Məhkəmə qərarları › İş №2(104)-74/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-74/2023

22.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-74/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 və üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi X1 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(042)-646/2021 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Gədəbəy şəhərində yerləşən 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 27 sentyabr 2022-ci il tarixli **********05 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Lakin **********58 saylı çıxarışa əsasən iddiaçıya məxsus 4.676 kv.m torpaq sahəsi parkın ərazisi ilə 4.361 kv.m-dək torpaq sahəsi isə cavabdehin inşa etdirdiyi səki hissəsi ilə üst-üstə düşür.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli 10/7150 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********05 saylı mütəxəssis rəyinə əsasən Gədəbəy şəhərində yerləşən. İddiaçının və cavabdehin torpaq sahələrinin onlara aid olan hissəsi müəyyən edilmiş və iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Lakin **********58 saylı çıxarışa əsasən iddiaçıya məxsus 4.676 kv.m torpaq sahəsi parkın ərazisi ilə, qalan 4361 kv.m-dək torpaq sahəsi isə cavabdehin inşa etdirdiyi səki ilə üst-üstə düşür. Ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 23 noyabr 2022-ci il tarixli 10/7150 nömrəli ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 Cavabdeh1 qarşı DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə (torpaq sahəsində tikinti işləri aparmasına) yaratdığı maneələrə, həmçinin, həmin torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yoldan (daş pilləkən yoldan) istifadə etməsinə yaratdığı maneələrə son qoyulması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi xx.xx.2012-ci ildə xüsusi mülkiyyət hüququ ilə tam olaraq ona məxsusdur. 2021-ci ildə Cavabdeh1 onun torpaq sahəsində tikinti işləri apararkən o, Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmiş və həmin tikinti işləri dayandırılmışdır. Hazırda cavabdeh ona öz torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Onun torpaq sahəsi cavabdehin obyekti ilə həmsərhəddir. Həmin torpaq sahəsi ona məxsusdur və yenidən tikinti işləri aparmaq istəyir.

6. Gədəbəy Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(042)-646/2021 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin təmin edilməsi, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və onun İddiaçı1 həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaratdığı maneələrə, həmçinin, həmin torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə yoldan istifadə etməsinə yaratdığı maneələrə son qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq, iddiaçıya məxsusdur. İddiaçı həmin torpaq sahəsinin tam mülkiyyətçisi olsa da cavabdeh onun torpaq sahəsindən istifadə etməsinə maneələr törədir. Mülki işə cəlb edilmiş üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi də bu halı təsdiq etmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(042)-646/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam şəkildə araşdırmamışdır, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir. İddiaçının mübahisələndirdiyi sahə artıq uzun müddət bundan qabaq yaşıllıq zonasına düşdüyü üçün dövlət ehtiyacları üçün alınmışdır, abadlıq işləri aparılmışdır, lakin müvafiq orqanlar tərəfindən çıxarış ləğv edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam şəkildə araşdırmamışdır, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir. İddiaçının mübahisələndirdiyi sahə artıq uzun müddət bundan qabaq yaşıllıq zonasına düşdüyü üçün dövlət ehtiyacları üçün alınmışdır, abadlıq işləri aparılmışdır, lakin müvafiq orqanlar tərəfindən çıxarış ləğv edilməmişdir. Onun həmin torpaq sahəsinə çıxarışı yoxdur.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, mütəxəssis və ekspert rəyindən görünür ki, Gədəbəy şəhərində yerləşən iddiaçının və cavabdehin torpaq sahələrinin onlara aid olan hissəsi müəyyən edilmiş və iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Lakin **********58 saylı çıxarışa əsasən iddiaçıya məxsus 4.676 kv.m torpaq sahəsi parkın ərazisi ilə, qalan 4361 kv.m-dək torpaq sahəsi isə cavabdehin inşa etdirdiyi səki ilə üstüstə düşür.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi X2 apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 103.1 Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyindən, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyindən apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(042)-646/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. İddiaçı öz tələbində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə tam olaraq özünə məxsus Gədəbəy şəhərində yerləşən 0.0009 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən istifadə etməsinə cavabdehin maneələr törətdiyini bildirmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı işə cəlb edilmiş üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi də bu halı təsdiq etmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin edilmiş əldə edilmiş mütəxəssis və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Gədəbəy şəhərində yerləşən iddiaçının və cavabdehin torpaq sahələrinin onlara aid olan hissəsi müəyyən edilmiş və iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Lakin **********58 saylı çıxarışa əsasən iddiaçıya məxsus 4.676 kv.m torpaq sahəsi parkın ərazisi ilə, qalan 4361 kv.m-dək torpaq sahəsi isə cavabdehin inşa etdirdiyi səki ilə üst-üstə düşür.

23. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi sahə artıq uzun müddət bundan qabaq yaşıllıq zonasına düşdüyü üçün dövlət ehtiyacları üçün alınmışdır, abadlıq işləri aparılmışdır, lakin müvafiq orqanlar tərəfindən çıxarış ləğv edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlillə razılaşmayaraq qeyd edir ki, hazırda iddiaçının adına onun mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur və torpaq sahəsinin bir hissəsinə cavabdeh tərəfindən müdaxilə edilməsi mütəxəssis və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Cavabdehin dəlilləri isə formal mülahizədən ibarət olmaqla məhkəmə kollegiyasının araşdırması zamanı öz təsdiqini tapmamış, bununla belə birinci instansiya məhkəməsinin işə baxılması zamanı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə nəticələnməyə əsas verən hər hansı maddi və ya prosessual hüquq normasını pozması müəyyən edilməmişdir.

24. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

25. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edildiyi üçün ekspertiza xərci apellyasiya şikayəti vermiş cavabdehə aid edilməli və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 tutulmalıdır.

26. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(042)-646/2021 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 tutularaq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar