Məhkəmə qərarları › İş №2(104)-790/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-790/2025

08.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-790/2025 08.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı5, Cavabdeh, onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin onlara təhvil verilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 04 dekabr 2007-ci il tarixli 4Ə-04-425 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən (Torpağın mülkiyyət hüququna dair dövlət aktı JN-178 saylı 50407038 nömrəli) 1,6101 ha torpaq sahəsi X17, X5, X6, X13, X8, X11 tərəfindən 30000 manata Cavabdeh satılmışdır.

2. ********** nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, **********82 daşınmaz əmlakın reyestr nömrəli Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 1,6101 ha torpaq sahəsi X10, X1, X2, X9, X3 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir.

3. 08 oktyabr 2024-cü il tarixli 4/1381 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, 4Ə-04-425 nömrəli notariat işinin 04 dekabr 2007-ci il tarixli müqavilədə imzalar X5, X6, X13 və X11 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Ə-04-425 nömrəli notariat işinin 2-ci vərəqində olan 04 dekabr 2007-ci il tarixli müqavilədə “İmzalar” qrafasında “5” rəqəminin qarşısındakı imza-Mehtiyeva (Məmmədova) Gülnar Arif qızı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onlara və mərhum atası X12 məxsus 1,6101 ha torpaq sahəsindən çıxardılması və torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçılar məhkəmə iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, həmçinin Şəmkir rayon 2 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2007ci il tarixdə 4Ə-04- 425 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon, Qapanlı kəndində onlara və mərhum atasına məxsus 1,6101 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mərhum atası müvəqqəti olaraq bir müddət bundan əvvəl cavabdehin istifadəsinə vermişdir. Onlar mübahisəli torpaq sahəsinə dair 25 sentyabr 2023-cü ildə çıxarış almışlar. Onlar torpağı özləri becərmək qərarına gəldiyi üçün cavabdehdən torpağı geri qaytarmağı tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək guya torpağı cavabdehə satdıqlarını bildirmiş və torpağı qaytarmaq istəmir. Halbuki, onlar notariat kontoruna gedib heç bir alqı-satqı müqaviləsinə qol çəkib, heç kimdən pul almamışlar. Ona görə də, cavabdeh məhkəmə qaydası ilə onlara məxsus 1,601 ha torpaq sahəsindən məcburi çıxarılmalı və torpaq onlara təhvil verilməlidir. Qeyd edilənlərə əsasən cavabdehin onlara və mərhum atası X12 məxsus 1,6101 ha torpaq sahəsindən çıxardılması və torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın rədd edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı Şəmkir Rayon Dövlət Notariat Kontorunda 4Ə-04-425 reyestr nömrəsi ilə qeydə alınmış 04 dekabr 2007-ci il alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfin həmin alqı-satqı müqaviləsinə imza etməməsi və torpaq sahəsini satmaq niyyətlərinin olmaması barədə bildirdiklərini inandırıcı hesab etməmiş, iddiaçı tərəf məhkəmə iclası zamanı istinad etdiyi dəlilləri təsdiq edən sübutlar təqdim etməmiş, həmçinin iş materiallarında olan sənədlərlə də onların aldadılmağına imkan verən hallar öz əksini tapmamışdır. Eləcə də, mübahisələndirilən əqd notariat kontorunda bağlanmış, iddiaçılar öz iradəsini sərbəst ifadə etmək yolu ilə alqı-satqı müqaviləsini notariusun yanında şəxsən imzalamışlar. Belə olan halda iddiaçıların alqı-satqı müqaviləsinin məzmunundan xəbərdar olmaması inandırıcı görünməmişdir.

9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 334, 407.2-ci və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88 və 218.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh Şəmkir rayonu Qapanlı kəndində yerləşən torpaqlarını satmamışlar. Onlar notariat kontoruna gedib ona torpaq satılmamışdır. Mərhum ataları Arif müvəqqəti olaraq 1.6101 ha torpaq sahəsini müvəqqət istifadə üçün cavabdehə vermişdir. Hal-hazırda onlar torpaq sahəsinə dair 2023-cü ildə Çıxarış almışlar. Əgər həqiqətən də, onlar cavabdehə torpaq satmış olsa idilər, cavabdeh torpağa dair adına Çıxarış alardı. O, bunu etməmişdir. Bu isə bir daha onu sübut etmişdir ki, məhkəmə onların iddiasını rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iddialarını rədd edərkən işdə olan cavabdehin təqdim etdiyi alqı-satqı müqaviləsinə istinad etmişdir. Halbuki, onlar notariat kontoruna gedib alqısatqı müqaviləsi bağlamamışlar. Məhkəmənin bu müqaviləyə istinad edib iddialarını rədd etməsinin hüquqi əssası yoxdur. Çünki torpaq sahəsi onların mülkiyyətindədir. Məhkəmə iddialarını rədd edərkən mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmışdır. Hal-hazırda torpağı onlar əkib becərir. Bu fakt bir daha torpağın onlara məxsus olduğunu sübut edir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı5 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onlar cavabdehə yer satmamışdır. DƏDKR publik hüquqi şəxsi torpaqları ölçüb onlara vermişlər. Əgər onların sənədlərin problem olsa idi, notariat orqanı onlara sənəd verməzdi.

14. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsini 18 ildir ki, satın almışdır. Başqa torpaq sahələri olduğu üçün fikirləşmişdir ki, hamısına bir yerdə çıxarış alsın. 2007-ci ildən torpaq sahəsi onun istifadəsində olmuşdur. O, iddiaçıların 1.68 ha torpaq sahəsini satın almışdır. Yerdə qalan torpaq sahələri iddiaçıların özlərinə məxsusdur.

15. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi notariat qaydasında bağlanmışdır. Hətta cavabdeh iddiaçıları öz avtomobili ilə notariat orqanına aparmışdır. Həmin vaxt alqı-satqı müqaviləsi elektron sistemə yüklənmədiyi üçün iddiaçılara çıxarış verilərkən DƏDKR publik hüquqi şəxsi müqaviləni görməmişdir.

16. İş üzrə digər iddiaçılara işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələri vasitəsi ilə məhkəmə iclasında təmsil edilmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:

17. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

21. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

22. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

23. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.

24. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

25. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçılar tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, **********82 daşınmaz əmlakın reyestr nömrəli Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 1,6101 ha torpaq sahəsi X10, X1, X2, X9, X3 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsi X17, X5, X6, X13, X8, X11 tərəfindən Cavabdeh 04 dekabr 2007-ci il tarixdə, 4Ə-04-425 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında satılmışdır.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəf notariat kontoruna getmədiklərini, cavabdeh ilə alqı-satqı müqaviləsi bağlamadıqlarını iddia etsə də, iş materiallarının 4-cü vərəqində olan 04 dekabr 2007-ci il tarixli 4Ə-04-425 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən (Torpağın mülkiyyət hüququna dair dövlət aktı JN-178 saylı 50407038 nömrəli) 1,6101 ha torpaq sahəsi X17, X5, X6, X13, X8, X11 tərəfindən 30000 manata Cavabdeh satılmışdır. Həmin müqavilə qüvvədədir. Onun etibarsız hesab edilməsi və ya ləğv olunması ilə bağlı iddiaçılar tərəfindən məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, birinci instasniya məhkəməsi tərəfindən əldə olunmuş 08 oktyabr 2024-cü il tarixli 4/1381 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, 4Ə-04-425 nömrəli notariat işinin 04 dekabr 2007-ci il tarixli müqavilədə imzalar X5, X6, X13 və X11 tərəfindən icra olunmuşdur.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur.

41. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin notariat qaydasında təsdiqlənməsi sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

42. Məhkəmə kollegiyası 08 oktyabr 2024-cü il tarixli 4/1381 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert 04 dekabr 2007-ci il tarixli müqavilədə “İmzalar” qrafasında “5” rəqəminin qarşısındakı imza-Mehtiyeva (Məmmədova) Gülnar Arif qızı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamssı ilə bağlı qeyd edir ki, həmin rəydə həmin hissədə tədqiq olunan imzada qrafik materialların azlığı, cizgilərin sadəliyi, imzanın bütövlükdə quruluşunun sadə olması müqayisə vaxtı qəti bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmağa imkan vermədiyinə görə mümkün olmamışdır. Lakin hətta həmin imza Mehtiyeva (Məmmədova) Gülnar Arif qızına məxsus olmasa belə, 2007-ci ildən mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olmasını və həmin torpaq sahəsinin istifadə edilməsinə Mehtiyeva (Məmmədova) Gülnar Arif qızının etiraz etməməsini nəzərə alsaq, onun həmin əqdi bəyənməsi və bu baxımdan əqdin etibarlılığı nəticəsinə gəlinir. Belə ki, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023 - cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2- ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Şəmkir Rayon Məhkəməsinin 2(076)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar