Məhkəmə qərarları › İş №2(104)-751/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-751/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-751/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vülqar qızından ibarət tərkibdə, Gəncə şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(125)-175/2022 nömrəli qərardadından iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Gəncə Şəhər Məhkəməsinin 2(125)-175/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş, eyni zamanda apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının nümayəndəsini qətnamə çıxdıqdan sonra elektron məhkəmə sisteminə əlavə etdiyindən apellyasiya şikayəti 1 ay sonra verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmə işi icraata götürən zaman informasiya sistemində yaradılmış elektron kabinetə iddiaçının nümayəndəsi kimi əlavə edilməli olsa da bunu etməmişdir. Həmin iş üzrə o qətnamə çıxdıqdan sonrakı tarixdə, yəni 19 sentyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində nümayəndə kimi qeydiyyata alınmışdır və həmin tarixdə də mobil nömrəsinə sms bildiriş gəlmişdir. Beləliklə də apellyasiya şikayəti də 1 ay sonra, yəni 19 oktyabr 2022-ci il tarixində verilmişdir. Gəncə şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(125)-175/2022 nömrəli qərardadı ilə (hakim Xədicə Səfərli) qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək Gəncə şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(125)-175/2022 nömrəli qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək apellyasiya şikayətinin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sisteminə 19 sentyabr 2022-ci il tarixində əlavə edilmişdir. Bununla bağlı sübut mobil telefona göndərilmiş sms bildirişidir. Həmin qərardad qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Gəncə şəhər Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli 2(125)-175/2022 nömrəli qərardadı ilə Gəncə şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(125)-175/2022 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-175/2022 saylı xx.xx.2022-ci il qətnaməsi xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayətini həmin elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçı şikayətinin dəlillərində nümayəndəsinin elektron kabinetinin yaranma tarixinə istinad edərək qətnamənin həmin tarixdə rəsmi qayada verilmiş olduğunu bildirsə də məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki iş materiallaırnda olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, qətnamə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-in 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən aslı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən aslıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Ona görə də, kollegiya şikayətin təmin edilməməsi və Gəncə şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(125)-175/2022 nömrəli qərardadının və onun əsasında çıxarılmış 07 yanvar 2023-cü il tarixli 2(125)-175/2022 nömrəli qərardadının dəyişdirmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə konkret olaraq müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 396, 397.2. 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(125)-175/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış 07 yanvar 2023-cü il tarixli 2(125)- 175/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar