Məhkəmə qərarları › İş №2(104)-819/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-819/2024

22.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-819/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: evdən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(021)-89/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X10 Xidmət mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1870, 1871, 1872, 1873 saylı alqı-satqı müqavilələri əsasında Bərdə rayonu Mollaisalar kəndindəki 0.1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən 47.2 kv.m fərdi yaşayış evi hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmışdır;

2. Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(021)-3180/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(104)- 737/2023 nömrəli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(021)- 3180/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2(102)- 3029/2023 nömrəli qərarı ilə də Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(104)-737/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayonu Mollaisalar kəndində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakı ilə bərabər çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızı ilə ailə həyatı qurmuş, nikahları xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, birgə yaşayış dövründə xx.xx.2006-cı il təvəllüdlü X6 adlı bir uşaqları doğulmuşdur. Qardaşı X1 (Hüseynova) Kəmalə Rafəddin qızı ilə ailə həyatı qurandan sonra onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Lakin, 2022-ci ildə onların ailə münasibətləri pozulmuş və ayrılmışlar. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları rəsmən pozulmuşdur. Hal-hazırda qardaşı Mənsur Bərdə rayonu Mollaisalar kəndində ata evində, onun sabiq arvadı, Cavabdeh isə onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Dəfələrlə Cavabdeh evindən əmlakını ilə birlikdə çıxmasını tələb etsə də, müsbət nəticə olmamışdır. Bununla da, evindən istifadə və sahiblik hüququ məhdudlaşdırılmışdır.

5. Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(021)-89/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) İddiaçı cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi; Cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızının əmlakı ilə birlikdə Bərdə rayonu Mollaisalar kəndində yerləşən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçıya məxsus deyildir. Həmin evi 2010-2012-ci illərdə həyat yoldaşı ilə birlikdə tikmiş, iddiaçı isə onun keçmiş həyat yoldaşı ilə boşanmamışdan on gün əvvəl evi sənədləşdirərək öz mülkiyyətinə keçirtmişdir. Ev iddiaçının adına saxta sənədlərlə sənədləşdirilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

10. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əri Mənxur Xıdırovlala nikahları pozulan ərəfədə mübahisə predmeti olan ev qanunsuz olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Halbuki, əri ilə birlikdə torpaq alıb həmin evi inşa etdirmişlər. Hətta evi onun doğma dayısı inşa etmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər, lakin iddiaçı tərəf şahidləri təhdid etdiyinə görə onlar məhkəmə iclasına gəlməkdən çəkinirlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, evin yerləşdiyi torpaq sahəsini Dilbər adlı xanımdan alıb mübahisə predmeti olan evi inşa etdirmişlər və 11 il həmin evdə yaşamışlar. Hazırda da həmin evdə yaşayır.

11. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2014-cü ildə mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsini almışdır. Evi də özü inşa etdirmişdir. Cavabdeh öz arqumentləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, Cavabdeh onun anası ilə yola getmədiyinə görə ayrı evə çıxmaq məcburiyyətində qalmışlar. Qardaşının kirayədə qalmağını istəmədiyindən sonuncunun ailəsi ilə birlikdə ona məxsus evdə yaşamasına icazə vermişdir. Komunal xəttlər çəkilən zaman Rusiya Federasiyasında olduğundan həmin müqvilələrin qardaşının adına rəsmiləşməsini özü ondan xahiş etmişdir. Evə dair alqı-satqı müqaviləsi 2022-ci ildə bağlanıb, maddi çətinlikləri olduğuna görə əmlakı alan zaman sənədləşmə apara bilməmişdir.

12. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qardaşı Mənsur Xıdırov elektrik ustasıdır. Sonuncu mübahisə predmeti olan evdən elektrik sexi kimi istifadə etmişdir. Özü ölkə hüdudlarından kənarda olduğundan evə çəkilmiş kommunal xətlərə dair müqvilələr qardaşı Mənsur Xıdırovun adına olmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikaytinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X10 Xidmət mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1870, 1871, 1872, 1873 saylı alqı-satqı müqavilələri əsasında Bərdə rayonu Mollaisalar kəndindəki 0.1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən 47.2 kv.m fərdi yaşayış evi hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasən İddiaçı adına qeydiyyata alınmışdır. Bununla yanaşı müəyyən olunur ki, Cavabdeh 2009-cu ildə iddiaçının qardaşı Mənsur Xıdırovla nikaha daxil olaraq ailə qurmuş və Bərdə rayonu Mollaisalar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Sonradan Cavabdeh ilə Mənxur Xıdırov arasındakı nikah pozulmuşdur. Cavabdeh hazırda da iddiaçıya məxsus mübahisə predmeti olan fərdi yaşayış evində yaşayır. Həmçinin müəyyən olunur ki, Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair keçmiş əri Mansur Xıdırova qarşı məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəməsi tərəfindən də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh qanunsuz olaraq ona məxsus fərdi yaşayış evində yaşadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

30. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququnun olmaması müəyyən edilmişdir.

31. Belə olan halda cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evində yaşayır ki, bu hal da iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır.

32. Mübahisəli fərdi yaşayış evinin əri ilə birgə onlar tərəfindən inşa edilmiş olması barədə cavabdeh tərəfin dəlilləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Çünki, cavabdeh bu arqumenti ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, iş materiallarındakı sənədlərlə mübahisəli fərdi yaşayış evinin X10 Xidmət mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1870, 1871, 1872 və 1873 saylı alqı-satqı müqavilələri əsasında İddiaçı xüsusi mülkiyyəti olaraq adına qeydə alınması öz təsdiqin tapır. Sözügedən fərdi yaşayış evinə dair iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və bu hüququn qeydə alınmasına əsas olan hüquqmüəyyənedici sənədlər hüquqi qüvvədədir.

33. Məhkəmə kollegiyası həmçinin cavabdehin mübahisəli evə dair kommunal xidmət müqavilələrinin keçmiş həyat yoldaşı M.Xıdırovun adına olması barədə arqumentinə hüquqi qiymət verərək qeyd edir ki, həmin müqavilələrin cavabdehin keçmiş həyat yoldaşının adına olması iddianın rədd edilməsi əsası kimi qəbul edilə bilməz. Ona görə ki, mübahisə predmeti olan ev onunla ailə hüquq münasibətlərində olmayan İddiaçı mülkiyyətindədir.

34. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

35. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(021)-89/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar