Məhkəmə qərarları › İş №2(104)-855/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-855/2024

10.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-855/2024 10.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: işə bərpa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X6 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X4 və cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X3 cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum edilmiş müddət üçün bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(042)-856/2023 nömrəli qətnaməsindən cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 08 fevral 2023-cü il tarixli 12 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və “e” bəndləri ilə tutduğu vəzifədən azad edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X4 cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 08 fevral 2023-cü il tarixli 12 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında kombinatın zibil yükləyən fəhləsi vəzifəsinə bərpa olunması və 08 fevral 2023-cü il tarixdən işə bərpa olunan vaxtadək macburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 mart 2020-ci il tarixdə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında zibil yükləyən fəhlə işinə qəbul olunması barədə onunla əmək müqaviləsi bağlanmışdır. Həmin müəssisənin rəisi vəzifəsini müvəqqəti icra edən Elşad Quliyevin 08 fevral 2023-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 31 iyul 2023-cü il tarixli 39 nömrəli arayışına əsasən 10 aprel 2023-cü il tarixli 12 nömrəli əmrlə əmək müqaviləsinə xitam verildiyi qeyd olunsada, faktiki olaraq 08 fevral 2023-cü il tarixdə işdən azad edilmiş və həmin vaxtdan ona əmək haqqı ödənilməmişdir. Halbu ki, əmək müqaviləsi üzrə vəzifələrini daima yerinə yetirmiş və pozuntulara yol verməmişdir. Belə olan halda Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 08 fevral 2023-cü il tarixli, 12 nomrəli əmri əsasında onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və “e” bəndləri ilə işdən azad edilməsi qanunsuz olmuşdur. İşdən azad edilmə barədə əmrdə hansı əmək pozuntusunu törətdiyini görə işdən azad edilməsi işəgötürən tərəfindən qeyd edilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və “e” bəndləri ilə işdan azad olunması həmin Məcəllənin 76-cı maddəsinin tələblərinə ziddir. Ona görədə məcburi iş buraxma günləri üçün Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 hissəsinə əsasən işəgötürəndən əmək haqqını tələb etmək hüququ yaranmış olur. Məhkəmədə iddia qaldırmamışdan əvvəl Medasiya Şurasına müraciət etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamış və buna dair 22 iyul 2023-cü il tarixli arayış verilmişdir.

4. Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(042)- 856/2023 nömrəli qətnaməsi ilə (hakim F.Mirzaquliyev) iddia tələbi təmin edilərək, Gədəbəy Rayon KMK-nın İddiaçı işdən azad edilməsi və onunla əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ləğv edilməsi; 08 fevral 2023-cü il tariхdən işə bərpa olunan günədək məcburi iş buraхmağa görə əmək haqqı hеsablanaraq, Gədəbəy Rayon KMK tərəfindən İddiaçı ödənilməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 44, 68, 70, 71, 72, 76.1, 76.2, 287, 292, 296, 300 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 185.6, 217.4, 216-220, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı xx xxxxxx 1949-cu il təvəllüdlü olmaqla 74 yaşı var. X4 çalışmanın son yaş həddinə çatdığına görə işə bərpa olunması qeyri mümkündür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən çıxarılması barədə əmr 08 fevral 2023-cü il tarixdə verilsədə, əmək müqaviləsi sistemdə aktiv olduğuna görə 10 aprel 2023-cü il tarixdə aktivliyi ləğv etmək üçün özü sistemə bildiriş yerləşdirmişdir. Əmr 70-ci maddənin “ç” və “e” bəndləri ilə verilsədə lakin, iddiaçının 74 yaşı var, belə olan halda onun işə bərpa olunması istisna olunur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə iki əsasla xitam verilməsi əməq qanunvericiliyinə ziddir. X2 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, işin 39-cu vərəqində olan 10 aprel 2023-cü il tarixli 12 nömrəli əmr (sistemə yerləşdirilmiş) əmr imzalanmadığından hüquqi qüvvəsi yoxdur. İddiaçı X4 ilə bağlanmış əmək müqaviləsinə 70-ci maddənin “ç” və “e” bəndi, yəni iki əsasla xitam verilib. Halbu ki, əmək qanunvericiliyində işçinin iki əsasla işdən çıxarılmasına yol verilmir. Ona görə də 08 fevral 2023-cü il tarixli əmr qanuni və əsaslı hesab oluna bilməz.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

12. Maddə 70 Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; [117] e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

13. Maddə 71

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

14. Maddə 76

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

15. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

16. Maddə 292

1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

3. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir.

17. Maddə 296

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

18. Maddə 300

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı X1 rayon Kommunal Müəssisələri Kombinatında zibil yükləyən fəhlə vəzifəsində işləmiş və həmin müəssənin rəis əvəzi Elşad Quliyevin 08 fevral 2023-cü il tarixli 12 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və “e” bəndləri ilə tutduğu vəzifədən azad edilmişdir. Ona görə də X4 hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

29. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması, iddiaçınin 74 yaşı olduğuna və çalışmanın son yaş həddinə çatdığından işə bərpa olunması qeyri mümkündür” dəlilini əsassız sayır və hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Çünki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

30. Belə ki, yuxarıda da qeyd olunduğu kimi X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və “e” bəndləri ilə tutduğu vəzifədən azad edilmişdir. Halbu ki, əmək müqaviləsinə Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. İşə götürən isə əmək qanunvericiliyinin tələblərini pozaraq işçini iki əsasla işdən azad etmişdir. Ona görə də kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(042)-856/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar