Məhkəmə qərarları › İş №2(104)-787/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-787/2024

22.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-787/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-271/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin onun işdən azad olunması barədə N fevral 2023-cü il tarixli, 69 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbiləşdirilmiş mühafizə bölməsində mühafizəçi vəzifəsinə müddətsiz işə bərpa olunması və məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-271/2024 nömrəli qətnaməsi (hakim Zaman İmanov) ilə, İddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral 2023-cü il tarixli, 69 nömrəli əmri İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbiləşdirilmiş mühafizə bölməsində mühafizəçi vəzifəsinə müddətsiz bərpa edilməsi və ona məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti yoxlanılarkən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin nümayəndəsi Nümayəndə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətində tələbini və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi hissələr, həmçinin qəbul edilmiş məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslar, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Belə ki, apellyator tərəfindən verilmiş şikayətdə qeyd olunan halları əlaqəli formada şikayətin digər hissələrində aydın şəkildə ifadə edən izahlar verilməmiş və yaxud müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 5, 6 və 7-ci hissələr). Bununla da, şikayət qanunvericiliyin tələb etdiyi forma və məzmunda deyil, yalnız ümumi halda olaraq elektron informasiya sisteminə yüklənərək imzalanmışdır. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliyin tələb etdiyi formada, yəni MPMnin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi şikayətin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-271/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar