Məhkəmə qərarları › İş №2(104)-753/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-753/2024

27.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-753/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin naturada bölünərək payların ayrılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-2120/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanda yerləşən 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən zirzəminin cavabdehin istifadəsindən alınanaraq ona verilməsi və ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin ½ payın (fərdi yaşayış evlə birlikdə) naturada ayrılması, fərdi yaşayış evinin və torpağın paya uyğun bölünməsi və ayrıca giriş-çıxış yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən ümumi paylı mülkiyyət olan 0.06 ha torpaq sahəsi və evin 1/2 hissədə naturada bölünməsi, ünvan 1 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin iddiaçının mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsindən cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-2120/2023 nömrəli qətnaməsi (hakim Mustafa Mustafayev) ilə, İddiaçı Cavabdeh qarşı evin naturada bölünərək payların ayrılmasına dair iddia tələbi təmin edilməməsi, iş üzrə məhkəmə ekspertiza xərci 20 sentyabr 2023-cü il tarixli rəy üzrə 100 manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, həmin payın ayrılması üçün “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2023-cü il tarixli, 10/3702 saylı rəyi ilə təstiq olunur. Hesab edir ki, ekspert rəyi natamamdır. Belə ki, ekspert evin bölünməsini mümkün hesab etmişdir, lakin 0.06 ha torpaq sahəsinin bölünməsini mümkün olmadığını qeyd etmişdir. Lakin torpaq sahəsinin bölünməsini hansı səbəbdən bölünməsinin mümkün olmadığını ekspert öz rəyində əsaslandıra bilməmişdir. Əksinə hesab edir ki, 0.06 ha torpaq sahəsinin iki hissəyə bölüməsi texniki cəhətdən tam mümkündür. Torpaq sahəsinin planına baxdıqda görə bilərik ki, torpaq sahəsinin uzunluğu küçə tərəfdən 28,7 m təşkil edir, torpaq sahəsinin sağ və sol tərəfdən uzunluğu isə 24 m təşkil edir. Torpaq sahəsinin küçəyə baxan hissəsinin 9.4 metr evin yerləşdiyini nəzərə alsaq boş sahəsi 19.3 m təşkil edir və boş sahədə hər iki mülkiyyətçinin çiriş-çıxışı üçün iki yolun ayrılması mümkündür və yaşayış evi və digər təyinatlı tikililər torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada ayrılması texniki cəhətdən tam mümkündür. Hesab edir ki, ünvan 3 ünvanda yerləşən 0.06 hatorpaq sahəsinin ½ payın (fərdi yaşayış evlə birlikdə) naturada ayrılması, fərdi yaşayış evinin və torpağın paya uyğun bölünməsi və ayrıca giriş-çıxış yolunun müəyyən edilməsi üçün mövcud ekspert rəyi natamamdır və iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin olunmaldır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dıyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(015)-657/2023 nömrəli qətnaməsi “ünvan 1 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin iddiaçının mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsindən cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi”- ləğv edilməli, həmin hissə üzrə işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və 119,1 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissəsi Cavabdeh və 1/2 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ünvan 1 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin iddiaçının mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsindən cavabdehin istifadəsindən alınaraq ona verilməsini istəyir. Lakin, həmin yarım zirzəmi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışında qeydiyyata alınmamışdır. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Adı çəkilən Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəmi texniki pasportda göstərilsə də, hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də iddiaçı ilk həmin yarım zirzəmini dövlət reyestrində qeydiyyata aldırmalı, sonra isə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə qaydasında baxıla bilməsinin müəyyən edilməsidir. Azərbaycan Respublikasının MPM-in 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi işin bu mərhələsində ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsində göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)- 2120/2023 nömrəli qətnaməsi “ünvan 1 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin iddiaçının mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsindən cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi” ləğv edilməli, həmin hissə üzrə işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikasının MPM-in 262.3-cü maddəsinin tələbinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilirsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olduğunu göstərməlidir. Məhkəmə kollegiyası bu normaya əsasən hesab edir ki, iddiaçıya ünvan 1 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin qeydiyyata alınması üçün müvafiq dövlət reyestri xidmətinə müraciət etməsi izah olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 10-1, 263, 264, 384, 385, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-2120/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı iddiası – “ünvan 1 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin iddiaçının mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsindən cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi” hissəsində icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya ünvan 1 ünvanda yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin qeydiyyata alınması üçün müvafiq dövlət reyestri xidmətinə müraciət etməsi izah olunur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar