Məhkəmə qərarları › İş №2(104)-811/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-811/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-811/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 Sadıq qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evdən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadıq qızının iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(062)-2590/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadıq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarışdan görünür ki, Tovuz şəhəri, X2 küçəsi, ev 35 ünvanındakı 0.0161 ha torpaq sahəsi və 59.6 kv.metr sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarışdan görünür ki, Tovuz şəhəri, X2 küçəsi, ev 35 ünvanda yerləşən 75.8 kv.metr mənzil 1 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 Sadıq qızına məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadıq qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********34-10301 reyestr nömrəli çıxarışa əsasən onun adına dövlət qeydiyyatına alınmış ümumi sahəsi 59.6 kv.metr olan fərdi yaşayış evindən çıxarılmaları və cavabdehlərin həmin əmlaka qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59.6 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0161 ha torpaq sahəsi hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********34-10301 reyestr nömrəli çıxarışa əsasən onun adına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda həmin ünvanda yerləşən mənzil 1 Cavabdeh2 Sadıq qızının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər özlərinə məxsus mənzili istifadə etməklə yanaşı ona məxsus əmlakı da qanunsuz olaraq zəbt etmişlər və istifadə edirlər. Ona həmin əmlakdan istifadə etməyə imkan vermirlər. Bu səbəbdən məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(062)-2590/2022 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadıq qızı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59.6 kv.metr olan fərdi yaşayış evindən çıxarılması, cavabdehlərin həmin əmlaka qanunsuz müdaxiləsinə son qoyulması, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü və 152.5-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadıq qızı apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(062)-2590/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ya icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, sözügedən evdə qeydiyyatda olmaqla orada yaşayırlar. Alqı-satqı müqaviləsini rəsmiləşdirməsələr də 12000 manata evi satın almışlar. Həmçinin həmin evə müəyyən xərclər də çəkmişlər. Məhkəmə işin bu hallarını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, evi 1992-ci ildə iddiaçıdan almışlar, lakin rəsmi alqı-satqı müqaviləsi bağlamamışlar. Təqdim etdikləri çıxarışdan da göründüyü kimi mənzil cavabdeh X1 adına qeydə alınmışdır. İddiaçıya evə görə 12000 manat pul da ödəmişlər. Bu barədə sənədləri yoxdur.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Sadıq qızı apellyasiya şikayətini məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

12. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o məhkəmə kollegiyasının iclasına gəlməmiş, teleqram ünvanlayaraq izahatının təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

13. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 18 Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.

28. Belə ki, işin müəyyən olunmuş hallarına görə, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59.6 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0161 ha torpaq sahəsi hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********34-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı oglunun adına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda həmin ünvanda yerləşən mənzil 1 Cavabdeh2 Sadıq qızının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər özlərinə məxsus mənzili istifadə etməklə yanaşı iddiaşıya məxsus əmlakı da qanunsuz olaraq zəbt etmişlər və istifadə edirlər. Cavabdehlər, iddiaçiya həmin əmlakdan istifadə etməyə imkan vermirlər. Yəni iddiaçının əmlakina öz istədiyi kimi sahib olmaq, ondan dinc istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırırlar.

29. Cavabdehlər apellyasiya şikayətinin dəlillərində həmin evi aldıqlarını və uzun illərdir ki, istifadə etdiklərini göstərmiş, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** nömrəli onların mənzilinə aid hissəyə çıxarış təqdim etmişlər. Apellyasiya şikayətinin dəlili və təqdim edilmiş çıxarışla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin çıxarış mübahisəli evə aid deyildir. İddiaçının tələbi İddiaçı oglunun çıxarışa əsasən onun adına dövlət qeydiyyatına alınmış mənzillə bağlıdır. Cavabdehlər Tovuz şəhəri, X2 küçəsi, ev 35 ünvanındakı 0.0161 ha torpaq sahəsi və 59.6 kv.metr sahədən ibarət fərdi yaşayış evindən istifadə edirlər. Həmin mübahisəli mənzil iddiaçıya məxsusdur, cavabdehlərə məxsus deyildir. Bu işin mübahisəsiz halıdır. Bununla belə, kollegiyanın araşdırması zamanı qətnamənin ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir.

30. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassızdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(062)-2590/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar