Məhkəmə qərarları › İş №2(104)-755/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-755/2025

20.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-755/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X8 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin MİDnin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin MİD Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4435/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kirayəverən Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi ilə kirayəçi X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11/32 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, ünvan 1- də yerləşən 32 nömrəli 1 otaqlı mənzil həmin kirayəçinin istifadə və sahibliyinə verilmişdir.

2. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 10 iyun 1014-cü il tarixli, 336 nömrəli məktubundan görünür ki, ünvan 1-də yerləşən 32 nömrəli 1 otaqlı mənzil müqavilə əsasında Cavabdeh verilmiş, sonuncu mənzili qanunsuz olaraq X6 vermişdir.

3. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Gəncə şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bina 11, mənzil 32 ünvanına baxış keçirilmiş və həmin mənzildə X5 qeydiyyatsız yaşadığı aşkar olunmuşdur.

4. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Gəncə şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bina 11, mənzil 32 ünvanına baxış keçirilmiş və həmin mənzildə başqa şəxsləri qeydiyyatsız yaşadığı aşkar olunmuşdur.

5. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Gəncə şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bina 11, mənzil 32 ünvanına baxış keçirilmiş və həmin mənzildə X5 qeydiyyatsız yaşadığı aşkar olunmuşdur.

6. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Gəncə şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bina 11, mənzil 32 ünvanına baxış keçirilmiş və həmin mənzildə X5 qeydiyyatsız yaşadığı aşkar olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı idida ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 11 saylı binanın 32 nömrəli mənzilinə dair 22 dekabr 2023-cü il tarixli “11/32” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh və ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 22 dekabr 2023-cü il tarixli “11/32” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 11 saylı binada 32 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh və ailə üzvünün həmin mənzildə yaşamadığı məlum olmuş və mənzilin kənar şəxs X2 verildiyi müəyyən edilmişdir (bu barədə akt alavə olunub). Sahə rəisi Cavabdeh mənzildə yaşamadıqını əsas gətirib onlara mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirərək mənzilin könüllü təhvil verilməsi barədə xəbərdarlıq etsə də, nəticəsiz qalmışdır.

9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4435/2024 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın təmin edilməsi, Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış, 22 dekabr 2023-cü il tarixli, “11/32” nömrəli, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, Cavabdeh və ailə üzvləri ünvan 1 ünvanında yerləşən 32 nömrəli 1 otaqlı mənzildən çıxarılmaları və mənzil boşaldılaraq, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin mübahisəli mənzili digər şəxsin istifadəsinə verməsinə və beləliklə öhdəliklərini pozmasına əsaslanaraq, tərəflər arasında bağlanmış müqavilənin ləğv olunmasını xahiş etmiş və tələbini müxtəlif vaxtlarda aparılmış yoxlamalar nəticəsində tərtib edilmiş aktlarla əsaslandırmışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91, 98-100 və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın müvafiq maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4435/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilindən X5 övladları ilə birlikdə çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, guya cavabdeh mənzili X1 vermişdir və bu əsaslada məhkəməyə müraciət etmişdir. Əslində isə məsələnin mahiyyəti tamamilə başqa cür olmuşdur. Belə ki, 2016-cı il tarixdə Kəlbəcər Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə X9 boşandıqdan sonra 2015-ciil təvəllüdlü oğlu Nurlanla birlikdə ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzildə yaşayır. X10 onun böyük qardaşı Razimin arvadıdır. X18 aralarında olan münaqişə səbəbindən rəsmi olaraq boşansalarda sonradan barışdıqları üçün Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gül Bağı ərazisində yerləşən inzibati binada özlərinə məxsus olan mənzildə yaşayırdılar. Xəyalə yaşadıqları mənzilin şəraitsiz olduğunu əsas gətirib ailəsində söz-söhbət yaratdığı üçün onlar öz aralarında razılığa gəlmişlər ki, Xəyalə 3 uşağı və əri ilə birlikdə müvəqqəti olaraq, yəni öz yaşadıqları evin şaraitini düzəldənə qədər onlarla yaşasın. Buna səbəb isə ondan ibarət olmuşdur ki, o, oğlunun və özünün maddi ehtiyaclarını qarşılamaq üçün gündəlik fəhlə kimi parniklərdə günü 10 manata işləməyə gedir. Oğlu da evdə tək qalmaz. Yəni bir-birlərinə həyan olub yaşayırlar. Lakin məsələ heçdə onların düşündüyü kimi olmamış Xəyalə ona məxsus mənzildə əri və uşaqları ilə bir neçə gün qaldıqdan sonra sözün əsl mənasında onu mənzildən qovmuş və o, məcbur qalıb oğlu ilə birlikdə onunla eyni qəsəbədə, lakin başqa ünvanda yaşayan anasının yaşadığı mənzilə getmiş və olanları anasına danışmışdır. Bir müddətdən sonra Xəyalə əri olan qardaşı Razimi də, evdən qovmuş və uşaqları ilə birlikdə ona məxsus mənzildə qaldı. Xəyalə ona məxsus mənzildə yaşadığı müddətdə mütamadi olaraq qonşularla münaqişədə olduqları üçün qarşılıqlı şəkildə bir-birilərini Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə şikayət etmişdirlər. Çox saylı şikayətlərdən sonra araşdırma aparılan zaman yaşadığı qəsəbə üzrə nümayəndələr ona məxsus mənzilə gələn zaman Xəyalə onlara bildirmişdir ki, mənzil onundur Tünzalə kimdir...? Bu səbəbdəndə iddiaçı tərəf onu məhkəməyə verərək müqavilənin ləğv edilməsini və mənzilin boşaldılmasını tələb etmişdir. Yuxarıda qeyd etdiyi problemlər baş verən zaman o, məsələnin hüquqi müstəvidə həll edilməsi üçün aidiyyatı üzrə vəkil bürosuna müraciət edərək, hüquqi məsləhətlər almış, lakin maddi imkanı olmadığı üçün o, Xəyaləni məhkəməyə verə bilməmişdir. Düşünmüşdür ki, bir müddət qalıb çıxıb gedəcək. Mübahisənin bu yerə gələcəyini təssəvvür etməmişdi. Birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiklərini əsas götürmüş və onun yekun məhkəmə iclasından əvvəlki məhkəmə baxışı iclasında yaşadığı mənzili kirayəyə vermədiyini və mübahisənin nədən yarandığını bildirməyini nəzərə almadan və qeyd etdiklərini araşdırmadan birtərəfli qayda da, qətnamə qəbul etmişdir. Yuxarıda qeyd etdiyi faktlardan göründüyü kimi məhkəmə iddiaçı tərəfin əsassız və şər-böhtan dolu tələbini ədalətli şəkildə hərtərəfli və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinin pozulmasına səbəb olmuşdur. İddiaçının iddia tələbi üzrə Gəncə Şəhər Məhkəməsində məhkəmə iclasları getdiyi vaxt iddiaçının nümayəndəsi ona bildirmişdir ki, narahat olmasın məhkəmə yekunlaşsın özü ona kömək edəcək. Həqiqətən də o, yaşadığı ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzili kirayəyə vermiş olsaydı iddiaçı tərəf onu bir neçə il əvvəl mənzildən çıxartdırardı. Onun ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzili kirayəyə verməyidiyini sübut etmək üçün onun qonşuları ilə mənzildə yaşamadığı və mənzili kirayəyə vermədiyini təsdiq edən akt tərtib edib sübut olaraq məhkəməyə təqdim edə bilməmişdir. Lakin o, iddiaçı tərəfin tələbini təkzib edən aktı məhkəmə iclasında təqdim edəcəkdir.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin MİD-nin nümayəndəsi (Gəncə-Göygöl MKİSdə sahə nəzarətçisi işləyən) X11 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, hazırda mübahisəli mənzildə heç kim yaşamır. X3 adlı şəxs yaşamışdır.

16. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

17. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

18. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

19. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

20. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.

21. Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir:

22. Maddə 82.4.1. Kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə;

23. Maddə 82.4.2. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda;

24. Maddə 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” haqqında Azərbaycan Respublikasının Qanunu

25. Maddə 2. Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar.

26. Maddə 4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4435/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 10 iyun 1014-cü il tarixli, 336 nömrəli məktubundan görünür ki, ünvan 1-də yerləşən 32 nömrəli 1 otaqlı mənzil müqavilə əsasında Cavabdeh verilmişdir. Lakin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” pozulmaqla mənzili qanunsuz olaraq X6 vermişdir. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Gəncə şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, bina 11, mənzil 32 ünvanına baxış keçirilmiş və həmin mənzildə X5 qeydiyyatsız yaşadığı aşkar olunmuşdur.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Çəkişmə prinsipinin təmin olunması üçün cavabdehə kifayət qədər vaxt verilsə də, cavabdeh tələbi təkzib edən hər hansı dəlil kollegiyaya da təqdim etməmişdir.

41. Məhkəmə kollegiyası cavabdehin ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilindən X5 övladları ilə birlikdə çıxarılması barədə apellyasiya şikayətindəki xahişinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh müstəqil iddia tələbi olmamışdır. Hazırki işin mahiyyəti Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 11 saylı binanın 32 nömrəli mənzilinə dair 22 dekabr 2023-cü il tarixli “11/32” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh və ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsindən ibarətdir.

42. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, mübahisəli mənzildən onun qardaşı arvadı Xəyalə Həsənova məcburi qaydada çıxartmışdır. X7 evdən məcburi çıxartması barədə heç bir orqana müraciət etməmiş, bunu isə maddi vəziyyəti ilə bağlı olduğunu göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini inandırıcı hesab etməmişdir.

43. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4435/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4435/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar