Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-785/2024 11.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X2 və Cavabdeh2 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin sədri Qələmdar Abbasova Cavabdeh2 tərəfindən verilmiş etiraza Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mərhum X1 miras qalmış Göygöl şəhəri S.Hacıyev küçəsi ev 63 ünvanında yerləşən 26.3 kv.m ibarət əmlaka dair İddiaçı bütövlükdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, mərhum X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 53,9 kv.m əmlaka İddiaçı bütövlükdə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Cavabdeh2 mülki işə Göygöl Rayon Məhkəməsinin sədri Qələmdar Abbasovun sədriliyi ilə baxılmasına etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin sədri Qələmdar Abbasovun sədriliyi ilə mülki işə obyektiv baxılmasına şübhələr var. Belə ki, əvvəllər Qələmdər Abbasovun icraatında olan iş üzrə onun ziyanına qərar qəbul edilmişdir. Göygöl Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(066)-127/2024 nömrəli qərardadı ilə etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, Göygöl Rayon Məhkəməsinin sədri Qələmdar Abbasovun işə baxmasına etiraz etsədə, kakin sonradan ona məlum olmuşdur ki, Qələmdar Abbasovun səlahiyyət müddəti artıq 2024cü ilin mart ayının əvvəllərində başa çatacaqdır. Ona görədə işə həmin məhkəmənin digər hakiminin sədrliyi ilə baxmasına etiraz etmir. Məhkəmə kollegiyası etirazı iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, etiraz təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar göstərilmişdir, həmin Məcəllənin 19.2.3-cü maddəsinə görə, o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 22.5. maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 99-cu maddəsinə əsasən hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməməlidir. Hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin yuxarıda sadalanan müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə aktına inamı artırmaq üçün qərəzsizliyi önə çəkərək buna xüsusi əhəmiyyət vermiş, bu yolla qəbul ediləcək məhkəmə qərarının ədalətliliyinə təminatı nəzərdə tutmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı iş üzrə 22 oktyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə, məhkəmədə qabaqcadan formalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə nail olmaq üçün qərəzsiz məhkəmənin olması milli və beynəlxalq hüququn tələbi, eyni zamanda ədalət mühakiməsinin həyata keçirilməsinin əsas şərtidir. Ədalət mühakiməsinin bütün şübhələrdən kənar həyata keçirilməsi baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Göygöl Rayon Məhkəməsində və işə baxan hakimə (məhkəmə sədrinə) edilmiş etiraz təmin olunmalıdır. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin sədri Qələmdar Abbasovun sədrliyi ilə baxılacaq bu iş üzrə ədalətli məhkəmə aktının qəbul edilməsinə yönəlmiş şübhə, yəni onun biləvasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, həmçinin onun obyektivliyi və qərəzsizliyi barədə hər hansı əsaslar müəyyən olunmur. İş üzrə Cavabdeh2 işə Göygöl Rayon Məhkəməsinin sədri Qələmdar Abbasovun sədrliyi ilə baxılmasına etiraz etsədə, lakin sonuncu işə baxılmasını istisna edən hallara dair hər hansı möhtəbər subutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6. maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X2 və Cavabdeh2 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Cavabdeh2 işə baxan Göygöl Rayon Məhkəməsinin sədri Qələmdar Abbasova etdiyi etiraz təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-785/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-785/2024
11.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver