Məhkəmə qərarları › İş №2(104)-809/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-809/2025

09.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-809/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-604/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-604/2024 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Gədəbəy şəhərində yerləşən 0.0499 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi, 195 manat məhkəmə xərcinin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-604/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək ona məxsus Gədəbəy şəhərində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi, eləcə də ödənilmiş 100 manat rüsumun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Gədəbəy şəhəri ərazisində torpaq sahəsi vardır. O, həmin torpağı qanuni əsaslarla almışdır. Onun 2023-cü ildən adına DƏDRX-də çıxarışı vardır. Həmin torpaq sahəsini cavabdeh qanunsuz olaraq zəbt edib istifadə edir. Hal-hazırda cavabdeh ona məxsus torpaq sahəsini zəbtdən azad etmir və ona təhvil vermir. O, həmin torpaq sahəsinə rüsum ödəmiş və ölçüb ona təhvil vermişlər. Hətta DƏDRX-dən ona rəsmi məktub və akt göndərilib. Ancaq buna baxmayaraq cavabdeh ona məxsus torpaq sahəsindən çıxmır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, hazırda onun istifadəsində və sahibliyində 0.24 ha torpaq sahəsi vardır. 2006-cı ildən etibarən həmin torpaq sahəsini istifadə edir və əkib-becərir. Bu illər ərzində ona həmin torpaq sahəsindən istifadə etməyinə nə iddiaçı, nə də heç kim etiraz etməmişdir. O, hazırda istifadəsində olan torpaq sahəsinə uzun illər etirazsız sahiblik edir və torpaq sahəsinə faktiki mülkiyyətçi hüquqlarını həyata keçirir. Əgər həmin torpaq sahəsi iddiaçıya məxsus idisə, nə üçün 2006-cı ildən indiyədək buna öz etirazını bildimirdi. Bu da onu göstərir ki, həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçıya verilmiş torpaq sahəsinin hansı torpaq sahəsi olması, onu hansı yollarla əldə etməsini bilmir. O, iddiaçıya verilmiş torpaq sahəsinin heç bir hissəsini tutmamışdır. İddiaçı ona qarşı əsassız olaraq iddia qaldırmışdır. Onun iddiaçıya məxsus torpaq sahəsini qanunsuz olaraq tutmağı heç cür sübuta yetirilmir. Hesab edir ki, məhkəmə iş üzrə tələsik qərar qəbul etmiş və əsassız olaraq onun iddiaçıya məxsus torpaq sahəsini tutmağı qənaətinə gəlmişdir. Məhkəmə qətnamə çıxararkən sübut kimi mütəxəssis tərəfindən verilmiş rəyi əsas götürmüşdür. Lakin mütəxəssis ölçmə işlərini düzgün aparmamış, həmin vaxt mütəxəssisin ölçmə cihazı olmamışdır. Yalnız iddiaçının göstərdiyi nöqtələrə ağac budaqları basdırılırdı. O, ölçmə işlərinin düzgün aparılmadığını bildirərək etiraz etdiyi üçün mütəxəssis ölçmə işini yarımçıq qoyaraq ərazini tərk etdi. Ona görə də o, həmin rəydə qeyd edilənlərlə razılaşmır. Məhkəmə mübahisəli torpaq sahəsinin kimə məxsus olmasını, həmin torpaq sahəsinin kim tərəfindən tutulmasını aydınlaşdırmaq üçün xüsusi biliyə malik olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksertlərini işə cəlb etməmiş və iş üzrə məhkəmə yerquruluşu ekspertizası təyin etməmişdir. Ona görə də hesab edir ki, onun iddiaçıya məxsus torpaq sahəsini tutumağı qeyd edilən mülki iş materialları ilə sübuta yetirilmir. İş üzrə əlavə araşdırmalar aparılmalı, müvafiq ekspertiza təyin edilməli və ondan sonra iş üzrə yekun qərar qəbul edilməlidir. Gədəbəy Rayon Məhkəməsi hazırki iddia üzrə mülki işə baxarkən yuxarıda qeyd etdiyi hallara düzgün qiymət verməmiş, bununla da iddianı təmin etməklə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahat: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs DƏDKR 11 saylı Şəmkir ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respubilkası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gədəbəy şəhərində yerləşən 0.0499 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan ƏMDX-nin DƏDKR X1 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəsissləri tərəfindən verilmiş Rəydən görünür ki, Gədəbəy şəhərində yerləşən İddiaçı mülkiyyətində olan 0.0499 ha torpaq sahəsi bütünlkükdə Cavabdeh tərəfindən istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4857 saylı ekspert rəyindən görünür ki, ƏMDX-nin DƏDKR X1 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınma əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixə qeydiyyata alınmış ********** nömrəli çıxarış əsasında Gədəbəy şəhərində yerləşən İddiaçı mülkiyyətində olan 0.0499 ha torpaq sahəsi bütünlükdə Cavabdeh tərəfindən istifadə olunur. Ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir. Məkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli Dövlət reyestrindən çıxarışa əsasən Gədəbəy şəhərində yerləşən 0.0499 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı ona məxsus Gədəbəy şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini qeyd edərək məhkməyə hazırkı iddia ərizəsi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib edilməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin etmiş, keçirilmiş ekspertizanın rəyi ilə cavabdeh tərəfindən iddiaçıya aid torpaq sahəsinin bütünlüklə istifadə edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçın mülkiyyətində olan Gədəbəy şəhərində yerləşən 0.0499 ha həyətyanı torpaq sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. Orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bütünlüklə zəbt edildiyi işin mübahisəsiz halıdır, cavabdehin özü də demək olar ki, həmin xüsusatı mübahisələndirmir. Cavabdehin şikayətinin dəlillərindən, həmçinin iş materiallarından göründüyü kimi onun həmin torpaq sahəsindən istifadə etməsinin hər hansı qanuni əsası yoxdur və öz hərəkətini (torpaq sahəsindən istifadəsini) həmin torpaq sahəsindən uzun müddət etirazsız istifadə etməsi ilə əsaslandırır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yuxarıda istinad olunan qanunvericilik normalarından da göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. İşin hallarından göründüyü kimi cavabdehin mübahisəli ünvandakı torpaq sahəsindən istifadə etməsinin hüquqi əsası yoxdur. Odur ki, kollegiya hesab edir ki, məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçıya verilmiş torpaq sahəsinin hansı torpaq sahəsi olması, onu hansı yollarla əldə etməsini bilmir. O, iddiaçıya verilmiş torpaq sahəsinin heç bir hissəsini tutmamışdır. Kollegiya qeyd edir ki, şikayətin iddiaçıya məxsus torpaq sahəsinin heç bir hissəsini tutmamasına dair dəlili iş materiallarında olan məhkəmə ekspertizasının rəyi ilə təkzib olunur. Belə ki, ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən tam şəkildə istifadə etməsi təsdiq olunur. Şikayətin iddiaçının həmin torpaq sahəsini hansı yolla əldə etməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin həmin dəlili də əsassızdır. Ona görə ki, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yenidən ekspertizanın təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və cavabdehləri yuxarıda göstərilən qaydada iddiaçının torpağının zəbt edilməsi müəyyən olunmuşdur. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini iddiaçının formal mülahizəsi kimi qiymətləndirir və hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-604/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar