Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-798/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin sədri X5 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Şəmkir rayon notariat ofisinə qarşı torpaq icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahələrinin qaytarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(076)-1276/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Şəmkir rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi və Şəmkir bələdiyyəsinə məxsus 2.80 ha torpaq sahəsinin bələdiyyəyə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, xx.xx.2017-ci il tarixli torpaq icarə müqaviləsinin və xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi, Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə məxsus həmin icarə müqaviləsində qeyd edilmiş 2.20 ha və 2.80 ha torpaq sahələrinin bələdiyyəyə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(076)-1276/2023 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia təmin edilərək, Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-cı il tarixli Torpaq İcarə müqavilələrinin ləğv edilməsi; xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli X3 qeyd edilmiş Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan 2,20 və 2,80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin sahibliyinə qaytarılması; Cavabdeh1 məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi; İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Cavabdeh1 ilə Şəmkir rayon İrmaşlı Bələdiyyəsi arasında 2.80 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Lakin, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək, torpaq sahəsini təyinatından kənar qaydada istifadə etməyə başlamışdır. Dəfələrlə tələb etməklərinə baxmayaraq, cavabdeh nə bələdiyyəyə müraciət etməmiş, nə müqavilənin şərtlərini icra etmir, nə də torpaq sahəsini qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan: Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.2 ha olan torpaq sahəsini 15 il müddətinə kənd təsərrüfatı məqsədi ilə Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 illik 120 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsində “İcarəverən”in hüquq və vəzifələri içərisində “İcarəverən”in icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək, icarəyə verilmiş torpaqlarda “İcarəverən”in razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək kimi hüquqları və “İcarəçi”nin hüquq və vəzifələri içərisində “İcarəçi”nin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək kimi vəzifələri müəyyən edilmişdir; Şəmkir rayon notariat kontorunda Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-127 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli, **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.2 ha olan torpaq sahəsini xx.xx.2032-ci il tarixə kimi Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 isə illik 120 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür; Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.8 ha olan torpaq sahəsini 15 il müddətinə kənd təsərrüfatı məqsədi ilə Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 illik 180 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsində “İcarəverən”in hüquq və vəzifələri içərisində “İcarəverən”in icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək, icarəyə verilmiş torpaqlarda “İcarəverən”in razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək kimi hüquqları və “İcarəçi”nin hüquq və vəzifələri içərisində “İcarəçi”nin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək kimi vəzifələri müəyyən edilmişdir; Şəmkir rayon notariat kontorunda Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-6 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, xx.xx.2017ci il tarixli, **********06 reyestr nömrəli, **********3 qeydiyyat nömrəli Çıxarışa əsasən Şəmkir rayonu İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ümumi sahəsi 2.8 ha olan torpaq sahəsini xx.xx.2033-cü il tarixə kimi Cavabdeh1 icarəyə vermiş, Cavabdeh1 isə illik 180 manat 00 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu İrmaşlı kəndində yerləşən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan ümumi sahəsi 2.8 ha olan kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi 15 il müddətinə xx.xx.2017-ci il tarixli, 303 saylı Hərrac şəhadətnaməsi və xx.xx.2018-ci il tarixli, 3M-6 saylı icarə müqaviləsi əsasında kimi Cavabdeh1 xeyrinə yüklü edilmişdir; xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu İrmaşlı kəndində yerləşən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin mülkiyyətində olan ümumi sahəsi 2.2 ha olan kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi 15 il müddətinə xx.xx.2017-ci il tarixli, 177 saylı Hərrac şəhadətnaməsi və xx.xx.2017-ci il tarixli, 3M-127 saylı icarə müqaviləsi əsasında kimi Cavabdeh1 xeyrinə yüklü edilmişdir; Şəmkir rayon İrmaşlı Bələdiyyəsi tərəfindən Cavabdeh1 göndərilmiş 10 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 icarəyə götürdüyü torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu, ancaq oraya aqrotexniki qaydada qulluq edilmədiyi, icarə haqqı ödənilmədiyi barədə xəbərdarlıq edilərək, Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə müraciət etməsi xahiş edilmişdir; Şəmkir rayon İrmaşlı Bələdiyyəsi tərəfindən Cavabdeh1 göndərilmiş 29 mart 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi və icarə müqaviləsinin şərtlərinə əməl edilməsi barədə xəbərdarlıq edilmişdir; Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin 18 aprel 2023-cü il tarixli 04 saylı iclasının protokolundan görünür ki, icarədar Cavabdeh1 icarə müqaviləsinin şərtlərini pozduğuna görə icarə müqaviləsinə xitam verilməsi üçün məhkəmədə iddia qaldırılması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7016 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsində qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələri ilə Cavabdeh1 istifadə etdiyi torpaq sahələri eyni torpaq sahələridir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsində qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələri cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsində qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin üzərində təyinatına uyğun olmayan tikili (yaşayış evi kimi inşa edilmiş tikilinin müəyyən hissəsi) və ağaclar mövcuddur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı Şəmkir rayonu İrmaşlı Bələdiyyəsi ilə icarə müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əməl etmişdir. Hər hansı qayda pozuntusuna yol verməmiş və icarəyə götürmüş olduğu torpaq sahəsini təyinatı üzrə istifadə etmişdir. Məhkəmə qətnaməsində göstərilir ki, guya o, mübahisəli torpaq sahəsində fərdi yaşayış evi tikmiş və meyvə ağacları əkmişdir. Bununla razılaşmır, çünki istifadəsinə verilmiş torpaq sahəsində çəkil ağacları əkmişdir. Hansı ki, həmin çəkil ağacları ona Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən barama qurdlarının yemlənməsi üçün verilmişdir. İcarəsinə verilmiş torpaq sahəsində balaca bir naves tikili inşa etmişdir. Həmin tikili yaşayış evi deyil. Yağışdan, qardan soyuqdan və istidən qorunmaq üçündür. Hansı ki, həmin tikilinin inşası, icarəyə verilmiş torpaq sahəsində qanunla nəzərdə tutulub. Əgər gələcəkdə həmin torpaq sahəsində icarə hüquqlarını davam etdirməsə, həmin tikilini söküb, bələdiyyəyə torpaq sahəsini boş vəziyyətdə qaytaracaq. Bir halı da nəzərə çatdırmaq istəyir ki, İrmaşlı Bələdiyyəsi ona qarşı qərəzçilik edirərək, ərazinin suvarılması üçün su vermir. Məcbur olub ərazini öz pulu ilə su alıb suvarıram. Məhkəmə öz qətnaməsində iş üzrə verilmiş ekspertiza rəyinə istinad edib. Həmin ekspertiza rəyi ilə razı deyil. Çünki ekspertiza formal olaraq rəy verib və tədqiqatda onun iştirakı təmin olunmayıb. Daha sonra ekspertiza rəyində göstərilir ki, tikintinin bir hissəsi icarədə olan torpaq sahəsinin üzərinə düşür. Lakin rəydə konkret olaraq göstərilməyib ki, tikintinin hansı hissəsi və hansı koordinatlarda, icarədə olan torpaq sahəsinin üzərinə düşüb. İddiaçı ilə onun arasında bağlanmış icarə müqaviləsində onun üzərinə belə bir vəzifə qoyulmayıb. Əslində iddiaçı onun icarəsində olan torpaq sahələrini fərdi yaşayış evinin tikilməsi üçün satıb. Həmin ərazidə çoxlu sayda yaşayış evləri vardır. Apellyasiya şikayətlərinə dair tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən 2017-ci ildə 2.20 ha torpaq sahəsi, 2018-ci ildə isə 2.80 ha torpaq sahəsi Cavabdeh1 icarəyə verilmişdir. Həmin müqavilələr qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. İddiaçı iddia etmişdir ki, Cavabdeh1 icarəyə götürdüyü torpaq sahələrini təyinatı üzrə istifadə etməyərək orada müxtəlif meyvə ağacları əkmiş və fərdi yaşayış evi inşa etmişdir. Halbuki, iddiaçının torpaq sahəsindəki tikili yağışdan qorunmaq üçün navesdir. Bundan başqa, torpaq sahəsində çəkil ağacları əkilmişdir. Cavabdeh1 yerli icra hakimiyyəti orqanın göstərişi ilə torpaq sahəsinə həmin ağacları əkmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin sədri X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1la icarə müqaviləsi bağlanaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələri ona icarəyə verilmişdir. Lakin sonradan müəyyən olunmuşdur ki, Cavabdeh1 həmin torpaq sahələrindən təyinatı üzrə istifadə etmir. Həmin torpaq sahələrində alma, fındıq, heyva və çəkil ağacları əkmişdir. Həmçinin 2.80 ha torpaq sahəsində cavabdeh tərəfindən böyük ev inşa edilmişdir. Bələdiyyə sədri X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında xx.xx.2017ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin 15 may 2017-ci il tarixli 05 saylı qərarı əsasında 2.20 ha bələdiyyə örüş otlaq təyinatlı torpaq sahəsi Cavabdeh1 kənd təsərrüfatı məqsədilə icarəyə verilmişdir. Həmçinin, Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Şəmkir rayon İrmaşlı Bələdiyyəsinin 08 yanvar 2018-ci il tarixli 01 saylı qərarı əsasında 2.80 ha örüş otlaq təyinatlı torpaq sahəsi Cavabdeh1 kənd təsərrüfatı məqsədilə icarəyə verilmişdir. Hər iki icarə müqaviləsində tərəflər öz hüquq və vəzifələrini müəyyən etmişlər. Hər iki icarə müqaviləsində “İcarəçi”nin hüquq və vəzifələri içərisində “İcarəçi”nin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək kimi vəzifəsi müəyyən edilmişdir. Hazırda Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə məxsus 2.20 ha və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahəsi Cavabdeh1 istifadəsindədir. Cavabdeh1 Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə aralarında bağlanmış torpaq icarəsi müqaviləsində müəyyən edilmiş şərtləri pozmaqla torpaq sahələrindən təyinatına uyğun istifadə etmir və torpaq sahələri üzərində təyinatına uyğun olmayan tikili (yaşayış evi kimi inşa edilmiş tikilinin müəyyən hissəsi) və ağaclar mövcuddur. İddiaçı tərəfindən cavabdehə yazılı bildiriş göndərilərək, icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, torpaq sahəsindən təyinatına uyğun istifadə edilməsi əks halda tərəflərindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbir görüləcəyi bildirilmiş, lakin müsbət nəticə olmamışdır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəyə qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanununun 11.9-cu bəndinə əsasən, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir: Ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması; Torpaqların təyinatı üzrə istifadə edilməsi; Torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi; Torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi; Kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi. Mülki Məcəllənin 708.1-ci maddəsinə əsasən, icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. Həmin Məcəllənin 708.2-ci maddəsinə əsasən, icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Qeyd edilməlidir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını müəyyən edən 421-ci maddəsində deyilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş torpaq sahələrindən sonuncu tərəfindən torpaq sahəsinin təyinatına uyğun istifadə edilib-edilməməsi, habelə torpaq sahələri üzərində tikili inşa edilib-edilməməsinin aydınlaşdırılması ilə bağlı tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7016 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsində qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələri ilə Cavabdeh1 istifadə etdiyi torpaq sahələri eyni torpaq sahələridir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsində qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələri cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsində qeyd edilmiş müvafiq olaraq 2.20 və 2.80 ha örüş otlaq təyinatlı torpaq sahələrinin üzərində təyinatına uyğun olmayan tikili (yaşayış evi kimi inşa edilmiş tikilinin müəyyən hissəsi) və ağaclar mövcuddur. Nəzərə alınmalıdır ki, MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Ekspert rəyinə nəzər saldıqda müəyyən olunur ki, tədqiqat keçirilərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən “GPS” sistemli ölçmə (qlobal mövqe təyin etmə) aparatı vasitəsilə tədqiq olunan torpaq sahələri üzrə yerində ölçmə işləri aparılaraq torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası ekspert rəyinin mötəbər sübut olması qənaətinə gəlir və eyni zamanda qeyd edir ki, rəyin obyektiv olmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki rəydə göstərilən məlumatların doğru olmamasını təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. İş üzrə verilmiş ekspert rəyində göstərilən məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə icarəçi (cavabdeh) müqavilə predmeti olan örüş otlaq təyinatlı torpaq sahələrindən təyinatına uyğun istifadə etmək vəzifəsini icra etmədiyindən, bununla da o, müqavilə üzrə üzərinə götürdüyü vəzifələrini yerinə yetirməyərək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan və o, iddiaçının müqaviləni ləğv etmək təklifinə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində cavab vermədiyindən, icarə müqavilələrinin ləğv edilməsi üçün qanuni əsaslar mövcuddur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icarə müqavilələri üzrə cavabdehin icarəsinə verilmiş 2.20 ha və 2.80 ha torpaq sahələrinin iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsinə geri qaytarılması hissədə iddianın təmin olunması qanuni əsaslara söykənir. Çünki, iddiaçı Şəmkir rayon İrmaşlı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli icarə müqavilələri ləğv edildiyindən cavabdehin həmin torpaq sahələrindən istifadə və sahiblik hüququ da aradan qalxmış olur ki, bu halda da icarəyə verilmiş torpaq sahələri bələdiyyəyə (icarəyə verən) geri qaytarılmalıdır. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 378-382, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(076)-1276/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-798/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-798/2024
30.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver