Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-759/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı X3, vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Gədəbəy Rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli qərarı ilə X16 Təsərrüfatına rayon heyvandarlıq sənaye birliyinin Ceyrançöl ərazisindən 65 ha, o cümlədən 52 ha suvarılan əkin, 10 ha örüş, 3 ha kənd təsərrüfatına yararsız sair torpaqlar sahəsi ayrılmışdır. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 nömrəli Dövlət Aktına əsasən, X16 Təsərrüfatına Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı ilə 65 ha torpaq sahəsi ayrılmışdır. 1996-cı ilin mart ayında X16 Təsərrüfatına ayrılmış torpaq sahəsi yerinə Tovuz yerquruluşu idarsinin, rayon torpaq şöbəsinin, təsərrüfatlar arası heyvandarlıq sənaye birliyinin və X16 Təsərrüfatının başçısı və nümayəndəsi qismində İddiaçı iştirakı ilə akt tərtib edilərək 65 ha torpaq sahəsi X16 Təsərrüfatına təhvil verilmişdir. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 aprel 2015-ci il tarixli, 2-1(104)- 105/2015 nömrəli qərarına əsasən, üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 aprel 2013-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçı “X11” MMC-nin cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə qarşı Cəmiyyətin istifadəsində olan Ceyrançöl qış otlaq ərazisindən 65 ha torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsinin və həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiasının rədd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, 2-1(102)-891/2015 nömrəli qərarına əsasən, iddiaçı “X11” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 07 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 nömrəli Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin koordinatları Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş arxiv məlumatlarına, xəritə materiallarına və görüntü materiallarına istinadən müəyyən edilmişdir. Mübahisələndirilən (cavabdehlərin istifadəsi kimi təqdim edilən) ərazinin koordinatları tərəflərin iştirakı ilə GPS ölçmə aləti vasitəsi ilə ölçülmüşdür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən 9,37 ha torpaq sahəsinin 3,82 ha hissəsi X16 Təsərrüfatına ayrılmış 65 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Tovuz rayon İcra Hakimiyyəti Başçısının verdiyi 01 noyabr 2007-ci il tarixli, 152 nömrəli sərəncamına əsasən, X4 ərizəsi nəzərə alınması və Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla cəmi 586 hektar torpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmışdır. İcarəyəverən Tovuz rayon İcra Hakimiyyəti Başçısı ilə icarəçi X8 arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli icarə müqaviləsinə əsasən, sərəncama müvafiq olaraq Ceyrançöl qış otlaq sahələrindən 586 hektar torpaq sahəsi hər il 422 manat icarə haqqı ödənilməsi şərti ilə 15 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Tovuz rayon İcra Hakimiyyəti Başçısının 01 fevral 2022-ci il tarixli, 17 nömrəli sərəncamına əsasən, Cavabdeh2 ərizəsinin nəzərə alınması və Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla cəmi 586 hektar torpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmışdır. İcarəyəverən Tovuz rayon İcra Hakimiyyəti Başçısı ilə icarəçi Cavabdeh2 arasında bağlanmış 01 fevral 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, sərəncama müvafiq olaraq Ceyrançöl qış otlaq sahələrindən 586 hektar torpaq sahəsi hər il 586 manat icarə haqqı ödənilməsi şərti ilə 9 ay müddətinə icarəçinin istifadəsinə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, X16 Təsərrüfatına B 000725 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı üzrə daimi istifadəyə verilmiş 65 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon X12 İK Rəyasət Heyətinin 16 noyabr 1995-ci il tarixli qərarı ilə X16 Təsərrüfatına B 000725 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı əsasında 65 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi əkin üçün nəzərdə tutulmuşdur. Cavabdehlər həmin torpaq sahəsinin təxminən 30-35 hektar hissəsini zəbt edərək əkin üçün istifadə etmişlər. Dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsə də, bu nəticəsiz qalmışdır. Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli (hakim F.Əliyev) qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 000725 nömrəli Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin zəbt etdikləri 3,82 ha hissəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsinə əsasən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi işə baxılmasına cəlb edilmiş və alınan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin koordinatları Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş arxiv məlumatlarına, xəritə materiallarına və görüntü materiallarına istinadən müəyyən edilmişdir. Mübahisələndirilən (cavabdehlərin istifadəsi kimi təqdim edilən) ərazinin koordinatları tərəflərin iştirakı ilə GPS ölçmə aləti vasitəsi ilə ölçülmüşdür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən 9,37 hektar torpaq sahəsinin 3,82 hektar hissəsi «X16 Təsərrüfatına» ayrılmış 65 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır.Bundan başqa mütəxəssis tərəfindən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş mübahisəli torpaq sahəsinin arxiv məlumatları əldə edilərək rəy onun əsasında verilmişdir. Həmçinin məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə cavabdehlərin hüquqlarının olubolmaması da məhkəmə tərəfindən araşdırılmışdır. Müəyyən edilmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Cavabdehlər yalnız icarə müqaviləsi təqdim etmişdirlər ki, hazırda da, həmin icarə müqaviləsi qüvvədən düşmüşdür. Bundan başqa cavabdehlər tərəfindən təqdim olunan qanuni qüvvəsini almış məhkəmə qərarlarına istinadən onların etirazları araşdırılmışdır. Araşdırma üzrə aşkar edilmişdir ki, həmin qərarlarda hazırda iddiaçının istinad etdiyi və onun adına rəsmiləşdirilən «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» B 000725 saylı Dövlət Aktı ləğv edilməmişdir. Nə qədər ki, həmin Dövlət Aktı qüvvədədir cavabdeh tərəfin dövlət aktının saxta sənədlər əsasında verilməsi barədə dəlilləri qəbuledilən deyildir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.5, 140, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4 maddələri, Torpaq Məcəlləsinin 111 maddəsi və Mülki Prossesual Məcəlləsinin 60., 217.3, 218.1, 216-220 maddələrinə istinad etmişdir. Cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 01 noyabr 2007-ci il tarixdən Tovuz RİH başçısının 152 nömrəli sərəncamı ilə 586 ha torpaq sahəsi əvvəl atasına, sonra isə onun icarəsinə verilmişdir. İlk olaraq 15 il müddətində bağlanılmış icarə müqaviləsi, sonradan hissə-hissə artırılmışdır. Torpaq sahəsi onun icarə və istifadəsində olmaqda davam edir, eləcədə Dövlət qarşısında vergiləri vaxtında ödəmişdir. 07 yanvar 2024-cü il tarixli mütəxəssis rəyi əsassız və qanunsuzdur. Belə ki, yerli rayon icra hakimiyyətləri başçıları dövlət fonduna bağlı olan hər hansı torpaq sahəsinin vətəndaşa və ya hüquqi şəxsə icarəyə verilməsi zamanı müvafiq olaraq əmlak məsələlərinə nəzarət edən qurumun rəyini alır. Belə olan halda, iddiaçı ilə onun torpaq sahəsi üst-üstə düşməsi mümkün deyil. Ona görə də mütləq qaydada komkleks ekspertiza təşkil edilməli və ədalətli araşdırma əldə olunmalıdır. Tovuz RİH başçısının müvafiq sərəncamları qanuni olmaqla yanaşı, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi sahəsində səlahiyyətlərini ehtiva edir və hər hansı qanunvericilik aktı bunu istisna etmir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1110/2024 saylı, 01 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov - sədrlik edən və məruzəçi, M.Mustafayev və F.Mehtiyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyb oğlu və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, 2-1(102)891/2015 nömrəli qərarından müəyyən olunur ki, Ceyrançöl qış otlaq sahələri əvvəllər Gədəbəy rayon İcra Hakimiyyətinin tabeliyində olsada, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2003-cı il tarixli qərarı ilə qış otlaq sahələri Tovuz rayon İcra Hakimiyyətinin tabeliyinə keçmişdir. Tovuz rayon İcra Hakimiyyətinin 01 noyabr 2007-ci il tarixli sərəncamı ilə hazırkı iş üzrə mübahisə olan torpaq sahəsi X4 icarəsinə verilmiş və bu barədə onunla icarə müqaviləsi bağlanmışdır. 2007-ci ildən İsrafil Kazımov həmin torpaq sahəsinin icarəçisidir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 saylı dövlət aktında qeyd olunmuşdur ki, dövlət aktı verilir Gədəbəy Kəndli (fermer) təsərrüfatına X9, Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarına əsasən təsərrüfatlararası heyvandarlıq sənaye birliyinin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 65,0 ha kənd təsərrüfatı məsulları istehsalı üçün torpaq istifadəsinə verilir. İşdə olan digər dövlət aktında eynilə Fatma Bağırovanın adına olan dövlət aktında olan bütün məlumatlar (dövlət aktının nömrəsi, torpaq sahəsi, aktın nömrəsi və s) qeyd edilməklə yanaşı aktda Fatma Bağırovanın adı deyil X3 adı qeyd edilmişdir. Hər iki dövlət aktında Fatma Bağırovanın və Rəfail İsmayılovun adı başqa ölçüdə olan hərflərlə yazılmışdır, hər iki dövlət aktı eyni qərarla eyni yerə verilməklə Gədəbəy kəndli (fermer) təsərrüfatının adı ilə yanaşı birində Fatma Bağırovanın, digərində isə İddiaçı adı yazıldığından həmin aktlar sübut kimi qəbul edilə bilməz. Rəfail İsmayılovun istər torpaq sahəsinin icarəsindən imtina barədə ərizəsi, istərsədə belə ərizə vermədiyi barədə kassasiya şikayətinə əlavə etdiyi ərizəsi iş üçün əhəmiyyətini itirir. Gədəbəy kəndli (fermer) təsərrüfatının təsisçisinin Fatma Bağırova olması və Gədəbəy kəndli (fermer) təsərrüfatının iddiaçı “X11” MMC-yə çevrilməsi təsdiq edilmədiyindən vaxtilə X16 təsərrüfatına ayrılmış torpaq sahəsinin “X11” MMC-yə verilməsi barədə tələb əsaslı sayıla bilməz. Göründüyü kimi, Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı əsasında Gədəbəy kəndli (fermer) təsərrüfatına X10, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 saylı dövlət aktı verilsə də, lakin yuxarıda da qeyd olunduğu kimi aktın qanuniliyi və əsaslığı iddiaçı “X11” MMC-nin cavabdehlər Tovuz rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası DT və XK-nin Tovuz rayon şöbəsinə qarşı Ceyrançöl qış otlaq sahəsindən ayrılmış 65 ha torpaq sahəsinin Gədəbəy kəndli (fermer) təsərrüfatının istifadəsinə verilməsi barədə sərəncamın verilməsi, həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın verilməsindən imtina edilməsinin qanunazidd hesab edilərək qeyd olunan 65 ha torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə sərəncamın, habelə yerquruluşu planından çıxarış verilməsi tələbinə dair işə baxılarkən hüquqi qiymət verilmiş və Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995- ci il tarixli, 74 nömrəli qərarı əsasında verilmiş, yəni Gədəbəy Kəndli (fermer) təsərrüfatıBağırova Fatma Müzəhim qızı, eləcədə Gədəbəy Kəndli (fermer) təsərrüfatı-X3 adları qeyd olunmuş B 000725 saylı hər iki dövlət aktı mötəbərsübut kimi qəbul edilməmişdir. Bu da onu deməyə əsas verir ki, qeyd olunan hər iki sənəd üzrə mübahisəli torpaq sahəsindən istifadə üçün artıq hüquq yaranmır. Məhkəmə xüsusilə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2003-cı il tarixli qərarı ilə qış otlaq sahələri Tovuz rayon İcra Hakimiyyətinin tabeliyinə keçdikdən sonra, Tovuz rayon İcra Hakimiyyətinin 01 noyabr 2007-ci il tarixli sərəncamı ilə Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla, cəmi 586 hektar torpaq sahəsi 15 il müddətə X6 icarəyə verilmişdir. Həmin vaxt Rəfail İsmayılov bundan məlumatlı olmış, hətda ərizə verərək buna etirazının olmamasını bildirmişdir. Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla, cəmi 586 hektar torpaq sahəsi hər il 586 manat icarə haqqı ödənilməklə 09 ay müddətinə icarəyə verilməsi barədə Tovuz rayon İcra Hakimiyyəti Başçısının 01 fevral 2022-ci il tarixli, 17 nömrəli sərəncamı ilə Cavabdeh2 verilmiş və bu barədə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan hallarını nəzərə almadan iddianı qismən təmin etmişdir. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.4, 238.1, Torpaq Məcəlləsinin 49, 111.1, 111.2, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 87.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyasında icraat: İddiaçı kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yekun akt çıxararkən yalnız cavabdehin təqdim etdiyi sənədə əsaslanmış, mütəxəssis rəyini, iddiaçı tərəfindən əlavə edilmiş sənədləri nəzərə almamış, mütəxəssis rəyinə istinad etmədiyi halda, ekspertiza təyin edə bilsə də, ekspertiza təyin etməməklə çıxarılan məhkəmə aktının “hüquqi həqiqətə” yox şifahi mülahizələrə əsasən çıxarılmasına nail olmuşdur. Eyni zamanda, məhkəmə qətnamə qəbul edən zaman qüvvədən düşmüş sənədə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-48/2025 nömrəli qərarı ilə (sədrlik edən Z.Əliyev, hakimlər V.Baxışova, Z.Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1110/2024 nömrəli iş üzrə 01 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir. İşin müəyyən edilmiş halları baxımından tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. İddiaçı mübahisəli sahə üzərində özünün subyektiv hüququnu təsdiqləyən sənəd kimi Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı ilə X16 Təsərrüfatına ayrılmış 65 ha torpaq sahəsinin ayrılması haqqında B 000725 nömrəli Dövlət Aktına əsaslanır. Aktda İddiaçı da adı qeyd olunmuşdur. İş materiallarına B 000725 nömrəli Dövlət Aktının və onun kökündə dayanan sənədlər əlavə olunmuş, hətta sahənin koordinatları aidiyyəti dövlət orqanı tərəfindən müəyyən edilmişdir. Həmin sənədin ləğv edilməsi və ya başqa formada hüquqi qüvvədən düşməsi məhkəmə araşdırmasında aşkar edilməmişdir. Belə olan halda, apelyasiya məhkəməsinin daha əvvəl baxılmış işdə “B 000725 nömrəli Dövlət Aktının da mötəbər sübut kimi qəbul edilməməsi və sahədən istifadə üçün artıq hüquq yaranmaması” barədə mövqeyi əsaslı sayıla bilməz. O da qeyd edilməlidir ki, həmin sənəd iddiaçının tələbinin əsasına qoyulduğuna görə mübahisə (şübhə) halında onun qüvvədə olubolmadığını, hüquqi nəticə yaradıb-yaratmadığını, eləcə də məhz iddiaçıya fiziki şəxs kimi öz adından iddia qaldırmağa səlahiyyət verib-vermədiyni tərəflərin iştirakı ilə araşdırmaq və bu yoxlamanın nəticəsinə görə məsələyə əsaslandırılmış hüquqi qiymət vermək işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsinin vəzifəsi olmuşdur. Lakin məhkəmə bu vəzifəni yerinə yetirməmişdir. Mübahisəli sahənin 3,82 hektar hissəsinin cavabdehlərin sahibliklərində olması işin müəyyən edilmiş halıdır. Apellyasiya məhkəməsi bu sahibliyin qanunsuz olmadığını Tovuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında icarə münasibətlərinin olması ilə əsaslandırmışdır. Bununla belə məhkəmə icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin həmin əqdin iştirakçısı olmayan iddiaçı üçün hansı nəticələr yaratmasına, eləcə də kassatorun dəlillərindən biri olan, icarə müqaviləsinin müddətinin artıq başa çatması halına münasibət bildirməmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi torpaq sahəsinin 15 il müddətə X6 icarəyə verilməsinə iddiaçının ərizə ilə etiraz etmədiyinə istinad etmişdir. İş materiallarında olan, Ali Məhkəmənin 2-1(102)- 891/2015 nömrəli, xx.xx.2015- ci il tarixli qərarından görünür ki, İddiaçı notarial ərizəsində “...Mən Ceyrançöl ərazisində 65 ha torpaq sahəsindən istifadə etmədiyim üçün onun geri qaytarılmasına dair nə yazılı, nə də şifahi formada İscra Hakimiyyətinə müraciət etməmişəm. Əgər mənim adımdan belə bir müraciət varsa, o, saxtalaşdırılmışdır” ifadələri qeyd olunmuşdur. Belə olan halda sözügedən ərizənin həqiqətən də iddiaçı tərəfindən verilib verilmədiyinin, əgər verilmişsə, nə vaxt, hansı formada və hansı quruma təqdim edildiyinin, hansı hüquqi nəticəni yaratdığının və bu işin həllinə təsirinin nədən ibarət olduğunun müəyyənləşdirilməsi əhəmiyyətli olmuşdur. Bu istiqamətdə də məhkəmə tərəfindən lazımi araşdırma aparılmamış, sübut tədqiq edilməmiş və qiymətləndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçıda olan sənədlər saxtadır. X1ra məxsus olmuşdur. İddiaçı vəkili məhkəmə iclasında izahatında bildirdi ki, X16 Təsərrüfatı mövcuddur. İddia tələbini ona görə iddiaçıə öz adından irəli sürmüşdür ki, X16 Təsərrüfatı iddiaçıya məxsusdur. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, X2 məxsusdur və torpaq sahəsi X16 Təsərrüfatına ayrılmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Gədəbəy Rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli qərarı ilə X16 Təsərrüfatına rayon heyvandarlıq sənaye birliyinin Ceyrançöl ərazisindən 65 ha, o cümlədən 52 ha suvarılan əkin, 10 ha örüş, 3 ha kənd təsərrüfatına yararsız sair torpaqlar sahəsi ayrılmış və qərara əsasən X16 Təsərrüfatının adına Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 nömrəli Dövlət Aktı hazırlanmışdır. Bundan sonra 1996-cı ilin mart ayında X16 Təsərrüfatına ayrılmış torpaq sahəsi yerinə Tovuz yerquruluşu idarsinin, rayon torpaq şöbəsinin, təsərrüfatlar arası heyvandarlıq sənaye birliyinin və X16 Təsərrüfatının başçısı və nümayəndəsi qismində İddiaçı iştirakı ilə akt tərtib edilərək 65 ha torpaq sahəsi X16 Təsərrüfatına təhvil verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 aprel 2015-ci il tarixli, 2-1(104)-105/2015 nömrəli qərarı ilə üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 aprel 2013-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçı “X11” MMC-nin cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə qarşı Cəmiyyətin istifadəsində olan Ceyrançöl qış otlaq ərazisindən 65 ha torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsinin və həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiasının rədd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, 2- 1(102)-891/2015 nömrəli qərarından görünür ki, iddiaçı “X11” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2015ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Bundan sonra X10 hazırki iddia ilə məhkəməyə müraciət etiş, birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 000725 saylı Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin zəbt etdikləri 3,82 ha hissəsindən çıxarılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı əsasında 65 ha torpaq sahəsi Gədəbəy kəndli (fermer) təsərrüfatına ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 07 yanvar 2024-cü il traixli mütəxəssis rəyindən görünür ki, Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 nömrəli Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin koordinatları Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş arxiv məlumatlarına, xəritə materiallarına və görüntü materiallarına istinadən müəyyən edilmişdir. Mübahisələndirilən (cavabdehlərin istifadəsi kimi təqdim edilən) ərazinin koordinatları tərəflərin iştirakı ilə GPS ölçmə aləti vasitəsi ilə ölçülmüşdür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən 9,37 ha torpaq sahəsinin 3,82 ha hissəsi X16 Təsərrüfatına ayrılmış 65 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin təlblərinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. İddiaçı mübahisəli sahə üzərində özünün subyektiv hüququnu təsdiqləyən sənəd kimi Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı ilə X16 Təsərrüfatına ayrılmış 65 ha torpaq sahəsinin ayrılması haqqında B 000725 nömrəli Dövlət Aktına əsaslanır. Lakin Gədəbəy Rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli qərarı ilə 65 ha torpaq sahəsi X16 Təsərrüfatına ayrılmış və həmin torpaq sahəsinə dair hazırlanmış dövlət aktı məhz X16 Təsərrüfatının adına hazırlanmışdır. Belə olan halda, irəli sürülmüş iddia müvafiq maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun şəkildə həll edilmiş sayıla bilməz. Belə ki, iddiaçın özünün hüquqlarının pozulmasını əsaslandırmağa çalışsa da onun hüquqlarının pozulması hallarının baş verməsi müəyyən olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olubolmamasının araşdırılması zamanı iddianın X16 Təsərrüfatın tərəfindən deyil, məhz İddiaçı tərəfindən irəli sürülməsinin iddiaçının təsərrüfatın rəhbəri olması ilə əsaslandırmış və bu hüqunun ona məxsus olmasına dair məhkəməyə əlavə sübut təqdim etməmişdir. Məhkəmə iddia tərəfin dəlilləri ilə razlaşmayaraq təkrar qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (MPM maddə - 69.2). İddiaçının X16 Təsərrüfatının rəhbəri və ya təsiscisi olması ona X16 Təsərrüfatının adından deyil öz adından iddia irəliu sürmək hüququ vermir. Belə ki, qeyd olunduğu kimi 65 ha torpaq sahəsi iddiaçıya deyil X16 Təsərrüfatına ayrılmışdır. Torpaq sahəsinin zəbt olunası isə iddiaçının deyil X16 Təsərrüfatının hüquqlarında müdaxilə təşkil edir. İddiaçı isə hüquqi şəxsi məhkəmə orqanları qarşısında təmsil etmək səlahyyətinə malidir ki, təmsilçinin hüquqi şəxsin deyil öz adından iddia irəli sürmək hüququ yoxdur. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin qanuni əsasının olub-olmamasının müəyyən edilməsindən öncə iddiaçının müvafiq subyektiv hüququnun olub-olmamasına qiymət verilməli və yoxlama qanunvericiliyin tələblərinə cavab verdiyi halda iddianın əsaslılığına hüquqi qiymət verilməlidir. İddiaçının hazırki iddianın irəli sürülməsi üçün subyektiv hüququnun olmaması iddia tələbinə mahiyyəti üzrə qiymət verməyə imkan vermədiyindən hazırki məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-48/2025 nömrəli qərarında işin mahiyyəti üzrə araşdırılmasına dair göstərişləri icra edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X16 Təsərrüfatına B 000725 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı üzrə daimi istifadəyə verilmiş 65 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-759/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-759/2025
19.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver