Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-737/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: yaşayış evindən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-3180/2022 saylı mülki iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bərdə rayonu, Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 306 nömrəli, 04 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Mollaisalar kəndində yaşayır və qeydiyyatdadır.
2. İş materiallarında olan AZ-İİ 360293 nömrəli arayışdan müəyyən olunur ki, X3 06 aprel 2006-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
3. İşdə olan 28 oktyabr 2022-ci il tarixli, **********5 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, X1 adına Bərdə rayonu Mollaisalar kəndində 47.2 kv.m sahəsi olan fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsi mülk kimi qeydiyyata alınmışdır.
4. İşdə olan Bərdə Rayon Məhkəməsinin 2(021)-605/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə etdikləri Bərdə rayonu Mollaisalar kəndində yerləşən 0,10 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evini natura şəkilində bərabər bölünməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.
5. İşdə olan Mediasiya Şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu, Mollaisalar kəndində nikah dövründə tikdirdərək hazırda yaşadığı evdən istifadə hüququnun tanınmaqla cavabdehin qanuna zidd hərəkətlərinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 2(021)-3180/2022 saylı mülki iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-3180/2022 saylı mülki iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən evin işıq, qaz sayğacları və internet xətti sabiq həyat yoldaşı Cavabdeh adına olsa da, ev onun Cavabdeh ilə boşanmasından sonra qanunsuz olaraq cavabdehin bacısınln adına mülk kimi qeydə alınmışdır. O, 10 il həmin evdə yaşamış və hazırda da orada yaşayır. Lakin, məhkəmə qətnamə qəbul edərkən həmin halları nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, bildirdi ki, iddiaçının birgə nikah dövründə əldə etdiklərini iddia etdiyi Bərdə rayonu Mollaisalar kəndində yerləşən 0,10 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi onun bacısı Xatirəyə məxsusdur. Bacısı əvvəllər həmin evi müvəqqəti yaşamaq üçün ona vermişdir. Ona görə də şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 16.Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 17.Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 18.Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları vəvalideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
32. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2005-ci ildə ailə qurmuş, nikahlarını 01 dekabr 2009-cu ildə rəsmiləşdirmişlər. 28 iyun 2022-ci ildə aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən onun keçmiş əri-iş üzrə cavabdeh olan Cavabdeh bacısı X1 mülkiyyətindədir. İddiaçı isə apellyasiya şikayətində göstərmişdir ki, qeyd edilən evin işıq, qaz sayğacları və internet xətti sabiq həyat yoldaşı Cavabdeh adına olsa da, ev onun Cavabdeh ilə boşanmasından sonra qanunsuz olaraq cavabdehin bacısınln adına mülk kimi qeydə alınmışdır. 34.Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi iddiaçının ailə üzvü olmayan X1 mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 139-cu maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 35.İddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi barəsində X1 adına aparılmış qeydiyyatın həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan və bu məsələ (qeydiyyatın həqiqi olub olmaması məsələsi) hazırki məhkəmə araşdırmalarının predmeti olmadığından, məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddiaçı mülkiyyətçinin ailə üzvü sayılmır və onun həmin evdən istifadə hüququ tanına bilməz. Buna görə də, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-3180/2022 saylı mülki iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.