Məhkəmə qərarları › İş №2(104)-81/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-81/2023

06.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-81/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(013)-113/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Ağdam rayonunun Zəngişalı kəndində yerləşən 0,012 ha torpaq sahəsinin 0,006 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqların Dövlət Qeydiyyatının Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağdam rayonu Zəngişalı kəndi ərazisində yerləşən 0,012 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Əvvəllər həmin torpaq sahəsindən yuyucu kimi istifadə etsə də hazırda istifadə etmir. Hazırda həmin torpaq sahəsinin təqribən yarısı-0,006 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh dəfələrlə zəbt etdiyi torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək torpağını boşaltmasını tələb etsə də cavabdeh onun haqlı və qanuni tələblərinə əməl etməkdən imtina etmişdir. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, Cavabdeh iddiaçıya məxsus Ağdam rayonu Zəngişalı kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin 0,006 ha hissəsindən çıxarılmasına dair qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin həcminin azldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən 120 kv.m torpaq sahəsinin 36 kv.m hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(013)-113/2021 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Ağdam rayonunun Zəngişalı kəndində yerləşən 120 kv.metr torpaq sahəsinin 36 kv.metr hissəsindən Cavabdeh çıxarılması və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 501 (beş yüz bir) manatın Cavabdeh tutularaq "xxxx" ASC-nin Xətai fılialında olan Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2012-ci il, seriya MA 0334342, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Zəngişalı kəndində yerləşən 0,012 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. JN-181A KOD 60909038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Ağdam rayonu Zəngişanlı kəndində 0.08 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli 110 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Ağdam rayonu Zəngişalı kəndində yerləşən 120 kv.metr torpaq sahəsinin 36 kv.metr hissəsini Cavabdeh istifadə edir, 25 kv.metrdən su arxı keçir, qalan 49 kv.metr hissəsini İddiaçı istifadə edir. İddiaçı mülkiyyətində olan Ağdam rayonu Zəngişalı kəndində yerləşən 0,012 ha torpaq sahəsində tikili inşa edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri prblik hüquqi şəxsin 07 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/6005 saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan, MA seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarışda və həmin "Çıxarışa" dair AA seriyalı, 016382 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəddə qeyd olunan, Ağdam rayonunun Zəngişanlı kəndində yerləşən 0,012 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan, JN-181A KOD 60909038 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə qeyd olunan, Ağdam rayonu Zəngişanlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. İddiaçı mülkiyyətində olan, MA seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarışda və həmin "Çıxarışa" dair AA seriyalı, 016382 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəddə qeyd olunan, Ağdam rayonunun Zəngişanlı kəndində yerləşən 0,012 ha torpaq sahəsinin 44 kv.m hissəsindən Cavabdeh istifadə edir və istifadə edilən 44 kv,m torpaq sahəsinin üzərində heç bir tikili inşa edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ağdam Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(013)-113/2021 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(013)-113/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və apellyasiya şikayətini təmin edən ədalətli məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə tamamilə əsassız və ədalətsiz məhkəmə qətnaməsidir və bilavasitə iddiaçının maraq və mənafelərinə uyğun olaraq qəbul edilmişdir. Eyni zamanda həmin qətnamə üzrə onun qanunla qorunan və müdafiə edilən maddi və prosessual hüquqları çox ciddi şəkildə pozulmuş, qanunun ədalət prinsipinə riayət edilməmiş və işin faktiki hallarına hakim qətiyyən əhəmiyyət verməmişdir. Azərbaycan Respublikasının DTXK-nin Dövlət Yerquruluşu Layihə İnstitutunun Ağdam rayon şöbəsi tərəfindən cavabdehin adına 03 mart 2003-cü il tarixdə rəsmi şəkildə təsdiqlənmiş 0,08 ha torpaq sahəsinin öz istifadəsinə verilməsinə dair JN-181 A KOD 60909038 nömrəli şəhadətnaməsi də mövcuddur, o da hüquqmüəyyənedici sənəd hesab olunur. Çox əfsuslar olsun ki, məhkəmə bu əsas sənədi də nəzərə almamışdır. Halbuki, iddiaçı 2012-ci ildə həmin Zəngişalı kəndində yerləşən 0,012 ha torpaq sahəsinə aid çıxarış əldə etmiş və əksinə o şəhadətnamə əsasında ona məxsus torpaq sahəsinin 36 kv.m sahəsini özbaşına olaraq zəbt etmişdir. Ona görə də hesab edir ki, hakim araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri prblik hüquqi şəxsin 07 iyul 2023-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/6005 saylı ekspert rəyi ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız hesab edilərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri prblik hüquqi şəxsin 07 iyul 2023-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/6005 saylı ekspert rəyi ilə razılaşır. Lakin, cavabdehin ona məxsus torpaq sahəsinin 44 kv.m hissəsindən çıxarılması ilə bağlı iddia tələbinin həcmini artırmaq niyyəti yoxdur. Cavabdehin ona məxsus torpaq sahəsinin 36 kv.m hissəsindən çıxarması onu qane edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(013)-113/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2012-ci il, seriya MA 0334342, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağdam rayonunun Zəngişalı kəndində yerləşən 0,012 ha torpaq sahəsi İddiaçı, JN-181A KOD 60909038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən isə Ağdam rayonu Zəngişanlı kəndində 0.08 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Cavabdehin şikayətinin dəlilinə əsasən məhkəmə kollegiyası tərəfindən iş üzrə müvafiq mütəxəssis rəyi alınmaqla ekspertiza keçirilmiş və iddiaçıya məxsus 0,012 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin koordinatlarının ilə üst-üstə düşməməsi və iddiaçıya məxsus 0,012 ha torpaq sahəsinin 44 kv.m hissəsindən Cavabdeh istifadə etməsi və istifadə edilən 44 kv,m torpaq sahəsinin üzərində heç bir tikili inşa edilmədiyi müəyyən edilmişdir. Cavabdeh iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə razılaşmasa da bunun əsaslarını izah edə bilməmişdir. İddiaçı isə cavabdehin ona məxsus torpaq sahəsinin 44 kv.m hissəsindən çıxarılması ilə bağlı iddia tələbinin həcmini artırmaq niyyətinin olmadığını və cavabdehin ona məxsus torpaq sahəsinin 36 kv.m hissəsindən çıxarmasını tələb etmişdir ki, bununla da iddiaçıya məxsus 36 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması sübut olunmuşdur. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, yuxarında göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Ağdam Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(013)-113/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(013)-113/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat, Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar