Məhkəmə qərarları › İş №2(104)-731/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-731/2024

18.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-731/2024 18.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ümumi birgə mülkiyyət olaraq onlara məxsus olan 0.5468 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsi ilə (hakim M.Kazımov) iddia təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********16 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh1 və 0.2069 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh2 çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və ödənilmiş 95 manat məbləğində mütəxəssis xərcinin əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qəbul olunmuş məhkəmə qərarı ilə ona münasibətdə iddianın təmin olunmuş hissəsi ilə razı deyil. Məhkəmə mübahisəni həll edərkən ekspert rəyinə istinad edib və iddianın təmini üçün həmin rəyi əsas götürmüşdür. Lakin məhkəmənin həmin ekspert rəyinə istinad edib, iddianı təmin etməsini düzgün hesab etmir. Əvvala ona görə ki, onların yaşadığı ərazidə iki xəritə mövcuddur. Xəritələrdən biri son vaxtlar tərtib olunub, digəri isə həmişədən mövcud olmuşdur. Aralarında əvvəllər də mübahisə olmuşdur və həmin mübahisələr araşdırılarkən məlum olmuşdur ki, o, heç kimin torpaq sahəsini tutmamışdır. Eyni zamanda istifadəsində olan torpaq sahəsində o, 30 ildən çoxdur ki, fərdi yaşayış evi tikmiş və həmin evdən, evin yerləşdiyi həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə edir. İddiaçılar buna görə ona heç vaxt etiraz etməmişlər. Həmçinin onların yaşadıqları rayonun ərazisi ilə bağlı müvafiq elektron xəritə tərtib olunub və həmin xəritədə sürüşmələr vardır. Bu səbəbdən də rayonun ərazisində çoxlu sayda torpaq mübahisələri yaranıb. Hesab edir ki, ekspert araşdırma zamanı köhnə xəritədən istifadə etsə, daha obyektiv araşdırma aparmış olacaqdır. İddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, 1988-ci ildən münahisəli torpaq sahəsindən faktiki olaraq istifadə edir. Digər cavabdeh Səfər onun qardaşıdır.Torpaq sahəsi onun faktiki istifadəsində olsa da, heç bir sənədi yoxdur. Həmin torpaq sahəsində kartof əkib-becərir. Apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə ona münasibətdə təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh1 iddiaçılara məxsus torpaq sahəsini tutmamışdır. Bundan əvvəl də mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçılar məhkəmədə iddia qaldırmış və iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Ona görə də, apellyasiya şikayətinin təmi edilməsini, Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə Cavabdeh1 münasibətdə təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçılardan Fərman onun həyat yoldaşı, Nuranə isə qızıdır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, orada heç bir ev yoxdur. Cavabdehlər həmin sahəni tutaraq, əkin sahəsi kimi istifadə edirlər. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh Quliyev X6 Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətində iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmamasını xahiş etsə də, şikayətinin dəlillərində iddianın ona münasibətdə təmin olunmamasını xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********16 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023- cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına ümumi birgə payları olmaqla ********** nömrə ilə qeydiyyata alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-807/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı2 cavabdehlər X2, X3, X4, X1 və X5 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Gədəbəy rayonu Düzyurd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16 saylı arayışdan görünür ki, Düzyurd bələdiyyəsinin ərazisində Cavabdeh1 adına 0.10 ha həyətyanı, 0.36 ha zəbt torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, **********16 reyestr nömrəli çıxarış əsasında İddiaçı1 Nurəddin qızının, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsi Cavabdeh1 tərəfindən, 0.2069 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2023cü il tarixli, 3-16-16/2-10/6976 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, **********16 reyestr nömrəli çıxarış əsasında İddiaçı1 Nurəddin qızının, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsi Cavabdeh1 tərəfindən 0.2069 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmış və hesab etmişdir ki, Cavabdeh1 mübahisə edilən torpaq sahəsinin 0.2974 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə, yəni iddianın Cavabdeh1 münasibətdə mübahisə edilən torpaq sahəsinin 0.2974 ha hissəsindən çıxarılması hissəsi ilə razılaşır. Belə ki, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********76 reyestr nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmiş və birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş müvafiq mütəxəssis və ekspertiza rəyləri ilə İddiaçı1 Nurəddin qızının, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası Cavabdeh1 1988-ci ildən münahisəli torpaq sahəsindən faktiki olaraq istifadə etməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, həmin hal iddianın rədd edilməsinə hüquqi əsas vermir. Məhkəmə kollegiyası cavabdehin onların yaşadığı ərazidə iki xəritənin mövcud olmasına dair dəlilini də əsassız hesab edir. Belə ki, əvvala iş materiallarında belə bir halın mövcudluğu təsdiq edilmir. Digər tərəfdən, mübahisə edilən torpaq sahəsi iddiaçıların qanuni mülkiyyətindədir və yuxarıda qeyd edilən ekspertiza rəyi ilə 0.2974 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə, yəni iddianın Cavabdeh1 münasibətdə 0.2974 ha torpaq sahəsindən çıxarılması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(042)-775/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar