Məhkəmə qərarları › İş №2(104)-804/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-804/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-804/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evdən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X11, Cavabdeh nümayəndəsi (anası) X3 və üşüncü şəxs İddiaçı iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(042)-1171/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayonu, Miskinli kənd sakinləri X12, X16 və X9 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, Miskinli kənd sakini X13 özünə aid olan 1999.36 kv/m həyətyanı torpaq sahəsini 20 avqust 2000-ci il tarixdə Miskinli kənd sakini İddiaçı satmışdır.

2. Gədəbəy rayon İHB-nın Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli, 138 saylı arayışın surətindən görünür ki, X6 adına 05 saylı təsərrüfatbaşına kitabın 71-ci səhifəsinə əsasən, 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2004-cü il tarixdə şəxsi vəsaiti hesabına tikilmiş fərdi yaşayış evi və talvar qeyd edilmişdir.

3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********70-10301 reyestr nömrəli çıxarışdan görünür ki, İddiaçı adına Gədəbəy rayonu, Miskinli kəndində xüsusi mülkiyyəti hüququ ilə ümumi sahəsi 117.20 kv.m olan fərdi yaşayış evi və 0.1999 ha torpaq sahəsi verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə, inventar nömrəsi 505-24-885 olan Texniki pasport tərtib edilmişdir.

4. Gədəbəy rayon İcra Hakimiyyəti işçiləri tərəfindən tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli müayinə aktlarının surətlərindən görünür ki, X11 anası Tamam Nağıyevaya məxsus fərdi yaşayış evində, Cavabdeh isə qaynı İddiaçı məxsus fərdi yaşayış evində yaşayır.

5. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-428/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X11 ilə Cavabdeh arasında 30 yanvar 2013-cü il tarixdə Gədəbəy rayonu, Miskinli kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 26 noyabr 2015-ci il təvəllüdlü X14 və 08 avqust 2010-cu il təvəllüdlü X15 anaları Cavabdeh yanında saxlanılması, 17 avqust 2022ci il tarixdən başlayaraq, 26 noyabr 2015-ci il təvəllüdlü X14 və 08 avqust 2010-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat məbləğində aliment iddiaçı X4 alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən, ümumi sahəsi 117.20 kv.m olan fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh qardaşı X1 həyat yoldaşıdır. X24 2009-cu ildə Cavabdeh ilə qeyri-rəsmi ailə qurub evlənmiş, rəsmi nikaha sonradan daxil olmuşlar. Cavabdeh qardaşı ilə evləndikdən sonra Miskinli kəndində yerləşən ata evlərinə gəlin köçmüşdür. X2 və X18 adında iki övladı olmuşdur. Təxminən, bir ilə yaxın Cavabdeh gəlin köçdüyü evdə yaşamışdır. Sonradan bacılarının uşaqları ata yurduna gəlib-getdikcə Cavabdeh buna narazılıq etmiş, qardaşının ailəsinin dağılmaması üçün müvəqqəti olaraq onların ona məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən öz evində yaşamalarına razılıq vermişdir. O, həmin evin yerləşdiyi torpaq sahəsini faktiki olaraq 20 avqust 2000-ci ildə Miskinli kənd sakini X5 almışdır. Bunu iddia ərizəsinə əlavə etdiyi kənd sakinləri tərəfindən verilmiş notarial ərizə ilə təsdiq edir. Yəni 2000-ci ildən sözügedən torpaq sahəsinə sahibliyi və nəzarəti o həyata keçirmişdir. İmkanı olmadığından torpaq sahəsini vaxtında adına sənədələşdirmə bilməmişdir. 2004-cü ildə o həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsinin sənədi İlham Abdullayevin adına olduğu üçün ev də onun adına qeyd edilmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə evi və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adına qeydə aldırmışdır və bu barədə ona DƏDRX tərəfindən **********570-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. X24 təxminən 2 ay olar ki, Cavabdeh ayrılmışdır. Onların məhkəmədə boşanma işi olmuş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X11 və Cavabdeh arasında olan nikah pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. Buna baxmayaraq hal-hazırda Cavabdeh uşaqları ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan evdən qanunsuz olaraq çıxmır. Belə ki, onun həmin evdən heç bir istifadə hüququ yaranmamışdır. O, sadəcə qardaşının ailəsinin dağılmamasına görə evində onlara müvəqqəti olaraq yaşamaq icazəsi vermişdir. Hazırda isə Cavabdeh qardaşı ilə ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdeh onun evindən çıxmır. Cavabdeh vaxtilə onların ata evlərinə gəlin köçmüşdür. Onun sığınacaq hüququnun təmin edilməsi üçün ata yurdları olan, hazırda anası Tamam Nağıyevaya məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən kürsülü olmaqla birmərtəbəli, iki otaq və 1 şüşəbənddən ibarət fərdi yaşayış evində yaşamasına etiraz etmirlər. X24 də hal-hazırda anasına məxsus həmin evdə yaşayır. Bu barədə Gədəbəy RİH əməkdaşları tərəfindən tərtib edilmiş müayinə aktını ərizəsinə əlavə etmişdir. Ona görə də, ona məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını istəyir.

8. Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(042)-1171/2022 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbinin təmin edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********70- 10301 reyestr nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Gədəbəy rayonu, Miskinli kəndində yerləşən ümumi sahəsi 117.20 kv.m olan fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə çıxarılmaları, Cavabdeh 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(042)-1171/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən heç bir mötəbər sübuta əsaslanmamış, iş materiallarında iddiaçının iddia tələbi sübut olunmasa da məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki, cavabdehlə nikahları pozulduqdan sonra onlara məxsus evi saxta yollarla xx.xx.2022-ci ildə İddiaçı adına çıxarış alınmışdır. Onun cehiz əşyaları həmin evə aparılmış və hal-hazırda həmin evdədir, özü də həmin evdə yaşayır. Miskinli kənd tam orta məktəbində müəllimə işləyir. İddiaçı isə onun yaşayış ünvanının ünvan 1ıyevə məxsus olması barədə elçilik vaxtı ona məlum olmuşdur, O, həmin evdə yaşayır. İddiaçı heç bir kompensasiya təklif etmədən, onlara yaşamağa ev alınmasını təşkil etmədən haqsız olaraq iddia qaldırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, qızı həmin evdə yaşamış, hazırda nikahları pozulmuşdur. Həmin evə xx.xx.2022-ci ildə İddiaçı adına çıxarış alınmışdır. Cavabdehin cehiz əşyaları hal-hazırda həmin evdədir, özü də həmin evdə yaşayır. Miskinli kənd tam orta məktəbində müəllimə işləyir. Sözügedən fərdi yaşayış evinin Natiq Nağıyevə məxsus olması barədə elçilik vaxtı onlara məlum olmuşdur, Yəni həmin ev nikahdan əvvəl mövcud olmuşdur. Onlar evi təmir etmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, Cavabdeh qardaşı X1 həyat yoldaşıdır. X24 2009-cu ildə Cavabdeh ilə qeyri-rəsmi ailə qurub evlənmiş, rəsmi nikaha sonradan daxil olmuşlar. Cavabdeh qardaşı ilə evləndikdən sonra Miskinli kəndində yerləşən ata evlərinə gəlin köçmüşdür. Onların Ayan və Ayhan adında iki uşağı olmuşdur. Təxminən, bir ilə yaxın Rüşanə gəlin köçdüyü ata evində yaşamışdır. Sonradan bacılarının uşaqları ata yurduna gəlib-getdikcə Cavabdeh buna narazılıq etmiş, qardaşının ailəsinin dağılmaması üçün müvəqqəti olaraq onların ona məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən öz evində yaşamalarına razılıq vermişdir. O, həmin evin yerləşdiyi torpaq sahəsini faktiki olaraq 20 avqust 2000-ci ildə Miskinli kənd sakini X5 almışdır. 2000-ci ildən sözügedən torpaq sahəsinə sahibliyi və nəzarəti o həyata keçirmişdir. İmkanı olmadığından torpaq sahəsini vaxtında adına sənədələşdirmə bilməmişdir. 2004-cü ildə o həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsinin sənədi İlham Abdullayevin adına olduğu üçün ev də onun adına qeyd edilmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə evi və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adına qeydə aldırmış və çıxarış almışdır. Onların nikahı pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. Buna baxmayaraq hal-hazırda Cavabdeh uşaqları ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan evdən çıxmır. Cavabdeh vaxtilə onların ata evlərinə gəlin köçmüşdür. Cavabdehin ata yurdları olan, hazırda anası Tamam Nağıyevaya məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən kürsülü olmaqla birmərtəbəli, iki otaq və 1 şüşəbənddən ibarət fərdi yaşayış evində yaşamasına etiraz etmirlər. X24 də hal-hazırda anasına məxsus həmin evdə yaşayır. Ona görə də, ona məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını istəyir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, 2009-cu ildə Rüşanə ilə qeyri-rəsmi ailə qurub evlənmiş, rəsmi nikaha sonradan daxil olmuşlar. Cavabdeh Miskinli kəndində yerləşən ata evlərinə gəlin köçmüşdür. Onların Ayan və Ayhan adında iki uşağı olmuşdur. Təxminən, bir ilə yaxın Rüşanə gəlin köçdüyü ata evində yaşamış, bacılarının uşaqları ata yurduna gəlib-getdikcə Cavabdeh buna narazılıq etmiş, ailəsinin dağılmaması üçün müvəqqəti olaraq qardaşı Ramizə məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən evinə köçmüşlər.Onların nikahı pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. Buna baxmayaraq Rüşanə uşaqları ilə birlikdə qardaşının evindən çıxmır. Cavabdehin ata yurdları olan, hazırda anası Tamam Nağıyevaya məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən kürsülü olmaqla birmərtəbəli, iki otaq və 1 şüşəbənddən ibarət fərdi yaşayış evində yaşamasına etiraz etmirlər. O, özü də anasına məxsus evdə yaşayır. Onlar birgə nikah dövründə mübahisəli evi almamışlar. Onun ev almağa imkanı olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

17. «İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikasnın MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ - mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

33. Göründüyü kimi, işin müəyyən olunmuş hallarına görə, iddiaçının qardaşı X11 və Cavabdeh 2009-cu ildə qeyri-rəsmi ailə qurmuşlar, Cavabdeh evləndikdən sonra Miskinli kəndində yerləşən iddiaçının ata evinə gəlin köçmüşdür. Onların Ayan və Ayhan adında iki uşağı olmuşdur. Onlar nikahlarını 30 yanvar 2013-cü il tarixdə Gədəbəy rayonu, Miskinli kənd İƏD üzrə nümayəndəlikdə rəsmiləşdirmişlər. Daha sonra aralarında olan narazılığa görə ayrılmışlar və nikahları Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 428/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda cavabdehin uşaqları ilə birlikdə yaşadıqları mübahisəli fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********70-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh hazırda iddiaçıya məxsus həmin evdə yaşayır və evdən çıxmır. Bu hal iddiaçının xüsusi mülkiyyətində olan əmlakdan dinc istifadəsinə maneə yaradır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin fərdi yaşayış evindən istifadə hüququnun olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də, üçüncü şəxs X11 ilə ailə qurduqdan və aralarında olan nikah pozulduqdan sonra həmin mübahisəli fərdi yaşayış evində yaşamalarına baxmayaraq, mübahisəli fərdi yaşayış evinin X8 heç bir aidiyyəti olmamış, ev xüsusi mülkiyyət hüququ əsasında hazırkı iş üzrə İddiaçı məxsusdur. Bununla belə, kollegiyanın araşdırması zamanı qətnamənin ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir.

34. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

35. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassızdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(042)-1171/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar