Məhkəmə qərarları › İş №2(104)-85/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-85/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-85/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-1158/2020 saylı mülki iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmədə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh2, üçüncü şəxslər Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, Tərtər rayon bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan 0.06 hektar torpaq sahəsinin 0.0236 ha hissəinə dair verilmiş xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin onun mlkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 məhkəməyə iddianın predmetinin dəyişdirilməsi barədə ərizə verərək 214-cü ildən onun istifadəsində olan 0.06 ha torpaq sahəsinin 0.0236 ha hissəsinə dair verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, RX seriyalı ******* çıxarışın və həmin çıxarışın verilməsi üçün əsas olmuş bütün sənədlərin ləğv edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1158/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia tələbi təmin edilməmişdir. İddiaçı1 qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar ayndınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnaməsində göstərdiyi hallar işin nəticələrinə uyğun olmamış, habelə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-2286/2020 saylı mülki iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1158/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)-4059/2021 saylı iş üzrə 29 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-2286/2020 saylı mülki iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1158/2020 saylı mülki iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə baxan Ali Məhkəmə öz qərarında göstərmişdir ki, iddiaçının əsas tələbi inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi barəsində olduğundan, həmin çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın inzibati orqanın aktı, yoxsa mülki hüquqi əqd əsasında aparılması işin məhkəmə aidiyyəti baxımından mühüm əhəmiyyət kəsb edir. Belə olan halda daşınmaz əmlakın dövlət reyestrindən cavabdehə verilmiş çıxarış üzrə qeydiyyatın bələdiyyə orqanının qərarı, yoxsa mülki hüquqi əqd əsasında aparılması araşdırılmalıdır. Araşdırma nəticəsində qeydiyyatın inzibati akt əsasında aparıldığı aşkar edilərsə, bu hal mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya göstərir ki, Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. Həmçinin Azərbaycan Respublikasının İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qədul edilməsi ilə bağlı müvafiq öhdəliyini qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaya mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalıdır. Kollegiya göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndində qeyd olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Ona görə də hazırkı iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinin mətninə görə apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə və ya qismən ləğv edib, bu Məcəllənin 261.0.1-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268, 369, 402-405-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1158/2020 saylı mülki iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. Hazırki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar