Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-817/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi olan oğlu X3, cavabdeh Gəncə "xxxx" MMC-nin direktoru Nümayəndə2 və cavabdehin nümayəndəsi və Vəkil iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahib olduğu obyektin istifadəsində olan torpaq sahəsinin zəbtindən azad edilməsi və orada inşa edilmiş qanunsuz tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim X.Səfərli) iddia təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəşisməsində "Xaraba yeri" adlanan ərazidə yerləşən obyekti o, 1995-ci ildə notariat kontoru vasitəsi ilə alqı-satqı müqaviləsi əsasında almış, lakin əmlakı onun adına qeydiyyata alınmamışdır. Əmlak hazırda "xxxx"nin istifadəsində olan torpağın bir hissəsidir ki, bu da, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınmasına maneədir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, həmin mübahisəli torpaq sahəsində mağaza olmuş, həmin mağaza 2016-cı ildə sökülmüş və bununla bağlı ona kompensasiya verilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi olan oğlu X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Gəncə "xxxx" MMC-nin direktoru Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Gəncə "xxxx" MMC 2018-ci ildən fəaliyyətə başlamışdır. Həmin mübahisəli torpaq sahəsi də daxil olmaqla, cəmi 20.5 ha torpaq sahəsi 49 il müddətinə sahibkarlıq məqsədi ilə Gəncə "xxxx" MMC-nin icarəsinə verilmişdir. Torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinat xarakterlidir ki, həmin torpaq sahəsində əmlak kompleksi tikilmiş və hazırda fəaliyyət göstərir. Həmin torpaq sahəsində olan əmlak kompleksi isə ASC “Xalq” Bankın ipotekasındadır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Gəncə "xxxx" MMC-nin nümayəndəsi (vəkil) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisə olunan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, 49 il müddətinə Gəncə "xxxx" MMC-nin icarəsinə verilmiş və orada əmlak kompleksi tikilmişdir. Mübahisə edilən torpaq sahəsi Gəncə "xxxx" MMC-nin icarəsində olan 20,5 ha torpağın daxilindədir.İddiaçının həmin torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş satıcı X7 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.1995-ci il tarixli müqavilədən görünür ki, X2 şəhəri, Xaraba yeri, mərkəz küçəsində 0.2 ha torpaq sahəsində yerləşən kooperativ mağazasını İddiaçı satmış və kooperativ mağazaya görə İddiaçı 900.000 manat almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********57 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində, "Xaraba yeri" adlanan ərazidə yerləşən əmlak kompleksinin arxiv materialları tərəflərindən araşdırılmış, naturada müayinə işləri aparılmışdır. Araşdırma zamanı sözügedən əmlak kompleksinin tərkib hissəsi olan ümumi sahəsi 44.0 kv.m olan "A” Literli, ümumi sahəsi 150.0 kv.m olan "B” Liter, ümumi sahəsi 10 kv.m olan "C” Literli və ümumi sahəsi 5.0 kv.m olan “Ç” Literli qeyri yaşayış binalarının hal-hazırda heç birinin mövcud olmadığı müəyyən edilmişdir. Əmlak kompleksinin yerləşdiyi 0.23095 hektar torpaq sahəsi dövlətin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktubundan görünür ki, Kirovabad şəhər XDS İK-nin 1988-ci il tarixli 82 saylı qərarı və Baş memarın xx.xx.1988-ci il tarixli Kirovabad şəhər planından çıxarışına əsasən “Xaraba yeri” adlanan ərazidə “Yoldaşlıq” kooperativinin yaradılması üçün 0.2 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarına və Gəncə şəhər İcariyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli 2 saylı qərarından çıxarışına əsasən “Yoldaşlıq” kooperativinə məxsus olan Kəpəz rayonu, X16 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsi, “Xaraba yeri” adlanan ərazidə yerləşən 0,2 ha torpaq sahəsi “Mino” kiçik müəssisəsinə satılmışdır. “Mino” kiçik müəssisəsi ilə “Əlixan” sahibkar mağazasının müdiri X9 arasında bağlanmış xx.xx.1991- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.2 ha torpaq sahəsində yerləşən tikintisi başa çatmamış “Reklam” mağazası “Əlixan” sahibkar mağazasına satılmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-437/08 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh DƏDRX-in Gəncə Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək cavabdeh təşkilatın iddiaçının Gəncə şəhəri “Xarabayeri” yaşayış massivinin mərkəz küçəsində inşa etdirdiyi 44,1 kv.m mağaza, 150,2 kv.m anbar, 9,8 kv.m gözətçi otağı, 8,8 kv.m çardaq, 6,0 kv.m hamam-tualet tikililərinin xüsusi mülkiyyət hüququ üzrə onun adına rəsmiləşdirilməsindən imtinası onun hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilmiş və həmin tikililərə dair “Əlixan” sahibkar dükanının adına mülkiyyət hüququnun qeydə alınması cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə tapşırılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-428/2011 saylı qətnaməsindən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iddia tələbi rədd edilərək iddiaçı X8 cavabdeh təşkilatın X8 Gəncə şəhəri “Xarabayeri” yaşayış massivinin mərkəz küçəsində inşa etdirdiyi44,1 kv.m mağaza, 150,2 kv.m anbar, 9,8 kv.m gözətçi otağı, 8,8 kv.m çardaq, 6,0 kv.m hamam-tualet tikililərinin xüsusi mülkiyyət hüququ üzrə onun adına rəsmiləşdirilməsindən imtinası onun hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilməsi və həmin tikililərə dair “Əlixan” sahibkar dükanının adına mülkiyyət hüququnun qeydə alınmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə tapşırılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(102)-2882/11 saylı qərarı ilə yuxarıda adı çəkilən Gəncə Apelyasiya Məhkəməsinin qərarından iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. “Əlixan” sahibkar dükanının adına xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-2-295 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak kompleksi X1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5563/2017 saylı qətnaməsinə əsasən, Gəncə şəhərinin Kəpəz rayonunun X16 küçəsi ilə Məmməd Xələfov küçəsinin kəsişməsində, “Xaraba yeri" adlanan ərazidə, 0,2 ha torpaq sahəsində inşa edilmiş 44.1 kv.m mağaza, 150,2 kv.m anbar, 9,8 kv.m gözətçi otağı, 8,8 kv.m çardaq, 6,0 kv.m hamamdan ibarət tikililərinin “Əlixan” sahibkar dükanının adına rəsmiləşdirilməsi barədə DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011 -ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, Gəncə şəhər 1 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-2-295 saylı alqı-satqı müqaviləsi, müqavilə əsasında əmlak kompleksi barədə X4 adına 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 17.01,2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X8 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5563/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-5309/2018 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 17.01,2018-ci il tarixli, 2(104)-575/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı iddiası üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5563/2017 saylı icra vərəqəsi və qətnaməsi tərəflərindən icra edilmişdir. Gəncə İnzibatı Məhkəməsinin xx.xx.2021-ci il tarixli qəraraından görünür ki, İddiaçı iddiası üzrə onun obyektinin sökülməsinə görə, Gəncə şəhər Kəpəz RİH-dən 160.000 manat pul tutularaq İddiaçı verilməsi qərara alınmış, həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş: ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh icarəsində olan Zərifə Əliyeva prospekti 281 (Gəncə şəhəri Kəpəz rayonu, V.Xuluflu küçəsi) ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 20.5 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifada etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 706.1-ci maddəsinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Məhkəmə kollegiyasında müəyyən edildi ki, satıcı X7 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.1995-ci il tarixli müqavilə ilə, X2 şəhəri, Xaraba yeri, mərkəz küçəsində 0.2 ha torpaq sahəsində yerləşən kooperativ mağazasını İddiaçı satmış və kooperativ mağazaya görə İddiaçı 900.000 manat almışdır. Həmin tikili Gəncə şəhər Kəpəz RİH-dən əvəzi ödənilmədən sökülmüş və həmin hərəkətlərinə görə, Gəncə İnzibatı Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, Gəncə şəhər Kəpəz RİH-dən 160.000 manat pul tutularaq İddiaçı verilməsi qərara alınmış, həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda sahib olduğu həmin obyektin istifadəsində olan torpaq sahəsinin zəbtindən azad edilməsi və orada inşa edilmiş qanunsuz tikililərin sökülməsini xahiş etmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, həmin torpaq sahəsi dövlətin mülkiyyətindədir. Belə ki, həmin hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********57 nömrəli məktubu ilə təsdiq edilir. Digər tərəfdən, müəyyən edilir ki, mübahisəli torpaq sahəsi də daxil olmaqla, cəmi 20.5 ha torpaq sahəsi 49 il müddətinə sahibkarlıq məqsədi ilə Gəncə "xxxx" MMC-nin icarəsinə verilmişdir. Torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinat xarakterlidir ki, həmin torpaq sahəsində əmlak kompleksi tikilmiş və hazırda fəaliyyət göstərir.Həmin torpaq sahəsində olan əmlak kompleksi isə ASC “Xalq” Bankın ipotekasındadır. İddiaçı xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 0,2 hektar torpaq sahəsinin ona aid olduğunu bildirsə də, lakin həmin müqavilə ilə kooperativ mağazasının satılması və həmin kooperativ mağazaya görə İddiaçı 900.000 manat alınması müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin: 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-817/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-817/2023
27.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver