Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-86/2023 19.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: həyətyanı torpaq sahəsindən çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə (sonuncu prosesdə iştirak etmir), Tərtər Rayon Məhkəməsinin 2(061)-42/2019 saylı mülki iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan «Torpağın Mülkiyyətə verilməsinə dair» JN 083A saylı, kod nömrəsi 61111005 olan şəhadətnamənin surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1999-cu il tarixli, 14 saylı qərarı ilə İddiaçı, X4, X5 və X3 mülkiyyətinə yaşadıqları kənddə 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun qanunsuz istifadə etdiyi 0,014 hektar həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Tərtər Rayon Məhkəməsinin 2(061)-42/2019 saylı mülki iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh xx xxx 1968-ci il təvəllüdlü, Cavabdeh, Tərtər rayon X2 03 noyabr 1999-cu il tarixli, 13 saylı qərarı ilə yaşadıqları Tərtər rayonu, Yenikənd kəndində iddiaçı xx xxxxx 1947-ci il təvəllüdlü İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,0045 hektar hissəsindən çıxarılması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)- 42/2019 saylı mülki iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qəbul edilmiş məhkəmə qətnaməsi onun mülkiyyət hüquqlarının pozulmasına yönəlməklə reallığı əks etdirmir. Hesab edilir ki, məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. İşin faktiki hallarına birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 25 dekabr 2018-ci il tarixli saxta rəyinə istinad etmişdir. Həmin rəydə göstərilmişdir ki, guya iddiaçı və cavabdehlərin iştirakı ilə sözügedən əraziyə naturada baxış keçirilməklə torpağın şəhadətnamə üzrə koordinatları vurulmuş və müəyyən edilmişdir ki, onun tərəfindən İddiaçı 0.0045 ha yeri zəbt edilmişdir. Halbuki o, həmin baxışda iştirak etməmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli 2(104)-608/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Tərtər Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(076)-2570/2019 saylı qətnaməsinin iddianın qismən təmin edildiyi hissədə, yəni cavabdeh xx xxx 1968-ci il təvəllüdlü, Cavabdeh Tərtər rayon X2 03 noyabr 1999-cu il tarixli, 13 saylı qərarı ilə yaşadıqları Tərtər rayonu, Yenikənd kəndində iddiaçı xx xxxxx 1947-ci il təvəllüdlü İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,0045 hektar hissəsindən çıxarılmasının təmin edildiyi hissədə ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, həmin hissədə də iddia tələbi təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pulun iddiaçı və cavabdehdən müştərək qaydada alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, m/h Az41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab№ AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir.
7. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli 2(104)-608/2020 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə gəndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli 2(102)-4565/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-608/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi.
11. İş üzrə Cavabdeh məhkəməyə gəlməmişdir. Cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılmış, o, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olduğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, ekspertizanın keçirilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün ödəniş etməkdən imtina edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
12. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
15. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
17. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
18. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edilmişdir ki, həm xx.xx.2020-ci il tarixli, həm də xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi eyni şəxslər tərəfindən verilmişdir. Bu halın göstərilməsi həmçinin ona görə əhəmiyyət kəsb edir ki, iddianın rədd edilməsinə əsas olan xx.xx.2020-ci il tarixli ekspert rəyi xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinin əsasında verilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssislər iddiaçının torpaq sahəsinin naturada koordinatlarını yoxlamışlar və bu zaman iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada koordinatlar üzrə yerində olmaması müəyyən edilməmiş, eyni zamanda həmin sahənin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi eyni şəxslər tərəfindən bir-birinə zidd olan iki müxtəlif rəylərin verilməsinin əsaslarını araşdırmalı olduğu halda, bu hala hüquqi qiymət verməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad etməklə iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada üst-üstə düşmədiyi nəticəsinə gələrək iddianı rədd edərkən nəzərə almamışdır ki, iddiaçı 0.10 ha torpaq sahəsinin deyil, həmin sahənin 0.014 ha hissəsinin zəbt edildiyini göstərməklə cavabdehin həmin sahədən çıxarılmasını tələb edir. Belə olan vəziyyətdə isə işə baxan məhkəmənin araşdırma predmeti məhz iddiaçının göstərdiyi 0.014 ha torpaq sahəsinin koordinatlar üzrə naturada sonuncunun mülkiyyətində olub-olmamasını müəyyən etməkdən ibarət olmalı idi. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
30. Məhkəmə kollegiyası Ali Məhkəmənin götərişinə uyğun olaraq hazırki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, lakin, ekspertin vəsatəti təmin edilmədiyindən iş üzrə rəy verilməsi mümkün olmamışdır. Bundan sonra təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Cavabdeh mütəxəssis rəyinin verilməsi üçün dövlət rüsumunun ödənilməsi izah edilmişdir. Dəfələrlə məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən ödəniş olunmamış və sonda cavabdeh həmin rüsumu ödəməkdən imtina etdiyini bildirmişdir. Bundan sonra məhkəmə kollegiyası tərəfindən icraat təzələnərək, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
32. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.
33. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
34. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək, istifadə edilir.
35. Bu qənaətə gələrkən məhkəmə kollegiyası göstəriri ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazılarıilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinin tələblərinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
37. Göründüyü kimi, cavabdeh apellyator Cavabdeh ekspertizanın keçirilməsi üçün müəyyən edilmiş dövlət rüsumunu ödəməkdən imtina etdiyindən təkrar ekspert rəyinin alınması mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası işin hallarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinin müəyyən etdiyi qaydalara əsasən belə qərara gəlmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunaraq istifadə edilməsi fakt kimi təsdiq olunur və irəli sürülən iddianı qismən təmin etməkdə birinci insansiya məhkəməsi haqlı olmuşdur.
38. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
39. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd olunmasına əsas vermir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-42/2019 saylı mülki iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.