüyü kimi, cavabdeh tərəfin mübahisə edilən fərdi yaşayış evi üzərində vərəsəlik payı mövcud olmamış və yalnız həmin ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsində iddiaçılar Cavabdeh2 və Cavabdeh3 payı müəyyən edilmiş və bu səbəbdən Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmişdir. Bu isə o dəməkdir ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı üçün, həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət kimi xx.xx.2020-ci il tarixdə qeydə alındığından yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı ilə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişildiyindən və evin mülkiyyətçisi ilə cavabdehlər arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, eyni zamanda nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi təsbit edilib göstərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı Soltan oğlunun mərhum qardaşı Alxanın arvadı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə mərhum qardaşının uşaqları olmaqla, onun ailə üzvü dairəsinə daxil deyildir. Digər tərəfdən, cavabdehlər mübahisəli evə iddiaçı (mülkiyyətçi) tərəfindən köçürülməmişdir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, cavabdehlər İddiaçı ailə üzvü deyildir və mübahisəli evə iddiaçı (mülkiyyətçi) tərəfindən köçürülməmişdir. Ona görə də, iddiaçı cavabdehlərin mübahisəli evdən çıxarılması tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2 maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması və C literli evi sökdürüb öz vəsaitləri hesabına inşa etmələrinə dair apellyasiya dəlilləri məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə mübahisə olunan yaşayış evinin iddiaçının mülkiyyətində olması barədə müvafiq çıxarış ləğv edildiyindən, hazırda iddiaçının cavabdehlərə qarşı idida qaldırmaq hüququnun olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, həmin qətnamə ilə mübahisə edilən fərdi yaşayış evi üzərində yox, yalnız həmin ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsində iddiaçılar Cavabdeh2 və Cavabdeh3 payı müəyyən edilmiş və Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmişdir. Bu isə o dəməkdir ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1719/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-73/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-73/2023
06.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver