Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-778/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2482/2022 saylı mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0298 saylı KOD 61019018 saylı Dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Xanərəb kənd sakinləri X7, İddiaçı, X2, X3, X4 və X8 mülkiyyətinə 4,27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. İşdə olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 aprel 2015-ci il tarixli AZ-İ 712739 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 aprel 2015-ci ildə ölmüşdür.
3. İşdə olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2016-cı il tarixli AZ-İ 735539 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18 fevral 2016-cı ildə ölmüşdür.
4. İşdə olan Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 may 2020-ci il tarixli AZ-İİ 079913 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 fevral 2020-ci ildə ölmüşdür.
5. İşdə olan AN-İ ******* saylı 27 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13, İddiaçı, X10, X9 mülkiyyətlərində olan, Bərdə rayonu Xanərəb kəndində yerləşən 2,9202 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin özlərinə məxsus olan hissəsini bütünlüklə X6 3500 manata satmışlar.
6. İşdə olan AN-İ ******* saylı 27 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13, İddiaçı, X10, X9 mülkiyyətlərində olan, Bərdə rayonu Xanərəb kəndində yerləşən 1,3458 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özlərinə məxsus olan hissəsini bütünlüklə X6 2500 manata satmışlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, təsərrüfatdan istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayonu Xanərəb kəndində yerləşən, ona məxsus pay torpağından çıxarılması və onun Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998ci il tarixli 08 saylı qərarı ilə verilmiş 4,27 hektar torpaq sahəsindən istifadə etməsinə törətdiyi maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon X12 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə ona və onun ailəsinə Dövlət tərifindən 4.27 hektar pay torpaq sahəsi verilmişdir. Bir müddət ona verilmiş pay torpaqdan rahat istifadə etmişdir. Lakin son illər onun pay torpağına yaxın ərazidə olan Cavabdeh ona verilmiş həmin ərazidə ona məxsus olan dövlət pay torpağından neçə illərdir ki, qanunsuz istifadə edir. Cavabdehə dəfələrlə müraciət etmiş, lakin bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Cavabdeh bildirmişdir ki, torpağı müvəqqəti icarəyə götürmüşdür. Lakin, onların aralarında heç bir icarə müqaviləsi olmamışdır. Hal-hazırda həyat yoldaşı vəfat etmişdir. Onlar aztəminatlı ailə sayılırlar. Hal hazırda ailə vəziyyətləri ağır vəziyyətdə olduğu üçün onların həmin torpağa ehtiyacları vardır. Cavabdehin özbaşınalığı və qanunsuz əməlləri nəticəsində öz torpağından lazımı qaydada istifadə edə bilmir, torpağı zəbt edilmişdir. Cavabdeh zəbt etdiyi ərazini qanunsuz olaraq özününküləşdirmişdir. 9.Bərdə Rayon Məhkəməsinin 2(021)-2482/2022 saylı mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Q.Əbilov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2482/2022 saylı mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh onların razılığı olmadan həyat yoldaşı X14 ailənin xəbəri olmadan torpaq sahəsini alqı-satqısı etmişlər və həmin alqı-satqıya ailə üzvləri imza etməmişlər. Hesab edirlər ki, həmin torpaq sahəsi barəsində bağlanmış əqd qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
19. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
20. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
21. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
22. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
23. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
24. Maddə 219.1. Ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir.
25. Maddə 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
26. Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
27. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.
39. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
40. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı onun ailə üzvləri ilə birgə mülkiyyətlərində olan mübahisəli torpaq sahəsindəki öz payını notarius tərəfindən təsdiq edilmiş alğı-satqı müqavilələri ilə X1 və hazırki vəziyyətdə onun həmin torpaq sahəsi barəsində mülkiyyət hüquqları mövcud deyildir. İddiaçı apellyasiya şikayətində həmin torpaq sahəsi barəsində bağlanmış alğı-satqı müqavilələrinin qanunsuz olduğunu iddia etsə də kollegiya apellyatorun bu dəlilni əsassız sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinin tələblərinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı isə 27 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı barədə tələb irəli sürməmiş və bu məsələ hazırki məhkəmə araşdırmalarının predmeti olmamışdır.
41. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2482/2022 saylı mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.