Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-733/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1259/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1259/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Tərifə Kərimova) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1259/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən müqavilədən onun xəbəri olmamışdır. Belə ki, başqa bir şirkətə iş üçün müraciət edərkən həmin müqavilənin mövcudluğundan xəbər tutmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək sözügedən müqaviləyə dair elektron informasiya sistemində yerləşdirilmiş əmək müqaviləsi bildirişinin ləğv edilməsini xahiş etmiş, lakin X3 Xidməti tərəfindən ona bildirilmişdir ki, bununla bağlı Cavabdeh MMC-nə müraciət etməli, müsbət nəticə əldə olunmadığı halda isə məhkəməyə müraciət olunmalıdır. O, Gəncə 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixində təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Cavabdeh MMC-nə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh orqanın nümayəndələri heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmış, Dövlət məşğulluq idarəsində işsiz kimi qeydiyyatda olmuş, işə girmək üçün müraciət etdikdə onun Cavabdeh MMC ilə aktiv əmək müqaviləsi olduğu məlum olmuşdur. Onun həmin əmək müqaviləsinin bağlanmasından məlumatı olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)- 1259/2023 saylı qətnaməsinin ləğv edilməklə, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında göstərdi ki, Cavabdeh səlahiyyətli şəxsi X1 tərəfindən xx.xx.2020-ci il tarixdə elektron sistemə əmək müqaviləsi bildirişi daxil edilmişdir. Onlar yalnız elektron sistemdə yerləşdirilmiş əmək müqaviləsi bildirişini sistemdə görə bilirlər, lakin sözügedən müqavilədən heç bir məlumatları yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)- 1259/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublilkasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab mətubunda kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məumatlara əsasən, təsisçisi X1 olan Cavabdeh xx.xx.2018-ci il tarixdə ********** saylı VÖEN-lə dövlət qeydiyyatına alındığı, MMCnin rəhbərinin X1, hüquqi ünvanının ünvan 1rın (cəmiyyətlərin,.birliklərin, ittifaqların) fəaliyyəti” olduğunun müəyyən edildiyi, xx.xx.2023-cü il tarixə MMC-nin fəaliyyətinin aktiv olduğu qeyd olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin bildirişdə işçi kimi İddiaçı göstərilmiş, müqavilənin bağlanma tarixi xx.xx.2019-cu il kimi qeyd olunmuş və həmin bildiriş xx.xx.2020-ci il tarixdə X1 tərəfindən imzalanaraq sistemə daxil edilmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı öz iddiasında Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında belə bir müqavilə mövcud deyil. İddiaçı, həmin müqavilədən məlumatlı olmaması və müqavilənin saxta yolla bağlanması səbəbilə həmin müqaviləni məhkəməyə təqdim etməsinin mümkün olmadığını bildirmişdir. Hazırda mübahisə predmeti olan müqavilə mövcud olmadığından həmin müqavilənin qanunvericiliyin tələblərinə zidd olubolmamasını, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak edib-etmədiyini və onların arasında iradə ifadəsinin mövcud olub-olmadığını müəyyən etmək mümkünsüzdür. Yalnız iddiaçının şifahi mülahizələrini əsas götürməklə reallıqda mövcudluğu sübut olunmayan müqavilənin etibarsız hesab olunması qənaətinə gəlmək yolverilən deyil. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin bildirişdə işçi kimi İddiaçı göstərilmiş, müqavilənin bağlanma tarixi xx.xx.2019-cu il kimi qeyd olunmuş və həmin bildiriş xx.xx.2020-ci il tarixdə X1 tərəfindən imzalanaraq sistemə daxil edilmişdir. İddiaçı isə onun həmin müqavilənin bağlanmasından məlumatı olmamasını, başqa bir şirkətdə işə girmək üçün müraciət etdikdə onun Cavabdeh MMC ilə əmək müqaviləsinin olduğu müəyyən olunduğunu izahatında göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin: 2-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 6-cı hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən həmin məcəllə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 7-ci maddənin:
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7.2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 42-ci maddənin:
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddənin: 1.Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh MMC-ti arasında əslində heç bir əmək müqaviləsi mövcud olmamış və bunan baxmayaraq Cavabdeh MMC-ti aktiv əmək müqaviləsini elektron informasiya sistemində yerləşdirməklə, iddiaçının konstitusion hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də, iddiaçı ilə Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1259/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1259/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.