Məhkəmə qərarları › İş №2(104)-776/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-776/2025

12.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-776/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(125)-5440/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2 fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir;

2. Gəncə Şəhər Məhkəməsinin 2(125)-62/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir;

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4383/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli 2(102)-4383/2023 nömrəli qərarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli 2(104)- 332/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(125)- 62/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(125)-62/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun qardaşıdır və hazırda həmin evdə yaşayır. Cavabdehlə birlikdə yaşaması qeyri-mümkün olduğundan gələcəkdə kompensasiya verilməklə onun evdən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Cavabdeh onu mülkiyyətində olan evə buraxmadığına görə hazırda müvəqqəti olaraq qızına məxsus evdə yaşayır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan evdən istifadə edə bilmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Gəncə Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(125)-5440/2024 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia təmin edilmiş, İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi; Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 157.8, 228.4-cü maddələri, Mənzil Məcəlləsin 30.1, 30.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3, 216-220, və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçıya verilmiş 15 mart 2024-cü il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair Gəncə İnzibati Məhkəməsində inzibati iş var. Birinci instansiya məhkəməsində iddiaçı tərəf bilərəkdən bu faktı gizlətmişdir. Əgər birinci instansiya məhkəməsi bu faktı bilmiş olsaydı işin icraatını dayandırardı. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi atasının mülkiyyətində olsada, lakin cavabdeh atasını evə buraxmır. Nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

23. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. İşin müəyyən olunmuş faktiki hallardan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 15 mart 2015-ci il tarixdən tam mülkiyyət hüququ əsasında iddiaçı X2 mülkiyyətindədir. İddiaçı özünə məxsus əmlakdan cavabdehin qanunsuz hərəkətləri nəticəsində sərbəst istifadə edə bilməməsini əsas gətirərək mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

34. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin lğvi üçün əsas deyil.

35. Belə ki, yuxarıda da qeyd olunduğu kimi ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 56,5 kv.m olan fərdi yaşayış evi və yerləşdiyi 0,0086 ha torpaq sahəsi 15 mart 2015ci il tarixdən tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

36. İddiaçının tələbidə məhz yaşayış sahəsinə olan mülkiyyət hüququna əsaslanır. Mülkiyyət hüququ isə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Apellyasiya şikayətinin “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçıya verilmiş 15 mart 2024-cü il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair Gəncə İnzibati Məhkəməsinin icraatında inzibati işin olması” dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu da onu deməyə birdaha əsas verir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(125)-5440/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar