Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-810/2025 14.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(062)-774/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pay torpaq sahəsindən istifadə hüquqlarının bərpa edilməsi və əldə edilmiş bəhərdən pay” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(062)-774/2025 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pay torpaq sahəsindən istifadə hüquqlarının bərpa edilməsi və əldə edilmiş bəhərdən pay” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması; Ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən ərizəsinə sənədlərin iş materiallarına əlavə edilməsi üçün sorğu verilməsi, habelə, cavabdehlər barədə məlumatın əldə edilməsi üçün vəsatət əlavə edilmişdir. Lakin, məhkəmə bunları nəzərə almamış və iddia ərizəsini geri qaytarmışdır. Tovuz Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2(062)-774/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pay torpaq sahəsindən istifadə hüquqlarının bərpa edilməsi və əldə edilmiş bəhərdən pay” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş, iddia tələbinin əsaslandırıldığı sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda iddianın icraata qəbul edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi, qanunverici işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin iddia ərizəsində göstərməli olduğunu imperativ qaydada müəyyən etmişdir və iddia ərizəsinin tərtibi zamanı bu qaydaya riayət edilməsi mütləqdir. MPM-nin iddia ərizəsinin qaytarılmasının prosessual hüquqi əsaslarını müəyyən edən 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı işdəki iddia ərizəsinə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı mülki prosessual qanunvericiliyin bu tələbinə riayət etməmişdir. Belə ki, iddia ərizəsində cavabdehlərin eyniləşdirmə (fin) məlumatları göstərilməmiş, o cümlədən nə iddia tələbinin əsaslandırıldığı sənədlər iddia ərizəsinə əlavə edilmiş, nə də ki, ümumiyyətlə bu sənədlərin siyahısı iddia ərizəsində göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu formada tərtib edilmiş iddia ərizəsi MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə istinadən şikayətin dəlilləri əsassız sayılmışdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 149, 152, 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2(062)-774/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-810/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-810/2025
14.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver