Məhkəmə qərarları › İş №2(104)-810/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-810/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-810/2023 27.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh X1rşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(042)-900/2017 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 cavabdeh X1rşı qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən X3 adına olan fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsinə dair tərəflər arasında 22 iyul 1996-cı il tarixdə sadə razılaşma qaydasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(042)-900/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X3 Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini 22 iyul 1996-cı ildə İddiaçı1 10000 rubla satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(042)-900/2017 nömrəli qərardadı ilə İddiaçı1 cavabdeh X1rşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(042)-900/2017 nömrəli qətnaməsindən Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verməsi mümkün hesab edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı1 şikayət verərək, qərardadın ləğv edilməsi və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümükün hesab olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(042)-900/2017 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Kollegiya hesab edir ki, İddiaçı1 cavabdeh X1rşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(042)-900/2017 nömrəli qətnaməsi Maraqlı şəxs maraqlarına toxunmur. Belə ki, qanunvericilik qətnamədən apellyasiya şikayəti vermək hüququna malik olan subyektlərin dairəsini yalnız işdə iştirak edən şəxslərlə məhdudlaşdırmır. Prosessual hüquqi statusuna görə işdə iştirak edən şəxs hesab olunmayan bu şəxslər qətnamədən apellyasiya şikayəti vermək hüququna yalnız həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduqda malik olurlar. Qanunvericilikdə göstərilən şəxslərin apellyasiya şikayəti vermək hüququnun yaranması üçün iki şərt məcmu halında mövcud olmalıdır: a) həmin şəxslər işdə iştirak etməyə cəlb edilməli olduğu halda onların işə cəlb olunmaması; b) qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunulması. Qanunun mənasına görə işdə iştirak etməyə cəlb edilməli olduğu halda işə cəlb edilməyən şəxsin, əgər qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmursa qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli 2(041)- 1177/2014 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 01 iyun 2009-cu il tarixli A 116862 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin qismən, yəni Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən İddiaçı1 istifadəsində olan və hasara alınmış torpaq sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2015ci il tarixli 2(104)-1418/2015 nömrəli qətnaməsi ilə şikayət təmin edilməyərək, Gədəbəy Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli 2(041)-1177/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2015-ci il tarixli 2(104)-1418/2015 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı1 adına Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən fərdi yaşayış evinin və 0,25 ha torpaq sahəsinin texniki göstəriciləri fərdi yaşayış evinə dair texniki pasportunun təsdiq edilmiş surətində əks olunmuş, eləcədə təsərrüfat başına kitabda onun adına 1954-cü ildə tikilmiş yaşayış evi, hamam və 0,25 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2016-cı il tarixli 2(102)-369/2016 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2015-ci il tarixli 2(104)-1418/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, X3 sahibliyində və istifadəsində olan Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin 22 iyul 1996-cı ildə İddiaçı1 10000 rubla satılması barədə alqı-satqı müqaviləsi məhkəmə qətnaməsi əsasında bağlanmış hesab edildikdən sonra həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi təsərrüfatbaşına kitabda İddiaçı1 adına qeyd olunmuşdur. 0,25 ha torpaq sahsinə dair sonradan İddiaçı1 ilə X4 arasında mübahisə yarandığından Gədəbəy Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli 2(041)- 1177/2014 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 01 iyun 2009-cu il tarixli A 116862 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin qismən, yəni Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən İddiaçı1 istifadəsində olan və hasara alınmış torpaq sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilmişdir. Buna baxmayaraq Maraqlı şəxs İddiaçı1 istifadəsində və sahibliyində olan 0,25 ha torpaqsahəsinin ona məxsus olmasını, cavabdeh X3 Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini 22 iyul 1996-cı ildə İddiaçı1 10000 rubla satılması ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(042)-900/2017 nömrəli qətnaməsi onun hüquq və maraqlarına toxunmasını əsas gətirərək həmin qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsidə hesab edmişdir ki, qeyd olunan qətnamə sonuncunun hüquq və maraqlarına toxunduğundan vermiş olduğu apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Halbu ki, bundan əvvəldə qeyd olunduğu kimi Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi əvvəllər X3 mülkiyyətində olmuş, 22 iyul 1996-cı il tarixdə isə həmin torpağı və onun üzərində yerləşən fərdi yaşayı evini İddiaçı1 satmışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(042)-900/2017 nömrəli qətnaməsi Maraqlı şəxs hüquq və maraqlarına toxunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.3 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(042)-900/2017 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 30 yanvar 2023-cü il tarixli 2(042)- 900/2017 qərardadi isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(042)-900/2017 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 30 yanvar 2023-cü il tarixli 2(042)- 900/2017 nomrəli qərardadi isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar