Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-757/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(061)-154/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı2 sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ********** saylı məktubda qeyd edilmiş Tərtər rayonu, Qazyan kəndi ərazisində JN-0064 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən 5,60 ha torpaq sahəsinin naturada tanıdılması barədə məktubuna baxılmışdır. Bildirilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən JN-0064 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən 5,60 ha torpaq sahəsinin koordinatları torpaqların elektron kadastrı uçotu informasiya sisteminə əsasən GPS aləti ilə naturada təyin edilərək ona tanıdılmış və müvafiq akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı2 müraciətinə əsasən onun öz vəsaiti hesabına 5,60 ha pay torpaq sahəsinin koordinat nöqtələri dəqiqləşdirilərək naturada elektron kadastr uçotuna və rəqəmsal kadastr xəritələrinə əsasən tanıdılmışdır.
2. JN 0064 saylı, KOD ********* olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X1, X2, X3 və X4 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 5,60 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi verilmişdir.
3. Cavabdeh2 və Cavabdeh1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar ayrı-ayrılıqda məhkəməyə ərizə verərək iş üzrə mütəxəssis rəyinin alınmasını xahiş etmişlər.
4. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)-1608/2022 saylı qərardadının surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə təqdim etdikləri ərizələrinə əsasən iş üzrə rəy alınması üçün qərardad qəbul edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı və cavabdehlərin iştirakı ilə Tərtər rayon Qazyan kəndi ərazisində iddiaçıların və cavabdehlərin faktiki istifadə etdiyi torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsi ilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirilmişdir. Məlumat üçün bildirilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və digər ailə üzvlərinə Tərtər rayon Qazyan kəndindən JN-0064, KOD 61105038 saylı Dövlət Aktı əsasında mülkiyyətinə verilmiş 5,60 ha torpaq sahəsinin 1,50 ha hissəsindən cavabdeh Əİəkbərov Adalət Müzəffər oğlu istifadə edir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 05 sentyabr 2023-cü il tarixli, 10/6611 nömrəli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və digər ailə üzvlərinə Tərtər rayon Qazyan kəndindən mülkiyyətlərinə verilmiş 5,60 ha torpaq sahəsinin 1,50 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onların mülkiyyətində olan Tərtər rayon Qazyan kəndində yerləşən 5,60 ha torpaq sahəsinin zəbt edilmiş 1,47 ha hissəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, kənd ərazisindən torpaq islahatı gedərkən Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə onlara və ailə üzvlərinin mülkiyyətinə Tərtər rayon Qazyan kəndindən 5,60 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 0064 saylı, KOD ********* olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi onlara verildiyi gündən 21 ildir ki, özləri əkib becərmişlər. 2022-ci ildə onlarla birlikdə qonşu sahədə pay torpaq sahəsinin sahibi Qaçay Babayevin pay tyorpaq sahəsi əskik olduğundan ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciətindən sonra, əraziyə həmin təşkilatın nümayəndələri gəlib onun pay torpaq sahəsinin koordinatlarını müəyən edib, torpaqlarını elektron uçotu informasiya sisteminə əsasən GPS aləti ilə naturada təyin edilərək ona tanıdılmışdır. Eyni zamanda onun, yəni İddiaçı2 Ərazi İdarəsinə ərizə ilə müraciətindən və 120 manat dövlət rüsumunun ödənilməsindən sonra onların mülkiyyətlərinə məxsus olan torpaq sahəsinin də koordinatları ölçülüb və akt tərtib edilməklə onlara tanıdılmışdır. Həmin vaxt onların mülkiyyətində olan pay torpaq sahəsinin bir hissəsi sürüşmə nəticəsində qonşu pay torpaq sahəsinin sahibi olan Vilayət Balakişiyevin torpaq sahəsinə keçmişdir. Onlar həmin torpaq sahəsini əkib becərən Cavabdeh1 onun qonşu pay torpaq sahibi Cavabdeh2 onlara məxsus olan torpaq sahəsinin həmin 1,47 ha hissəsini onlara qaytarmasını bildirmişlər. Lakin cavabdehlər buna qəti etiraz etmişlər. Torpaq mübahisəli olduğundan hüquqlarının müdafiəsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olmuşlar. Yuxarıda göstərilənlərə əsasən onların və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Tərtər rayon Qazyan kəndində yerləşən 5,60 ha torpaq sahəsinin zəbt edilmiş 1,47 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Bundan sonra Cavabdeh2 iddia tələbinə qarşı birinci instansiya məhkəməsinə etiraz ərizəsi təqdim edərək, heç bir yerdə işləmədiyini, dolanışıq yerinin dövlətin onlara verdiyi pay torpaq sahəsinin olduğunu, islahat əsasında ailəsinə düşən 3,92 sot pay torpaq sahəsini əkib-becərdiyini, ona qarşı qaldırılmış iddianın tamamilə əsassız olduğunu, belə ki, ona verilən pay torpaq sahəsindən əlavə onların istifadəsində torpaq sahəsinin olmadığını, iddiaçının əsassız olaraq ona qarşı iddia qaldırdığını və bu barədə düzgün araşdırma aparılmasını xahiş etmişdir.
10. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-154/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev), iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 və ailə üzvlərinə məxsus olan Tərtər rayonunun Qazyan kəndində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0064, KOD 61105038 olan Dövlət Aktında göstərilən 5,60 ha pay torpaq sahəsinin 1,47 ha hissəsindən çıxarılmaları, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X5, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.3, 14.2, 78.1, 88, 106, 117, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-154/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin hər biri qanunsuzdur. Məhkəmə iclasları zamanı onların evlərinə bildiriş məktubu gəlsə də lakin bildiriş məktubları gecikdirilmiş məktub olmuş və onların məhkəmə iclasından məlumatları məhkəmə olub bitdikdən sonra olmuşdur. Bunun üçündə məhkəmə iclaslarında iştirak etməmələri və orada etiraz etməmələrini onlardan asılı olan səbəblərdən olmamışdır. Məhkəmə iclaslarından əlavə keçirilmiş olan ekspertizalardan onun heç bir məlumatı olmamışdır. Bundan başqa ekspertiza təyin edilməsini, bu zaman onların orada iştiraklarının təmin olunmasını istəyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o, iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. Belə ki, məhkəmə iclasları ona heç bir məlumat verilmədən iştirakı olmadan keçirilmiş və ekspertiza zamanı isə baxış keçirilməsinə iştirak etməmişdir. Halbuki, o iddiaçıların torpaq sahəsini zəbt etməmişdir. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
21. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
22. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
28. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
29. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
30. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
31. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-154/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Beləliklə, işin halları ondan ibarətdir ki, torpağa Mülkiyyətə dair JN-0064 saylı KOD ********* nömrəli Dövlət Aktından görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kənd təsərrüfatı məhsulları istehsalı üçün 5,60 ha torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsi birgə mülkiyyətdədir və torpaq sahəsinə mülkiyyətçilərin payları müəyyən olunmamaqla naturada ayrılmamışdır.
50. İlk növbədə iddianın faktik əsaslarının təhlili, konkret olaraq iddiaçıların mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir.
51. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».
52. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
53. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
54. Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçılar məhz həmin şəhadətnaməyə istinad edərək və bu torpaq sahəsinin onlara düşən payının cavabdehlər tərəfindən zəbt edildiyini iddia edir. Yəni, şəhadətnamənin mövcudluğu iddiaçıların subyektiv hüququnun olmasına dəlalət edir və sonuncuların həmin torpaq sahəsindən gözlənilən mülkiyyəti vardır.
55. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
56. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
57. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
58. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
59. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
60. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
61. İddiaçılar mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onların iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
62. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspertin 05 sentyabr 2023-cü il tarixli, 10/6611 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və digər ailə üzvlərinə Tərtər rayon Qazyan kəndindən mülkiyyətlərinə verilmiş 5,60 ha torpaq sahəsinin 1,50 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunur.
63. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
64. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
65. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.
66. Göründüyü kimi, iddiaçıların mükiyyətində olan torpaq sahəsinin 1,50 ha hissəsi Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmiş və hazırda da oradan istifadə edilir.
67. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
68. Apelyasiya şikayətində cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu dəlil əsassızdır.
69. Çünki iş materiallarından görünür ki, Cavabdeh2 yaşadığı ünvana məhkəmə bildirişi göndərilmişdir. Belə ki, sonuncu xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə bildirişini aldığını, iddia tələbi ilə tanış olduğunu və iddianın əsassız olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdeh ona qarşı qaldırılmış iddia tələbindən məlumatı olmuş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir.
70. Azərbaycan Respublikasının MPM-in 185-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
71. Həmçinin, apellyator birinci instansiya məhkəməsinin iclasları barədə məlumatlı olmuç və ekspertiza təyin edilməsi barədə ərizə vermişdir. Lakin, apellyasiya instansiyasında yenidən ekspertizanın keçirilməsi üçün buna əsas verəcək dəlillər təqdim edilməmiş, yəni təkrar ekspertizanın təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir. Buna görə də kollegiya cavabdehin bu dəlilini əsassız sayır.
72. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Kollegiya iş materiallarını göstərilən normalar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçıların torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
77. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-154/2023 nömrəli qətnaməsi mübahisələndirilən Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.