Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-841/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona və ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna dair JN 0031, KOD 61001018 nömrəli Dövlət Aktı əsasında məxsus olmaqla Bərdə rayonu Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılmasına və hazırkı iddia ərizəsinə baxılması ilə əlaqədar dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim E.Əhmədov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətindəolan Bərdə rayonu Alpoud kəndində 1,28 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini 2400 manata ona satmışdır. Torpaq sahəsini aldığı vaxtdan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Buna sübut kimi Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının hələ də onda olmasına gətirə bilər. Bundan başqa sözügedən torpaq sahəsi əvvəllər yararsız vəziyyətdə olmuş, o, xeyli xərc çəkərək öz vəsaiti hesabına torpağı münbit hala gətirmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, o, mübahisəli torpaq sahəsini iddiaçıdan 2014-cü ildə 6500 manat almışdır. Bərdə Rayon Məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətində həmin məbləğ düzgün yazılmamışdır. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Hazırda torpaq sahəsi onun istifadəsindədir. O, həmçinin bu iş üzrə məhkəmə qətnaməsindən sonra, iddiaçıya qarşı həmin torpaq sahəsinə görə verdiyi pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, mübahisəli torpaq sahəsini cavabdehə satmamış, 2400 manata 8 il müddətinə cavabdehin istifadəsinə vermişdir. Məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Torpağın Torpağa Mülkiyyət Hüququna dair JN 0031, KOD 61001018nömrəli Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı, X2 və X1 mülkiyyətinə Bərdə rayonu Alpoud kəndində 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, JN 0031, KOD 61001018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı, X2 və X1 mülkiyyətinə Bərdə rayonu Alpoud kəndində 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsini 2400 manat müqabilində iddiaçıdan satın aldığını, məhkəmə kollegiyasının iclasında isə həmin torpaq sahəsini 6500 manat müqabilində iddiaçıdan satın aldığını göstərsə də, bu barədə alğı-satqı müqaviləsini məhkəmə kollegiyasına təqdim etməmiş və müəyyən edildi ki, onlar arasında torpaq sahəsinin alqı-satqısına dair qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmamışdır. Digər tərəfdən, o, məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, bu iş üzrə məhkəmə qətnaməsindən sonra, iddiaçıya qarşı həmin torpaq sahəsinə görə verdiyi pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-841/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-841/2023
16.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver