Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-77/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, zəbt olunmuş torpaq sahəsinin boşaldılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi) Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Məlikova Könül Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(058)-453/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Samux Rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 1999-cu il tarixli 278 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı Samux rayonu Sərkar kəndində orta məktəb həyəti yaxınlığında əksxana binasının yanında 24 kv.m torpaq sahəsində kommersiya məqsədilə mağaza binası tikilməsinə icazə verilmişdir.
2. Torpağın alqı-satqısına dair 27 dekabr 1999-cu il tarixli 21 nömrəli aktndan görünür ki, Yusifov Etibar Qədir oğluna Sərkar bələdiyyəsi ərazisində 24 kv.m torpaq sahəsinin satılması barədə bələdiyyə tərəfindən qərar qəbul edilmişdir.
3. Samux Rayonu Sərkar Bələdiyəsinin 05 noyabr 2022-ci il tarixli 164 nömrəli "xxxx" ASC-nə ünvanladığı məktubun surətindən görünür ki, ünvan 1 Qədir oğlunun mülkiyyətində torpaq sahəsi yoxdur. Yusifov Etibar Qədir oğlunun qeyd etdiyi torpaq sahəsinə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və 2017-ci ildə hazırlanmış layihə əsasında KTM quraşdırılması üçün "xxxx" ASC-nə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi ilə Samux Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Samux rayonu Sərkər kəndində yerləşən və sahibliyində və istifadəsində olan torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, Samux rayonu Sərkər kəndində kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə 25 dekabr 1999-cu il tarixdə səlahiyyətli orqana müraciət etmiş və dəyəri əvvəlcədən ödənilməklə 48000 manat (AZM) müqabilində 24 kv.m torpaq sahəsi almışdır. Satın aldığı torpaq sahəsinə dair “Tikintiyə icazə verilməsi haqqında” 28 dekabr 1999-cu il tarixli 278 nömrəli sərəncam imzalanmış və həmin vaxtdan da mübahisəli torpaq sahəsi onun sahibliyində və istifadəsində olmuşdur. Lakin 2020-ci ilin oktyabr ayında səhhəti ilə əlaqədar Bakı şəhərinə getmiş və 2021-ci ilin yanvar ayında torpaq sahəsinin zəbt edilərək beton bünövrə inşa edilməsini bilmişdir.
6. Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(058)-453/2023 nömrəli qətnaməsi ilə (hakim T.Kərimova) iddia təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, Yusifov Etibar Qədir oğlunun cavabdeh "xxxx" ASC-nə qarşı zəbt olunmuş torpağın alınaraq ona verilməsi tələbinə dair iddia tələbi iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir.
8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1ci hissəsinə, 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Samux rayonu Sərkər kəndində kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə 25 dekabr 1999-cu il tarixdə səlahiyyətli orqana müraciət etmiş və dəyəri əvvəlcədən ödənilməklə 24 kv.m torpaq sahəsi almışdır. Satın aldığı torpaq sahəsinə dair tikintiyə icazə verilməsi haqqında 28 dekabr 1999-cu il tarixli 278 nömrəli sərəncam verilmişdir. Buna baxmayaraq 2017-ci ildə imzalanmış layihə əsasında KTM quraşdırılması üçün həmin torpaq sahəsi "xxxx" ASC-nə verilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2023-cü il tarixli 2(104)-1855/2023 nömrəli qətnaməsi ilə ddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(058)-453/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Yusifov Etibar Qədir oğlunun hazırkı tələbin irəli sürülməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı Yusifov Etibar Qədir oğlu Samux rayonu, Sərkar kəndində yerləşən mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasını və hazırda onun istifadəsində olduğunu göstərsə də, sözügedən torpaq sahəsinə dair hər hansı hüquqlarının olmasını təsdiq edən bələdiyyənin müvafiq qərarını və digər mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdiir.
13. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2024-cu il tarixli 2(102)-280/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1855/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi və iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları,
17. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 24 kv.m torpağı 25 dekabr 1999-cu ildə sahibkarlıq məqsədilə 48000 manat (AZM) bələdiyyədən almışam. Həmin torpaqda tikinti tikilməsinə dair İcra hakimiyyəti sərəncam verib. Torpağın kordinatları olmasada alanda yerini mənə göstərmişdilər. Aldığım torpaqda tikinti işləri aparmamışdım. Lakin sonradan torpağın bir hissəsini "xxxx" betonlamışdır. Ona görədə məhkəmədə iddia qaldırdım. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Məlikova Könül Yusif qızı apellyasiya şikayətini qəbul etməyək, izahatında göstərmişdir ki, mübahisəli ərazi icra hakimiyyətinin və Sərkar Bələdiyyəsinin razılığı əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilmişdir. Həmin ərazıdə yeni trasformator qoyulması üçün betonlama işləri görülmüşdür.Həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqları qeydə alınmamışdır. Məlikova Könül Yusif qızı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instasniya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
21. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
22. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
23. Maddə 66.2. Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir
24. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
25. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
34. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
35. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
36. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
37. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2024-cu il tarixli 2(102)-280/2024 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mübahisənin yenidən araşdırılması iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
42. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı Yusifov Etibar Qədir oğlu torpağın alqı-satqısına dair 27 dekabr 1999-cu il tarixli 21 nömrəli akt əsasında Sərkar bələdiyyəsi ərazisindən 24 kv.m torpaq sahəsinin ona satılmasını, Samux Rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 1999-cu il tarixli 278 nömrəli sərəncamı ilə ona Samux rayonu Sərkar kəndində orta məktəb həyəti yaxınlığında əksxana binasının yanında 24 kv.m torpaq sahəsində kommersiya məqsədilə mağaza binası tikilməsinə icazə verilməsini, lakin 2021-ci ildə torpaq sahəsinin "xxxx" ASC tərəfindən zəbt edilərək betonlanmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırkı iddianı qaldırmaqda iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı rədd etmişdir.
43. Kollegiya iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçı hazırkı iddianı qaldırarkən torpaq sahəsinin ona satılmasına dair 27 dekabr 1999-cu il tarixli 21 nömrəli akta, torpağın dəyərinin ödənilməsi barədə qəbzə, eləcə də Samux Rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 1999-cu il tarixli 278 nömrəli sərəncamına istinad etmişdir. Qeyd olunan sənədlərə nəzər yetirdikdə belə nəticəyə gəlmək olur ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair məhkəmədə iddia qaldırmaqda subyektiv hüququ yaranır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. İddia tələbinin əsaslı olubolmamasına münasibətdə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
44. Mübahisənin həlli ilə əlaqədar hazırkı apellyasiya icraatı zamanı iş üzrə tikintitexniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/8637 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 26 noyabr 2024-cü il tarixli 3-21-3- 33/2-13123/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, 24,0 kv.m torpaq sahəsinin alqı-satqısına dair Samux rayonu Sərkar bələdiyyəsi ilə Yusifov Etibar Qədir oğlu arasında bağlanmış akta əsasən həmin 24,0 kv.m torpaq sahəsinin məkan göstəriciləri əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında aşkar olunmamışdır. Bu səbəbdən də tərəfimizdən aparılan araşdırma zamanı, iddiaçının naturada təqdim etdiyi torpaq sahəsinə və iş materiallarında mövcud olan Yusifov Etibar Qədir oğlunun adına tərtib olunaraq Samux rayon tikinti və memarlıq şöbəsinin müdiri A.M.Məmmədov tərəfindən imzalanmış Sərkar kəndində tikilməsi nəzərdə tutulan mağaza binasının layihəsinə istinad olunmuşdur. Miqyassız və şərti çəkilmiş həmin layihədəki digər göstəricilərə istinadən layihədə göstərilən sahənin iddiaçının naturada təqdim etdiyi sahəyə uyğun olduğu müəyyən edilmişdir. İddiaçının naturada təqdim etdiyi 24,0 kv.m torpaq sahəsi və "xxxx" ASC tərəfindən betonlanmış torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) bələdiyyə mülkiyyətinə aid, infrastruktur sahə (ümumi istifadədə olan yollar küçələr) olaraq göstərildiyi müəyyən edilmişdir. Bundan əlavə "xxxx" ASC tərəfindən betonlamış 8,77 kv.m torpaq sahə və iddiaçının naturada təqdim etdiyi 24,0 kv.m torpaq sahəsi elektron kadastr məlumat bazasında Dövlət mülkiyyətinə aid Təhsil Nazirliyinin balansında kənd məktəbinin istifadəsində olan torpaq sahəsi göstərildiyi müəyyən edilmişdir. İddiaçının naturada təqdim etdiyi 24,0 kv.m torpaq sahəsinin 6,51 kv.m hissəsi, "xxxx" ASC tərəfindən betonlanmış 8,77 kv.m torpaq sahəsinin 6,51 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçının naturada təqdim etdiyi 24,0 kv.m torpaq sahəsi ilə "xxxx" ASC tərəfindən betonlanmış 8,77 kv.m torpaq sahəsi, 6,5 kv.m hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.
45. Samux rayon İcra Hakimiyyətindən alınmış 22 may 2024-cü il tarixli 5-72/2- 28/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Samux rayon İcra Hakimiyyətini başçısının tikintiyə icazə verilməsi haqqında 28 dekabr 1999-cu il traixli 278 nömrəli sərəncamında Samux rayon Sərkar kənd sakini Yusifov Etibar Qədir oğluna mağaza binası tikilməsinə icazə verilməsi və bu məqsədilə 24 kv.m torpaq sahəsinin ayrılması göstərilmiş, lakin vətəndaş tərəfindən həmin vaxtdan etibarən tikinti işləri aparılmamışdır.
46. Sorğu əsasında Samux rayon Sərkar Bələdiyyəsindən alınmış 23 aprel 2024cü il tarixli 59 nömrəli cavabdan müəyyən olunur ki, Samux rayonunda, o cümlədən Sərkar kəndində elektrik xətlərinin və ya transformatorların yenilənməsi layihəsi Samux rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş, qəsəbə və kənd İcra nümayəndəlikləri və Bələdiyyələr ilə razılaşdırılmışdır. Bu məqsədlə Sərkar Bələdiyyəsinin qərarı olmamışdır.
47. Həmçinin Samux rayon Sərkar Bələdiyyəsindən alınmış 23 aprel 2024-cü il tarixli 56 nömrəli cavabdan müəyyən olunur ki, Samux rayon Sərkar Bələdiyyəsinin seçilmiş üzvlərinin ilk iclası 13 yanvar 2000-ci ildə keçirilmişdir və həmin vaxtdan Sərkar Bələdiyyəsi fəaliyyətə başlamışdır.
48. İş üzrə rəyi tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi Elmar Aslanov məhkəmədə dindirilərkən izahatında göstərmişdir ki, verilmiş rəydə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması barədə gəlinən nəticə, torpaq ayırma sənədi olmayan, iddiaçının adına miqyassız və şərti çəkilmiş (tərtib olunmuş) lahiyənin göstəricilərinə və həmin göstəricilərin iddiaçının təqdim etdiyi torpaq sahəsinə uyğunluğuna görə müəyyən etmişlər. Lakin, torpaq ayırma sənədi, miqyas və koordinat göstəricilər olmadığına görə iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq harada yerləşməsini müəyyən etmək mümkün deyil. TEKUİS və ASCAD torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edildiyi qeyd edilsə də, (ümumi istifadədə olan yollar və küçələr), lakin Elektron Məlumat Kadastr məlumat bazasında mübahisəli ərazi Dövlət mülkiyyətinə aid Təhsil Nazirliyinin balansında olan kənd məktəbinin istifadəsində olan torpaq kimi göstərilmişdir.
49. Kollegiya qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi sübutlar əsasında ona ayrılmış torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyil. Cavabdeh ASC-nin transformator qoyulması məqsədilə betonladığı 8,77 torpaq sahəsinin iddiaçının ona satılmasını iddia etdiyi 24 kv.m torpaq sahəsinin daxilində olmasıda hər hansı bir hüquqmüəyyənedici sənədlə təsdiqini tapmır. Ekspertin gəldiyi nəticə mülahizələrə əsaslandığından rəyin həmin hissəsinin sübut kimi qəbul edilməsidə yolverilməzdir və bu da özlüyündə iddianın əsassızlığı nəticəsinə gəlinir. Ona görə də kollegiya hesab edir ki, iddia təmin edilməməlidir. 50 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərininə dair 16 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/8637 nömrəli bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Kollegiya hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçı Yusifov Etibar Qədir oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli, eləcədə ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372, 384, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(058)-453/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçı Yusifov Etibar Qədir oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.