Məhkəmə qərarları › İş №2(104)-761/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-761/2025

17.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-761/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsinin zəbt edilməsi; özbaşına tikinti; mülkiyyət hüququnun müdafiəsi; reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(076)-197/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 17 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********50–12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri Zaur Sarıyev küçəsində 0.0828 ha torpaq sahəsi və üzərində yerləşən 20.4 kv.m əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır;

2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-379/2023 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh MMC cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq, İddiaçı adına verilmiş xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin iddianın mümkün sayılmaması qərara alınmış, qərardaddan narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti vermiş, lakin onun apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/4564 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.0828 ha torpaq sahəsinin 0.0708 ha-dək hissəsi Cavabdeh MMC tərəfindən istifadə olunur; Cavabdeh MMC tərəfindən istifadə olunan həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür; Cavabdeh MMC tərəfindən inşa edilən “Şəmşirin” kafesinin 86.4 kv.mdək hissəsinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir;

4. Şəmkir rayonu İcra Hakimiyyəti başçısının 06 avqust 2013-cü il tarixli 133 nömrəli sərəncamından görünür ki, Şəmkir şəhəri Heydər Əliyev prospektində yerləşən torpaq sahəsinin 3,29 ha hissəsində X2 Kompleksi, 0,458 ha hissəsində ofis binası, 0,1633 ha hissədə şirniyyat kafesinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan və Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 ha hissəsindən Cavabdeh MMC-nin çıxarılması, həmin torpaq sahəsində Cavabdeh MMC tərəfindən tikilmiş “Şəmşirin” kafesinin 86.4 kv.m-dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyularaq həmin torpaq sahəsinin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində cavabdeh tərəfindən “Şəmşirin” adlı kafe inşa edilmişdir. Dəfələrlə cavabdehdən könüllü olaraq ya ona dəymiş zərəri ödəməsini, ya da kafenin sökülməsini tələb etsə də, cavabdeh ona məhəl qoymamışdır. Bu səbəbdən məcbur olub 2022-ci ildə cavabdehə qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(076)– 375/2022 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilmiş, mülkiyyətində olan və Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 ha hissəsində Cavabdeh MMC tərəfindən tikilmiş “Şəmşirin” kafesinin 86.4 kv.m-dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-375/2022 saylı qətnaməsi ləğv edilmiş və ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. X1 Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan nöqsanları aradan qaldırmış və yenidən məhkəməyə müraciət etmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(076)-197/2025 nömrəli qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddia təmin edilərək, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50-12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 hissəsindən Cavabdeh MMC-nin çıxarılması, həmin torpaq sahəsində Cavabdeh MMC tərəfindən tiklimiş “Şəmşirin” kafesinin 86.4 kv.m-dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyularaq, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1 və 157.2-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 84-cü maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsini tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4564 nömrəli rəyi ilə əsaslandırmışdır. Halbuki, həmin ekspertiza aparılan zaman qəbul edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(096)-375/2022 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cüil tarixli, 2(104)-1083/2023 saylı qərardadı ilə ləğv edilərək ərizə baxılmamış saxlanılmışdır. Beləliklə, ləğv edilmiş qətnamədə müəyyən edilmiş hallar əsasında yenidən eyni məzmunlu qətnamə qəbul edilməsi qanunun tələblərinə ziddir. Məhkəmə belə bir qətnamə qəbul edirdisə bu iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməli və alınacaq yeni ekspert rəyi əsasında qətnamə qəbul etməli idi. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən Şəmkir rayonu İcra Hakimiyyəti başçısının 06 avqust 2013-cü il tarixli 133 nömrəli Şəmkir şəhəri, H.Əliyev prospektində Cavabdeh MMC-yə X2 Kompleksinin, ofis binasının və şirniyyat kafesinin layihələndirilməsi və tikintisinə icazə verilməsinə dair sərəncamının olmasına, eyni zamanda iddiaçı ilə cavabdehin qeyd edilən əmlak kompleksinin tikintisi ilə bağlı razılığının olmasını araşdırmamış, Şəmkir Rayon İcra Hakimiyyətini işə üçüncü şəxs qismində cəlb etməməklə cavabdehin nümayəndəsinin iştirakını təmin etmədən çəkişmə prinsipini pozaraq nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. Əmlak cavabdehin sahibliyinə Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının 06 avqust 2013-cü il tarixli 133 nömrəli sərəncamı əsasında verilmişdir. Bundan başqa məhkəmə üçüncü şəxs qismində Şəmkir Rayon İcra Halkimiyyətini işə cəlb etməməklə prosessual pozuntu törətmişdir. Çünki, Şəmkir Rayonu İcra Hakimiyyətinin tikintiyə icazə bağlı müvafiq sərəncamı ləğv edilməmişdir və hazırda qüvvədədir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh tərəfin bildirdiyi sərəncam Şəmkir şəhəri Heydər Əliyev prospektində yerləşən torpaq sahəsində əmlakın layihələndirilməsinə və tikintisinə icazə verilməsi ilə bağlıdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsi isə Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşir. Yəni, icra hakimiyyəti tərəfindən cavabdehə verilmiş sərəncamın iddiaçıya heç bir aidiyyatı yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satılmasına dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin altında yerləşən 828 kv.m torpaq sahəsini satın almışdır. xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında həmin torpaq sahəsi və üzərində yerləşən 20.4 kv.m əmlak kompleksi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini və torpağın üzərində tikili inşa edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

30. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

31. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

32. İş materiallarından məlum olur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əvvəl də hazırkı tələblə məhkəməyə müraciət etmiş və həmin işə baxılarkən məhkəmənin xx.xx.2021-ci il tarixli 2(076)-1881/2021 nömrəli qərardadı əsasında tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 10/4564 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.0828 ha torpaq sahəsinin 0.0708 ha-dək hissəsi Cavabdeh MMC tərəfindən istifadə olunur; Cavabdeh MMC tərəfindən istifadə olunan həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür; Cavabdeh MMC tərəfindən inşa edilən “Şəmşirin” kafesinin 86.4 kv.m-dək hissəsinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir.

33. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

34. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin ölçü planı ilə torpaq sahəsinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Bundan əlavə, cavabdeh tərəf rəyin qeyri-obyektivliyi barədə formal arqumentlər irəli sürsə də, lakin bunu əsaslandıra bilməmişdir.

36. «Ekspertiza aparılan zaman qəbul edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(096)-375/2022 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cüil tarixli, 2(104)-1083/2023 saylı qərardadı ilə ləğv edilərək ərizə baxılmamış saxlanılmışdır. Beləliklə, ləğv edilmiş qətnamədə müəyyən edilmiş hallar əsasında yenidən eyni məzmunlu qətnamə qəbul edilməsi qanunun tələblərinə ziddir. Məhkəmə belə bir qətnamə qəbul edirdisə, bu iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməli və alınacaq yeni ekspert rəyi əsasında qətnamə qəbul etməli idi» barədə apellyatorun arqumenti də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, əvvəla hazırkı işə baxan məhkəmə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(096)-375/2022 saylı qətnaməsi üzrə müəyyən edilmiş faktları hazırkı iş üzrə preyudisial hal kimi qəbul etməmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, MPM-nin 76.2-ci maddəsinə uyğun olaraq ekspert rəyi sübut növlərindən biridir. Sübut növü sayılan ekspert rəyinin qiymətləndirilməsi isə MPM-nin 101.3-cü maddəsinə uyğun həyata keçirilir. Odur ki, xx.xx.2022-ci il tarixli 10/4564 nömrəli ekspert rəyinin hazırkı iş üzrə sübut kimi qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolveriləndir. Yəni, apellyatorun ekspert rəyi ilə bağlı arqumentləri əsaslı olmamışdır.

37. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvan 1 ünvandakı 0.0828 ha torpaq sahəsinin 0.0708 ha hissəsi cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilmiş və cavabdeh tərəfindən inşa edilmiş “Şəmşirin” kafesinin 86.4 kv.m-dək hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. Bu hal isə, iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. O cümlədən, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, Mülki Məcəllənin 157.2, 157.4 və 180-ci maddələrinə əsasən mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüquqları qanunla tanınır.

38. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.

39. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin “0.0708 ha torpağın və “Şəmşirin” kafesinin yerləşdiyi sahənin Şəmkir rayonu İcra Hakimiyyəti başçısının 06 avqust 2013-cü il tarixli 133 nömrəli sərəncamı əsasında ayrılmış torpaq sahəsində inşa edilmişdir” barədə dəlillərinə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, apellyasiya baxışı zamanı verilmiş sorğu əsasında həmin sərəncam əldə edilərək müəyyən edilmişdir ki, cavabdeh cəmiyyətə icra hakimiyyəti tərəfindən Şəmkir şəhəri Heydər Əliyev prospektində yerləşən torpaq sahəsinin 3,29 ha hissəsində X2 Kompleksi, 0,458 ha hissəsində ofis binası, 0,1633 ha hissədə şirniyyat kafesinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Lakin qeyd olunan Sərəncamda layihələndirilməsinə və tikintisinə icazə verilmiş şirniyyat kafesinin inşa olunacağı torpaq sahəsinə dair koordinatlar (yerləşmə koordinatları) əksini tapmadığından həmin tikilinin mübahisəli torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən cavabdeh tərəfindən istifadə edilən 0.0708 ha torpaq sahəsi və “Şəmşirin” kafesinin 86.4 kv.m-dək sahə Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşməklə həmin əmlak iddiaçının mülkiyyətindədir. O cümlədən, işin hallarından göründüyü kimi ünvan 1 ünvandakı əmlaka dair iddiaçının adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış hazırkı məqamda hüquqi qüvvəsini saxlayır. Ona görə də, cavabdehin bu dəlili kollegiya tərəfindən əsassız sayılmışdır.

40. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli qərarı).

41. «İddiaçı ilə cavabdehin əmlak kompleksinin tikintisi ilə bağlı razılığının olması» barədə apellyasiya şikayətinin dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, işin faktiki halları ilə iddiaçının tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin kafe fəaliyyəti ilə məşğulluğuna şərait yaratması, torpaq sahəsində görülən işlərə susaraq razılıq nümayiş etdirməsi və.s hallar müəyyən edilməmişdir. Əksinə, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edildiyi halda, cavabdeh təşkilat 2013-2014-cü illərdən həmin torpaq sahəsindən istifadə etmiş və “Şəmşirin” kafesini inşa etmişdir. Bununla belə, cavabdeh cəmiyyətin həmin binanı torpağın əvvəlki mülkiyyətçisinin razılığı əsasında inşa etməsi də işin faktiki halları ilə öz təsdiqini tapmamışdır.

42. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Apellyasiya şikayətinin dəlilləri də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(076)-197/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar