Məhkəmə qərarları › İş №2(104)-820/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-820/2024

18.04.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-820/2024 18.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 Aydin qızının iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(021)-416/2022 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Aydin qızının, Cavabdeh3 Aydin qızının, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinin ona satılmasına dair cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin 02 may 2001-ci il tarixində bağlanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-416/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh5 tərəfindən 30 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(021)-416/2022 saylı qərardadı ilə Cavabdeh5 tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən və prosesual müddətin bərpası barədə ərizə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh5 həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(021)-416/2022 saylı qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onlar uzun illərdir ki, Bərdə rayonundan Goranboy rayonuna köçmüşlər. Mübahisəli torpaq sahəsini iş üzrə üçüncü şəxs Maraqlı şəxs satdıqdan sonra Goranboyda yaşadıqlarından hazırki işə baxılmasından və iş üzrə qəbul olunmuş qətnamədən məlumatı olmamışdır. Qanunla müəyyən olunmuş müddətdə almadığı qətnamədən məlumat alan kimi apellyasiya şikayəti vermişdir. Məhkəmənin istinad etdiyi, qətnaməni almağı barədə iş materiallarında olan imza ona məxsus deyildir. Bunun üçün xətşünaslıq ekspertizasının təyin edilməsinə etirazı yoxdur. Bərdə Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(021)-416/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı, Cavabdeh2 Aydin qızına və Cavabdeh4 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı qaynı kimi göstərilmiş X3 məhkəmə kollegiyasına teleqram göndərərək, X1 ilə bağlı məhkəməyə gələ bilməyəcəyini, işə baxılıb ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh5 məhkəmə kollegiyasının iclasında göstərdi ki, o, Bərdə rayonunda yaşamadığı üçün hazırki işə baxılmasından və iş üzrə qəbul olunmuş qətnamədən məlumatı olmamışdır. Həmin qətnaməni rəsmi qaydada almamışdır. Məhkəmənin istinad etdiyi qətnaməni almağı barədə iş materiallarında olan imza ona məxsus deyildir. Bu səbəbdən qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də, müddətin buraxılmamış hesab edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Aydin qızı Cavabdeh5 şikayətini müdafiə edərək, apellyasiya şikayətinin icraata götürülməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(021)-416/2022 saylı qərardadı tam, onunla bağlı Bərdə Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(021)-416/2022 saylı qərardadı isə qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, Cavabdeh5 tərəfindən Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)- 416/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)- 416/2022 nömrəli qətnaməsinin surəti tərəflərə 29 mart 2022-ci il tarixli məktubla poçt vasitəsilə göndərilmiş, Cavabdeh5 çatması barədə məhkəməyə məlumat daxil olmamışdır. Lakin həmin qətnamədən Cavabdeh1 Aydin oğlu tərəfindən 18 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, Bərdə Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(021)-416/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətinin apellyasiya instansiyasinda baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla bağı tərəflərə məlumat göndərilmiş və Cavabdeh5 05 avqust 2023-cü il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişdir. Apellyasiya şikayəti bundan 03 ay 25 gün müddət keçdikdən sonra, 30 noyabr 2023-cü il tarixdə verilmişdir. Cavabdeh isə şikayətində məhkəmə qətnaməni almamasını, qanunla müəyyən olunmuş müddətdə almadığı qətnamədən məlumat alan kimi apellyasiya şikayəti verdiyini, qətnaməni almağı barədə iş materiallarında olan imzanın ona məxsus olmamasını, bunun üçün xətşünaslıq ekspertizasının təyin edilməsinə etirazının olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, iş materiallarında Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)- 416/2022 nömrəli qətnaməsinin surəti tərəflərə 29 mart 2022-ci il tarixli məktubla poçt vasitəsilə göndərilməsi barədə məlumat olsa da, həmin qətnamənin Cavabdeh5 təqdim edilməsi barədə iş materiallarında hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nin: 134.1. və 134.1.5.-ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi öz qərardadında göstərmişdir ki, qətnamədən Cavabdeh1 Aydin oğlu tərəfindən 18 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, Bərdə Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(021)-416/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətinin apellyasiya instansiyasinda baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla bağlı tərəflərə məlumat göndərilmiş və Cavabdeh5 05 avqust 2023-cü il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişdir. Apellyasiya şikayəti bundan 03 ay 25 gün müddət keçdikdən sonra, 30 noyabr 2023-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-416/2022 saylı qətnaməsindən Cavabdeh1 Aydin oğlu tərəfindən 18 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, Cavabdeh5 və digər cavabdehlərə işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi ilə bağlı məlumat göndərilmişdir. Lakin Cavabdeh5 05 avqust 2023-cü il tarixdə xəbərnaməyə imza etməsi məhkəmə qətnaməsinin qəbul edilməsi hesab edilə bilməz. Digər tərəfdən, həmin xəbərnamənin Cavabdeh5 tərəfindən imzalanması öz təsdiqini tapmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh5 tərəfindən Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(021)-416/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-416/2022 saylı qətnaməsi Cavabdeh5 rəsmi qaydada verilmədiyi üçün, onun tərəfindən apellyasiya şikayət vermə müddəti buraxılmamış hesab edilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(021)-416/2022 saylı qərardadı tam, onunla bağlı Bərdə Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(021)-416/2022 saylı qərardadı isə qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, Cavabdeh5 tərəfindən Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-416/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-285, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(021)-416/2022 saylı qərardadı tam, onunla bağlı Bərdə Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(021)- 416/2022 saylı qərardadı isə qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qərardad qəbul edilsin. Cavabdeh5 tərəfindən Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)- 416/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar