Məhkəmə qərarları › İş №2(104)-744/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-744/2023

14.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-744/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı tikilinin qanunsuz sökülməsi ilə əlaqədar ona dəymiş 50.000 manat zərər, 8 illik icarə haqqı ilə əlaqədar 42.000 manat zərər, 8.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 100.000 manat cavabdehdən alınması, ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş “Şəmşirin” kafesinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında бахараг, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı tikilinin qanunsuz sökülməsi ilə əlaqədar ona dəymiş 50.000 manat zərər, 8 illik icarə haqqı ilə əlaqədar 42.000 manat zərər, 8.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 100.000 manat pulun cavabdehdən alınması, ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş “Şəmşirin” kafesinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 30 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50-12301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 hissəsindən Cavabdeh MMC-nin çıxarılması, həmin torpaq sahəsində Cavabdeh MMC tərəfindən tiklimiş “Şəmşirin” kafesinin 86.4 kv.m-dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyulması qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(076)-375/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və apellyasiya şikayətinin mümkünlük şərtləri yenidən araşdırılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi 29 sentyabr 2022-ci il tarixdə çıxarılmış, həmin tarixdə də müşayətedici məktubla qətnamənin surəti tərəflərə göndərilmişdir. Qətnamənin surətini Cavabdeh MMC-nin nümayəndəsi X1 (vəkil) 10 oktyabr 2022-ci il tarixdə alsada, Cavabdeh MMC-nin ünvanına göndərilən poçt sənədi ünvan düz olmaması əsası ilə geri qaytarılmışdır. Apellyasiya şikayəti isə 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə verilmişdir. Şikayət direktor Nurlan Rzayev tərəfindən imzalanmışdır. Şəmkir Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(076)-375/2022nömrəli qərardadı ilə şəxsin səlahiyyətli olmasını nəzərdə tutan təsdiqedici sənəd, o cümlədən apellyasiya şikayətini imzalamaq hüququnun olmasını nəzərdə tutan etibarnamə şikayətə əlavə edilməməsi əsası ilə apellyasiya şikayəti geri qaytarılır. Cavabdeh MMC-nin drektoru Nurlan Rzayev baş drektor təyin edilməsi barədə 13 iyul 2019-cu il tarixli 03 nömrəli qərarı ərizəyə alavə edərək məhkəməyə göndərmiş və verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilsədə, təmin edilməmişdir. . Nəzəzə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə isə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Nəzərə alınmalıdır ki, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPMdə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bundan əvvəldə qeyd olunduğu kimi Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-375/2022- nömrəli qətnaməsinin surəti Cavabdeh MMC-nə rəsmi qaydada çatdırılmasada, lakin işdə iştirak edən nümayəndəsinə, yəni Anar Abdullayevə (vəkil) poçt vastəsilə 10 oktyabr 2022-ci il tarixdə çatdırılmışdır. Apellyasiya şikayəti isə 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi ilkin olaraq verilmiş apellyasiya şikayəti prosessual qanunvericilikdə müəyyən olunmuş müddətdə verilmişdir. Sadəcə şikayəti imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədlər həmin şikayətə əlavə olunmamışdır. Apellyasiya şikayətinin digər mümkünlük şərtləri yoxlanılmadan, yalnız bu səbəbdən şikayət geri qaytarılmışdır. Buna baxmayaraq sonradan şikayəti imzalayan Nurlan Rzayev səlahiyyətli olmasını təsdiq edən sənədi məhkəməy göndərmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qərardı tam, 13 yanvar 2023-cü il tarixli 2(076)-375/2022 nömrəli qərardı isə şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)- 375/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılıb (digər mümkünlük şərtləridə nəzərə alınmaqla) hüquqi qiymət verilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-130, 263-264, 357, 360, 398, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qərardı tam, 13 yanvar 2023-cü il tarixli 2(076)-375/2022 nömrəli qərardadı isə şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılıb (digər mümkünlük şərtləridə nəzərə alınmaqla) hüquqi qiymət verilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar